Onlayn ictimai-siyasi qəzet
Deməyin ki, bu, da Stalini tərif edir. Belə fikrim yoxdur. Amma olmuş hər şeyin üstündən xəttə çəkmək də olmur. Deyəcəyim bu hadisə də elə həqiqətən olubmuş. Qərəz, Stalinin kiçik oğlu Vasili hərbi təyyarəçilik məktəbinə qəbul olunubmuş. Məktəbin rəisi xəbər tutanda ki, rəhbərin oğlu burada oxyur, onu kazarmadan çıxarıb evində yerləşdirir. Stalin də bundan xəbər tutur, göstəriş verir ki, oğlu Vasilini digər kursantların yanına qaytarsınlar. Belə də edilir. Bəli, “xalqlar atası” tək xalqlara yox, öz ailəsinə, uşaqlarına qarşı da çox sərtmiş. Düzdür, deyə bilərsiniz ki, bəs həmin Vasili cəbhəyə yollananda Stalin onu birdən-birə polkovnik edir. Nə demək olar? Bəli, bu, da olub, necə də deyərlər, bu da olubdu, o da, nə bunu unuduruq, nə də o birini...
Bəs niyə xatırladım bunu? İnanın ki, hicab məsələsilə bağlı yadıma düşdü, çünki məktəblilər, hətta bəzi ali məktəblərin tələbələri (hərbi, polis və s.) əvvəldən vahid formaya və münasibətə alışsalar bunun onlar üçün yalnız xeyiri ola bilər.
Belə baxanda hicab da vahid forma kimi bir şeydir. Amma zahirən belədir. Hicab məsələsinin o biri üzü də var. Belə təsəvvür yaranır ki, hicab taxan, dini paltar geyən, dini ayinləri icra edən qızlar daha həyalı və əxlaqlıdırlar. Mənim bunun əksini iddia etmək fikrim yoxdur. Əstəğfürüllah! Amma digər qızlarımızı da düşünmək lazımdı: onlar belə deyillərmi? Onları durub “açıq-saçıq” geyindiklərinə görə qınamalıyıq? Niyə görə?
Axı bu başda nə var ki, adam onu örtməklə dərhal əxlaqlı sayılır? Əxlaqlı olmaq bu qədər asandırmı? Hicab tax, başını ört, vəssalam! Bir daha deyirəm ki, mən nə bu tərəfin, nə də o tərəfin üstünə kölgə salmıram, onların hamısı bizim balalarımızdırlar. Amma artıq dünyada belə təcrübə var: bu gün hicab, sabah pərəncə, sonra da deyəcəklər ki, qadınlara, qızalara nəinki təhsil, heç çölə-bayıra çıxmaq lazım deyil!
Bugünlərdə internetdə bir şəklə rast gəldim. Əfqanlardan-talibanlardan idi. Düzdür, əvvəl bir etiraf edim. İnternetdə olan hər şeyə də inanmaq olmur: bəlkə montaj, kollajdır, süni intellektlə çəkiblər? Qərəz, şəkildə ayıya oxşayan bir kişinin əlində tutduğu ipin digər ucu qadının ayağına bağlanmışdı! İnsanlar adətən itlə, pişiklə çölə çıxanda belə edir, onlara ip bağlayırlar ki, uzağa getməsinlər.
Həm də bəzən demokratiya əleyhdarları çox ustalıqla özlərinin anti-demokratik niyyətləri üçün demokratiyadan da yararlanırlar: bəli, guya ki, başı örtmək də bir azadlıqdır. Onlar nə qədər ki, azdırlar belə deyirlər, elə ki, çoxalır, söz sahibi olurlar başlayırlar başqa şeylər tələb etməyə, taliban kimi gündə bir hoqqa çıxartmağa, bunun da ardınca əxlaq polisi yaratmağa...
Qadınlara seçki hüququ vermək, onları da kişilərlə hüquqca bərabər etmək bəşəriyyətin ən böyük addımlarındandır. Amma təəssüf ki, “zəif cins” bəzən özü yüz illər ərzində onlara verilən bu imtiyazlardan imtina edirlər. Özü də bunu daha çox müsəlman qadınları edir. Baxırsan, qap-qara paltara bürünüb, yalnız iki göz görür. Başa düşmək olmur, bu cür geyən qızlarımız kimdən, nədən gizlənirlər? Belə bir problem varsa, qoy, desinlər və cəmiyyət də bu problemə bir əncam çəksin. Yoxsa belə olmaz axı. Bir az çeynənmiş fikir olsa da lap E.Frommun “Azadlıqdan qaçış” sindromunu xatırladır bu.
Odur, bir vətəndaş kimi fikrimiz budur ki, məktəbə heç kimə hicabla gəlməyə icazə verilməsin. Vahid forma da yaxşı məsələdir. Yoxsa biri bahalı şey geyir, digəri ucuz, biri qızıl taxır, digərinin yoxudur, birinin ən bahalı telefonu olur, digəri isə heç ucuzunu tapa bilmir – bütün bunlar uşaqlarda psixoloji travma yaradır. Özü də tək uşaqlardamı? Soveti görən insanlar “İstintaq” filmini xatırlayar. Yadınızdamı başqasının təqsiri ucbatından məhbəsə düşən gənc ata nə deyir: “uşaq soruşur ki, bəs bizim niyə maşınımız yoxdur?”. Bunu eşidən ata da başlayır bütün yollar, vasitələrlə maşın almağın yollarını axtarmağa və bir də gördün buna görə gedib düşdü əyri bir yola, sonda da maşın da getdi, adi dəftər – kitab da, maşın sevdasıyla yaşayan uşaq maşını da itiridi, atasını da, hətta dəftər – kitabı da...
Həm də, dostlar, əxlaq yalnız qadın üçün deyil. Baş örtmək – filan da bir gün dönüb olur ADƏT, ƏXLAQ isə daha dərin məsələdir...
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ