İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağ ermənilərinə gözlənilməz cavab – İrəvandan uzaqda ev axtarın

Qarabağdan Ermənistana köçmüş ermənilərin dövlət proqramı çərçivəsində mənzil əldə etməsi getdikcə çətinləşir.

Musavat.com xəbər verir ki, daşınmaz əmlakın qiymətlərinin davamlı artması mənzil sertifikatlarından istifadə imkanlarını ciddi şəkildə məhdudlaşdırıb.

Bu barədə Qarabağdan köçmüş ermənilərdən biri, vəkil David Hovhannisyan Ermənistan parlamentində deputatlar və hökumət üzvləri ilə keçirilən görüşdə bildirib.

Onun sözlərinə görə, son iki ildə Ermənistanda mənzil qiymətləri 23 faiz artıb. Lakin Qarabağdan köçən ermənilər üçün nəzərdə tutulmuş mənzil sertifikatlarının məbləği dəyişməz qalıb.

Vəkil qeyd edib ki, qiymət artımı sertifikatlar vasitəsilə mənzil almaq imkanlarını daha da məhdudlaşdırır və bir çox ailə bu proqramdan yararlana bilmir.

Hovhannisyan problemin həlli üçün mənzil sertifikatlarının dəyərinin daşınmaz əmlak bazarındakı qiymət artımına uyğun indeksləşdirilməsini təklif edib.

Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyan da mənzil qiymətlərinin yüksəldiyini etiraf edib və problemin həlli üçün müəyyən addımların atılmasının vacibliyini bildirib.

Bununla belə, nazir sertifikatların məbləğinin indeksləşdirilməsinin inflyasiya riskləri yarada biləcəyini vurğulayıb.

Torosyan Qarabağdan köçmüş erməniləri İrəvandan daha uzaq yaşayış məntəqələrində mənzil almaq imkanlarını nəzərdən keçirməyə çağırıb.

Nazirin sözlərinə görə, paytaxta yaxın şəhərlərdə tələbatın kəskin artması səbəbindən mənzil tapmaq xeyli çətinləşib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR