Onlayn ictimai-siyasi qəzet
Bakıda Beynəlxalq İnkişafa Yardım Agentliyinin təsis edilməsinin 15-ci ildönümünə həsr olunmuş “Humanitar dəstək və inkişaf üçün əməkdaşlıq vasitəsilə qlobal həmrəyliyin təşviqi” mövzusunda konfrans keçirilir.
Musavat.com xəbər verir ki, konfransda nazirlər, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri, diplomatlar, millət vəkilləri və başqaları iştirak edirlər.
Konfransı giriş sözü ilə açan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, ötən illər ərzində Azərbaycanın universitetlərində Asiya, Afrika və Latın Amerikasından minlərlə tələbə təhsil alıb:

“Bu ənənə Heydər Əliyev Beynəlxalq Təhsil Qrantı Proqramı, İslam Əməkdaşlıq Təşkilatına (İƏT) və Qoşulmama Hərəkatına üzv ölkələrdən olan tələbələr üçün proqramlar, eləcə də xarici diplomatlar üçün təlim proqramları vasitəsilə davam etdirilir.
Ümumilikdə 120-dən çox ölkədən olan tələbələr Azərbaycanda təhsil alıb və təhsil almaqdadır. Azərbaycanın donor ölkə kimi rolu xüsusilə əhəmiyyətlidir, çünki bu proses ərazilərimizin işğal altında bir dövrdə baş verib", nazir vurğulayıb. Elm və təhsil naziri Emin Əmrullayev isə çıxışında qeyd edib ki, Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı Proqramı 500 əcnəbi tələbəyə 5 il ərzində Azərbaycanda ali təhsil almaq imkanı verir: “Proqramın icrasına başlanan il, yəni 2023-cü ildə qrantlar 35 ölkədən 100 tələbəyə verilib. Növbəti ildə proqramın coğrafiyası 51 dövlətə qədər genişlənib”, - deyə nazir bildirib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri (ASAN Xidmət) Ülvi Mehdiyev də çıxış edərək ASAN xidmət modelinin 40-dan çox ölkə ilə paylaşıldığını diqqətə çatdırıb:

“Dünyada 600-dən çox mərkəz 800 milyondan çox insana ASAN prinsipləri əsasında xidmət göstərir. ASAN sisteminin yaradılması və uğurla tətbiqi Azərbaycanın inkişaf göstəricilərindən biridir. Bu təcrübənin bölüşülməsi isə Azərbaycanın dost və tərəfdaş dövlətlərlə əlaqələrini daha da dərinləşdirdiyini və beynəlxalq inkişafa töhfə verdiyini göstərir. Azərbaycan beynəlxalq inkişaf əməkdaşlığına töhfə verməyə davam edir”.
Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) sədri Abdullah Eren isə öz növbəsində Azərbaycanın COP29 sədrliyi dövründə inkişaf etməkdə olan ölkələri qlobal gündəliyin mərkəzinə gətirdiyini və iqlim maliyyələşdirilməsi üzrə yeni qlobal məqsədin müəyyənləşdirilməsinə mühüm töhfə verdiyini deyib.
O, COP31-ə ev sahibliyi edəcək Türkiyənin Azərbaycanın təcrübəsini davam etdirəcəyini bildirib:

“Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi və TİKA arasında imzalanan Anlaşma Memorandumu Azərbaycanın və Türkiyənin inkişaf əməkdaşlığı sahəsində uzunmüddətli tərəfdaşlığının institusional əsaslarını daha da gücləndirir”, deyə A.Eren əlavə edib.
BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin rəhbəri Dima Əl Xatib isə konfransa video müraciət ünvanlayıb.
Çıxışlardan sonra qrant proqramı vasitəsilə təhsil alan tələbələrin mükafatlandırma mərasimi keçirilib.
Daha sonra AİDA ilə TİKA arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumu Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və TİKA rəhbəri Abdullah Eren imzalayıblar.
Nigar Həsənli
Musavat.com
10 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ