İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın dəniz sərhədlərini möhkəmlətmək strategiyası

Hərbi ekspert deyir ki, bu layihənin ən böyük üstünlüyü məhz istehsalın ölkə daxilində olacağıdır

Azərbaycan Xəzər dənizində təhlükəsizlik imkanlarını gücləndirmək və dəniz sərhədlərinin mühafizəsində yeni texnologiyalardan istifadəni genişləndirmək istiqamətində mühüm addımlar atır.

Bəllidir ki, ötən həftəsonu Prezident İlham Əliyev Azərbaycan-Türkiyə birgə istehsal müəssisəsində olub, burada istehsal olunan SALVO silahlı və KAYRA kamikadze insansız dəniz vasitələri ilə tanış olub və onların praktiki sınaqlarını izləyib.

Sözügedən müəssisə Azərbaycan Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən MIRAS Hərbi-Sənaye Şirkəti ilə Türkiyənin DEARSAN Gəmiqayırma Zavodunun birgə layihəsidir.

“Defence Blog” xəbər verir ki, bu əməkdaşlıq Azərbaycanın dəniz təhlükəsizliyi siyasətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Çünki söhbət yalnız xaricdən hazır silah sistemlərinin alınmasından deyil, onların Azərbaycanda Türkiyə ilə birgə istehsalından gedir. (Ordu.az)

SALVO yüksək sürətli, silahlı insansız dəniz vasitəsidir. Təxminən 15 metr uzunluğunda olan platforma 60 düyünədək sürət yığa və 555 kilometrədək məsafədə fəaliyyət göstərə bilir. Platformanın raket və pulemyotla silahlandırılması onun həm kəşfiyyat, həm də döyüş və sahil mühafizəsi tapşırıqlarında istifadəsinə imkan yaradır.

KAYRA isə daha kiçik ölçülü insansız dəniz vasitəsidir. Onun əsas xüsusiyyəti bir istiqamətli hücum üçün nəzərdə tutulmasıdır. Bu platformanın döyüş başlığı ilə təchiz edilərək müxtəlif dəniz hədəflərinə qarşı istifadə olunması nəzərdə tutulur.

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) artıq SALVO platformasından istifadə etdiyi də məlumdur. Platforma 2025-ci ilin avqustunda Xəzərdə keçirilən real atəş təlimləri zamanı nümayiş etdirilib.

Yeni sistemlərin Azərbaycanda istehsalının qurulması isə daha geniş strategiyanın tərkib hissəsi kimi diqqət çəkir. Bakı son illərdə müdafiə sənayesinin lokallaşdırılması, pilotsuz sistemlərin inkişaf etdirilməsi və Türkiyə ilə hərbi-texniki əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirir.

Bu baxımdan insansız dəniz platformaları Azərbaycanın Xəzərdəki təhlükəsizlik konsepsiyasında xüsusi rol oynaya bilər. Belə sistemlər insan itkisi riskini azaltmaqla yanaşı, dəniz sərhədlərinin müşahidəsi, kəşfiyyat, patrul, sahil obyektlərinin qorunması və mümkün təhdidlərə operativ reaksiya imkanlarını artırır.

Azərbaycanın özünün də daha əvvəl “Kalan” və “Suqovuşan” kimi insansız dəniz vasitələrini nümayiş etdirməsi ölkənin bu istiqamətdə ayrıca texnoloji baza formalaşdırmağa çalışdığını göstərir.

Nəticə etibarilə, Türkiyə ilə birgə SALVO və KAYRA istehsalı Azərbaycanın Xəzərdə yalnız mövcud hərbi-dəniz imkanlarını artırmaq deyil, dəniz sərhədlərinin mühafizəsini pilotsuz texnologiyalar, yerli istehsal və yüksək texnologiyalar üzərində qurmaq strategiyasının mühüm elementlərindən biri kimi görünür.

İnsansız dəniz vasitələrinin Azərbaycanda istehsalına başlanılması Xəzərdə Azərbaycanın dəniz sərhədlərinin mühafizəsi və mümkün təhlükələrə qarşı müdafiə imkanlarını nə dərəcədə dəyişə bilər?

Medianın üz qaraldan “sarı”lığı | Polkovnik Rövşən Məhərrəmovun yazısı

Rövşən Məhərrəmov

Hərbi ekspert Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, bu istiqamət Azərbaycanın Xəzərdə təhlükəsizlik imkanlarının keyfiyyətcə yeni mərhələyə keçməsinə səbəb ola bilər. Xüsusilə söhbət yalnız xaricdən hazır sistemlərin alınmasından deyil, onların Azərbaycanda istehsalından gedirsə, bunun strateji əhəmiyyəti daha böyükdür: “Birincisi, dəniz sərhədlərinin fasiləsiz müşahidəsi imkanları genişlənə bilər. İnsansız vasitələr insan heyəti daşıyan patrul gəmilərindən daha uzun müddət müəyyən ərazilərdə müşahidə apara, kəşfiyyat və patrul tapşırıqlarında istifadə oluna bilər. Bu, xüsusilə sərhəd pozuntuları, qaçaqmalçılıq və digər qeyri-ənənəvi təhlükələrin aşkarlanmasında əhəmiyyətlidir. SALVO-nun rəsmi təqdim olunan missiyaları arasında sahil mühafizəsi, kəşfiyyat-müşahidə, qaçaqmalçılığa qarşı mübarizə və sərhəd patrulu da göstərilir.

İkincisi, insan heyətinin riskə məruz qalması azalır. Təhlükəli əraziyə ilk göndərilən vasitənin ekipajsız olması həm hərbi, həm də sərhəd təhlükəsizliyi baxımından ciddi üstünlükdür. Beləliklə, potensial təhlükənin qiymətləndirilməsi və ona reaksiya insan heyətini birbaşa riskə atmadan həyata keçirilə bilər.

Üçüncüsü, Xəzərin daha geniş ərazisinin nəzarətdə saxlanılması mümkün olur. Ənənəvi patrul gəmilərinin sayını artırmaq böyük maliyyə və şəxsi heyət resursları tələb edir. İnsansız vasitələrin üstünlüyü isə onların daha kiçik ölçülü, çevik və müxtəlif missiyalara uyğunlaşdırıla bilməsidir. Bir neçə belə platformanın vahid idarəetmə və müşahidə sistemi ilə əlaqələndirilməsi dənizdə “sensor şəbəkəsi” formalaşdırmağa imkan verə bilər.

Dördüncüsü, müdafiə və çəkindirmə imkanları artır. Burada xüsusilə KAYRA kimi zərbə təyinatlı vasitələrin əhəmiyyəti ortaya çıxır. Lakin onların real dəyəri təkcə silahlanmasında deyil, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin ümumi müşahidə, kəşfiyyat, rabitə və idarəetmə sistemləri ilə inteqrasiyasında olacaq. KAYRA-nın təqdim olunan xüsusiyyətlərinə görə səthi hədəflərə qarşı istifadə və strateji dəniz ərazilərində girişin məhdudlaşdırılması kimi missiyalar nəzərdə tutulur".

Ekspert qeyd edib ki, bu layihənin Azərbaycan üçün ən böyük strateji üstünlüklərindən biri məhz istehsal imkanının ölkə daxilində formalaşdırılmasıdır: “Bu, gələcəkdə vasitələrin sayının artırılmasını, onların Azərbaycan Xəzərinin xüsusiyyətlərinə uyğunlaşdırılmasını və texniki xidmətin daha operativ təşkilini asanlaşdıra bilər.

Digər tərəfdən, Azərbaycan artıq gəmiqayırma sahəsində müəyyən sənaye bazasına malikdir. “Baku Shipyard”da Xəzərdə istifadə üçün müxtəlif təyinatlı gəmilərin inşası davam edir. Bu baxımdan insansız dəniz vasitələrinin istehsalı ayrıca bir layihədən daha çox Azərbaycanın dəniz sənayesinin hərbiləşdirilmiş texnoloji komponentinin inkişafı kimi qiymətləndirilə bilər".

R.Məhərrəmov onu da deyib ki, insansız dəniz vasitələri ənənəvi Hərbi Dəniz Qüvvələrini əvəz etmir. Onların effektivliyi radarlar, sahil müşahidə sistemləri, peyk və hava kəşfiyyatı, pilotsuz uçuş aparatları, rabitə və komanda-idarəetmə sistemləri ilə nə dərəcədə inteqrasiya olunmasından asılı olacaq: “Yəni gələcəyin modeli sadəcə "dron qayıqlarının Xəzərə buraxılması" deyil. Daha real perspektiv vahid rəqəmsal dəniz müşahidə və müdafiə şəbəkəsinin yaradılmasıdır. Belə bir şəbəkənin fəaliyyət göstərməsi nəticəsində sahildəki radar hədəfi aşkarlayır, digər sensorlar məlumatı dəqiqləşdirir, pilotsuz hava və dəniz vasitələri ərazini izləyir, komanda mərkəzi isə əldə olunan məlumatları birləşdirir. Bu baxımdan, Azərbaycanda SALVO və KAYRA-nın istehsalına başlanılması Xəzərdə təhlükəsizlik fəlsəfəsini tədricən “gəmi ilə patrul” modelindən “şəbəkə əsaslı, çoxqatlı və insansız müşahidə-müdafiə” modelinə dəyişə biləcək addımlardan biridir".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR