İnsanlara hürriyət, millətlərə istiqlal!

600+bal toplayanların BDU seçimi şok etdi

Hüquqşünaslıq ixtisası sovet dövründəki kimi yenə dəbdədir - səbəb

2026/2027-ci tədris ili üzrə Bakı Dövlət Universitetinə (BDU) 600-dən yuxarı balla qəbul olunan abituriyentlərin ixtisas seçimi diqqət çəkən mənzərə ortaya qoyub.

Bu il ümumilikdə 600-dən yüksək bal toplayan 504 abituriyent BDU-nu seçib. Onların böyük əksəriyyətinin üstünlük verdiyi ixtisas isə hüquqşünaslıq olub.

Belə ki, yüksəkballı abituriyentlərdən 396 nəfəri hüquqşünaslıq ixtisasına qəbul olunub. Başqa sözlə, BDU-da 600-dən yuxarı balla qəbul olunanların təxminən 80 faizi hüquqşünaslığı seçib.

Digər ixtisaslar üzrə göstəricilər isə belədir: 28 nəfər biotexnologiya, 20 nəfər dövlət və ictimai münasibətlər, 19 nəfər riyaziyyat müəllimliyi, 15 nəfər Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasına üstünlük verib.

Sonrakı yerlərdə psixologiya - 14, riyaziyyat - 4, kompüter elmləri - 2, kimya müəllimliyi - 2 nəfərlə qərarlaşıb. Biologiya müəllimliyi, biologiya, beynəlxalq münasibətlər və təhsildə sosial-psixoloji xidmət ixtisaslarının hər birini isə cəmi 1 yüksəkballı abituriyent seçib.

Hüquq niyə yenə “favorit”dir?

Rəqəmlər ilk baxışdan maraqlı sual doğurur: niyə 600-dən yuxarı bal toplayan hər beş abituriyentdən təxminən dördü BDU-da hüquqşünaslığı seçib?

Məsələ yalnız bir ixtisasın populyarlığı ilə bağlı deyil. Azərbaycanda hüquqşünaslıq uzun illərdir prestijli və gələcəyi təmin edən peşələr sırasında qəbul olunur. Ailələr yüksək bal toplayan övladlarının nüfuzlu, gəlirli və sabit karyera imkanı yaradan peşəyə sahib olmasını istəyirlər. Hüquq isə bu baxımdan ənənəvi seçimlərdən biridir.

Bu mənzərə müəyyən mənada sovet dövründən formalaşan yanaşmanı da xatırladır. Həmin dövrdə hüquq fakültəsinə qəbul olmaq yüksək intellekt və sosial status göstəricilərindən biri kimi qəbul edilirdi. Aradan onilliklər keçməsinə baxmayaraq, hüquq peşəsinin cəmiyyətdəki nüfuzu hələ də kifayət qədər yüksəkdir.

Üstəlik, hüquq təhsili yalnız vəkillik və məhkəmə sistemi ilə məhdudlaşmır. Dövlət qurumları, şirkətlərin hüquq departamentləri, bank və sığorta sektoru, məhkəmə və prokurorluq sistemi hüquqşünaslara ehtiyac yaradır. Bu da ixtisasın əmək bazarında geniş tətbiq imkanlarının olmasına səbəb olur.

Lakin statistikanın başqa bir tərəfi də var. 600-dən yuxarı bal toplayanların kompüter elmləri, fundamental elm və riyaziyyat kimi istiqamətlərə marağının nisbətən aşağı olması gələcək insan kapitalının istiqaməti baxımından suallar yaradır.

Məsələn, BDU-da 600-dən yüksək bal toplayan cəmi 2 nəfərin kompüter elmlərini, 4 nəfərin isə riyaziyyatı seçməsi diqqət çəkir. Halbuki dünyada süni intellekt, proqramlaşdırma, məlumat elmləri, kibertəhlükəsizlik və digər yüksək texnologiyalar sürətlə inkişaf edən sahələrdir.

Bəs bu rəqəmlər yüksəkballı gənclərin elm və texnologiyaya marağının azaldığını göstərirmi?

Elçin Əfəndi: “Distant təhsil mütləq bərqərar olmalıdır”

Təhsil eksperti Elçin Əfəndi “Yeni Müsavat”a açıqlamasında məsələyə fərqli aspektdən yanaşaraq bildirib ki, BDU-dakı statistikanı ölkə üzrə ümumi mənzərədən ayrı qiymətləndirmək düzgün deyil.

Ekspertin sözlərinə görə, ölkə üzrə 600-dən yüksək bal toplayan 504 nəfərin BDU-nu seçməsi onların digər istiqamətlərə maraq göstərməməsi anlamına gəlmir: “Ölkə üzrə 600-dən yüksək bal toplayanların 504-ü Bakı Dövlət Universitetini seçib. Onların da 396-sı hüquq ixtisasını, qalanları isə digər ixtisasları seçiblər. Amma qeyd etdiyimiz kimi, gənclərin elm, mühəndislik, texnologiya və digər istiqamətlərə meyil və maraq göstərməsi sırf Bakı Dövlət Universitetinin hüquq təhsilindən qaynaqlanmır”.

Elçin Əfəndi qeyd edib ki, abituriyentlər ixtisas seçərkən yalnız universiteti deyil, konkret sahə üzrə həmin istiqamətdə ixtisaslaşmış ali məktəbləri də nəzərə alırlar: “Üçüncü qrupda hüquq istiqamətində təhsil almaq istəyənlər əsasən Bakı Dövlət Universitetinə üstünlük verirlər. Qaldı ki, mühəndislik, texnologiya və digər istiqamətlərə, bunun üçün, məsələn, tibb sahəsində Tibb Universitetinə və Qarabağ Universitetinə üstünlük verilir”.

Ekspertin sözlərinə görə, IT və kompüteryönümlü ixtisaslara maraq göstərən yüksəkballı abituriyentlər əsasən digər ali məktəbləri seçirlər: “IT yönümlü, kompüter sahəsi üzrə Bakı Ali Neft Məktəbi, ADA Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti kimi təhsil müəssisələrinə üstünlük verilir. Diqqət etsək, məsələn, iqtisadi ixtisaslarda daha yüksək bal toplayanlar İqtisad Universitetini seçirlər. Texnologiyayönümlü ixtisaslarda isə Bakı Ali Neft Məktəbi ilə ADA Universitetinə üstünlük verirlər. Yəni 600-dən yuxarı bal toplayanlar bu istiqamətlərdə əsasən digər universitetləri seçirlər”.

Ekspert ölkə üzrə yüksək nəticə göstərən abituriyentlərin ixtisas seçimində əmək bazarındakı tələbin də mühüm rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, bu tendensiya bütün ixtisas qruplarında fərqli şəkildə özünü göstərir: “Əmək bazarındakı tələbata gəlincə, əlbəttə, yüksək bal toplayanlar da mövcud durumda daha çox əmək bazarının tələbatına uyğun ixtisaslara üstünlük verirlər. Bu ixtisaslar hər ixtisas qrupunda fərqlidir”.

Elçin Əfəndi bildirib ki, III qrupda hüquq, dövlət və ictimai münasibətlər, I qrupda isə informasiya texnologiyaları və kompüteryönümlü sahələr ön plandadır: “III qrup abituriyentləri daha çox hüquq, dövlət və ictimai münasibətlər ixtisaslarına, I qrup əsasən informasiya təhlükəsizliyi, data analitikası, kompüter elmləri və informasiya texnologiyalarına üstünlük verir. II qrup abituriyentləri maliyyə, biznesin idarə edilməsi, iqtisadiyyat yönümlü ixtisasları seçirlər. IV qrup abituriyentləri isə hər zaman olduğu kimi, daha çox tibb, stomatologiya və biotexnologiya kimi ixtisaslara üstünlük verirlər”.

Ekspert əlavə edib ki, ölkə üzrə 600-dən yüksək bal toplayanların sayında IV qrup abituriyentləri də xüsusi çəkiyə malikdir: “Ümumiyyətlə, ölkədə paylanma prinsipinə baxsaq, 600-dən yüksək bal toplayanlar arasında ən yüksək nəticə göstərən sahə IV qrup abituriyentləri idi. 1300-ə yaxın abituriyent 600-dən yuxarı bal toplamışdı və onların hamısı tibb, səhiyyə sahəsini seçdilər”.

Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR