İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın Rusiyadakı səfiri: AZAL təyyarəsinin qəzası ilə bağlı bütün məsələlər tamamilə həll olunub

AZAL təyyarəsinin 2024-cü ilin dekabrında qəzası ilə bağlı məsələnin ədalətli həlli Azərbaycan və Rusiyanın ikitərəfli münasibətlərə yüksək qiymət verməsinin və müttəfiqlik qarşılıqlı fəaliyyəti əsasında əməkdaşlığı inkişaf etdirmək istəyinin sübutu olub.

Bu barədə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev "Lenta.Ru"ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, AZAL təyyarəsinin qəzası ilə bağlı bütün məsələlər, o cümlədən kompensasiyaların ödənilməsi, ötən il oktyabrın 9-da Düşənbədə keçirilən görüşdə Azərbaycan və Rusiya prezidentlərinin əldə etdikləri razılaşmalara uyğun olaraq, bu ilin aprelində tam həll olunub.

"Biz ikitərəfli münasibətlərimizdəki bu kədərli səhifənin bağlandığından çıxış edirik və münasibətlərin normallaşması prosesini fəal şəkildə dəstəkləyirik", - o bildirib.

Bu kontekstdə Mustafayev Azərbaycan Prezidenti İlham Əliyevin iki ölkə arasındakı münasibətlərin yalnız ikitərəfli formatda deyil, həm də daha geniş coğrafiya üçün vacib olduğu barədə mühüm tezisini qeyd edib.

O xatırladıb ki, bu yaxınlarda AZAL-ın Bakı ilə Rusiyanın üç şəhəri arasında birbaşa reyslərinin bərpa edilməsi barədə qərar qəbul edilib və bu siyahını daha da davam etdirmək olar.

Diplomat Rusiya-Azərbaycan münasibətlərində müsbət dinamikaya, hökumətlər, aidiyyəti nazirliklər və idarələr arasında dialoqun fəallaşmasına, həmçinin regionlararası əməkdaşlığın inkişafına diqqət çəkib.

"Azərbaycan və Rusiya strateji tərəfdaşlıq və müttəfiqlik prinsipləri əsasında ikitərəfli qarşılıqlı fəaliyyətin daha da inkişaf etdirilməsində qərarlıdırlar. Bu əhval-ruhiyyəni ölkələrimizin prezidentləri martın 11-də və iyulun 28-də baş tutan telefon danışıqları zamanı təsdiq ediblər", - diplomat qeyd edib.

Onun sözlərinə görə, ölkələr arasında yaranan fikir ayrılıqları, bir qayda olaraq, ali və yüksək səviyyələrdə konstruktiv dialoq çərçivəsində öz həllini tapır.

Səfir, həmçinin bəzi rusiyalı ekspertlər, blogerlər və jurnalistlər tərəfindən sosial şəbəkələrdə və mediada yaradılan Azərbaycana qarşı mənfi informasiya fonuna da diqqət çəkib.

"Biz Rusiya tərəfinin diqqətinə ölkəmizə və onun rəhbərliyinə qarşı təhqiramiz və təxribat xarakterli konkret bəyanatları çatdırmışıq. Hesab edirik ki, bu cür bəyanatlar strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinə zərər vurur. Və biz bu qəbuledilməz vəziyyətin düzəlməsi üçün Moskvanın prinsipial reaksiyasına və konkret addımlarına ümid edirik", - səfir bildirib.

Rusiya aidiyyəti qurumları ilə Azərbaycan diasporu məsələləri üzrə qarşılıqlı fəaliyyətdən danışarkən, o, bu sahədə ciddi problemlərin və fikir ayrılıqlarının olduğunu qeyd edib.

Diplomat ötən ilin yayında Yekaterinburqda baş vermiş və Azərbaycan vətəndaşlarının ölümü ilə nəticələnən faciəvi hadisəni xatırladıb, həmçinin Rusiyadakı Azərbaycan icmasının rəhbərlərinə və nümayəndələrinə təzyiq göstərilməsi və onların Rusiya vətəndaşlığından məhrum edilməsi hallarından narahatlığını ifadə edib.

"Ümumilikdə, biz Rusiyada yaşayan, oxuyan və işləyən Azərbaycan icması nümayəndələrinin qanuni hüquq və maraqlarının qorunması üzrə Rusiya tərəfinin daha səmərəli tədbirlərini görmək istərdik", - səfir qeyd edib.

Mustafayev vurğulayıb ki, Azərbaycanın rus icması və Rusiyanın Azərbaycan icması millətlərarası və dövlətlərarası yaxınlaşmanın mühüm amilləridir.

"Ölkələrimiz və xalqlarımız arasındakı bu canlı dialoq və əməkdaşlıq körpüsünü dağıtmaq deyil, qorumaq və möhkəmləndirmək lazımdır. Biz ümid edirik ki, Rusiya tərəfi bu yanaşmanı dəstəkləyəcək", - o bildirib.//Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Sentyabr 2026

09 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR