İnsanlara hürriyət, millətlərə istiqlal!

Xəzərdə balans dəyişməyə doğru – Ordumuzdan BƏDXAHLARA mesaj

Xəbər verildiyi kimi, prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar. Dövlət başçısına SALVO silahlı və KAYRA kamikadze insansız dəniz vasitələri təqdim edilib, onların praktiki sınaqları keçirilib.

Səfərin əsas hissəsində Prezident İlham Əliyevə və Mehriban Əliyevaya Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “MİRAS Hərbi-Sənaye Şirkəti” MMC ilə Türkiyənin “DEARSAN Gəmi İnşaat Sənaye” AŞ şirkətinin birgə istehsalat sahəsində hazırlanan yeni insansız dəniz platformaları nümayiş etdirilib.
Bunlardan biri SALVO — silahlı insansız dəniz vasitəsi (SİDV), digəri isə KAYRA — kamikadze insansız dəniz vasitəsidir (KİDV). Prezidentə onların təyinatı və taktiki-texniki xüsusiyyətləri barədə məlumat verilib. Rəsmi məlumatda sistemlərin konkret silah yükü, məsafəsi və digər detallı göstəriciləri açıqlanmayıb.

Bununla da Azərbaycanın Xəzərdə hərbi-dəniz imkanlarının inkişafında yeni mərhələ başlayır. “Salvo” silahlı və “Qaira” kommunikasiya təyinatlı insansız dəniz vasitələrinin təqdim edilməsi ölkənin dəniz təhlükəsizliyi və müdafiə konsepsiyasında pilotsuz texnologiyaların rolunu əhəmiyyətli dərəcədə artırmaqdadır. Hazırda Xəzəryanı ölkələrin hərbi-dəniz imkanlarına görə Rusiya açıq şəkildə liderdir, İran da regionun əsas dəniz güclərindən biri hesab olunur. Azərbaycan isə xüsusilə sürətli patrul-zərbə platformaları, müasir sensor və raket sistemləri, eləcə də Sahil Mühafizəsinin imkanları hesabına Xəzərdə mühüm hərbi-dəniz potensialına malik ölkələr sırasında yer alır. Lakin yeni nəsil pilotsuz vasitələrin istifadəyə verilməsi bu balansda Azərbaycanın mövqeyini daha da gücləndirə bilər.

Hərbi ekspertlər necə qiymətləndirir, Xəzərdə hərbi balans dəyişirmi?

rovshen-mehheremov.jpg (15 KB)

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov Musavat.com-a bildirib ki, Azərbaycan Hərbi Dəniz Qüvvələrində SALVO silahlı və KAYRA kamikadze insansız dəniz vasitələrinin təqdim olunması Xəzərdə hərbi imkanların inkişafı baxımından mühüm hadisədir. Prezident İlham Əliyevin iştirakı ilə bu vasitələrin praktiki sınaqlarının keçirilməsi göstərir ki, söhbət yalnız prototiplərin nümayişindən deyil, onların real hərbi tətbiq imkanlarının formalaşdırılmasından gedir: “SALVO kimi silahlı platformalar müşahidə, patrul, nəzarət və zərbə imkanlarını birləşdirə, KAYRA tipli kamikadze vasitələr isə yüksək riskli tapşırıqlarda insan itkisi ehtimalını minimuma endirə bilər. Bu, xüsusilə Xəzər kimi nisbətən qapalı dəniz akvatoriyasında əhəmiyyətlidir”.

Bununla belə, ekspert hesab edir ki, bu sistemlərin ortaya çıxması Xəzərdə mövcud hərbi balansı birdən-birə dəyişmir: “Çünki balans yalnız ayrı-ayrı silah sistemləri ilə müəyyənləşmir. Burada hərbi gəmilərin sayı və sinfi, raket kompleksləri, hava hücumundan müdafiə, aviasiya, sahil sistemləri, radar və elektron müharibə imkanları, kəşfiyyat və komanda-idarəetmə infrastrukturu kimi çoxsaylı amillər nəzərə alınır. Xəzərdə Rusiya hələ də ümumi hərbi-dəniz potensialına görə ən böyük imkanlara malik tərəfdir. İran da güclü sahil və dəniz imkanlarına sahibdir. Azərbaycan isə son illərdə əsasən daha çevik, yüksək texnologiyalı və inteqrasiya olunmuş sistemlər hesabına öz imkanlarını artırır. Bu baxımdan SALVO və KAYRA-nın əhəmiyyəti onların təkbaşına Rusiya və ya İranın böyük hərbi-dəniz platformalarını əvəz etməsində deyil. Əsas üstünlük “böyük platforma-kiçik pilotsuz platformalar” nisbətinin dəyişdirilməsindədir. Nisbətən daha aşağı qiymətli pilotsuz vasitələr potensial rəqibi daha bahalı müdafiə və aşkarlama sistemlərinə sərmayə qoymağa məcbur edə bilər. SALVO və KAYRA-nı Xəzərdə “balansı dərhal dəyişən silah” adlandırmaq hələ tezdir. Lakin onları balansın gələcəkdə dəyişməsinə təsir göstərə biləcək yeni texnoloji element kimi qiymətləndirmək mümkündür”.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Sentyabr 2026

09 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR