Onlayn ictimai-siyasi qəzet
1903-cü ildə Boston limanında buxar gəmisinin trapına gənc bir italyan ayaq basıb. Onun adı Karlo Ponzi olub. Lakin Amerikaya gəldikdən sonra çox keçmədən Çarlz Ponzi kimi tanınıb. Onun cibində cəmi 2,5 dollar olub. Səfər zamanı qalan pulunu isə qumar masasında itirib. Ona Amerika haqqında “imkanlar ölkəsidir” deyiblər. Ponzi də bu ölkənin ona verə biləcəyi hər şeyi əldə etmək qərarına gəlib. O zaman heç kim onun soyadının illər sonra dünya maliyyə tarixinin ən məşhur fırıldaq sxemlərindən birinə çevriləcəyini bilməyib.
Ponzinin Amerikadakı ilk illəri klassik mühacir hekayəsinə bənzəyib. Müxtəlif işlərdə çalışıb, qab yuyub, ofisiant işləyib, katiblik və tərcüməçilik edib. Daha sonra Kanadada italyan mühacirləri ilə işləyən bir bankda işə düzəlib. Məhz burada bank sistemindəki təhlükəli mexanizmlərdən birini görüb. Bank köhnə müştərilərə ödənişləri yeni müştərilərdən daxil olan pullar hesabına həyata keçirib. Bank sonradan müflis olub, bankirin özü Meksikaya qaçıb. Ponzi isə saxtakarlıqla bağlı həbs edilib.

Həbsdən çıxdıqdan sonra o, ABŞ-yə qayıdıb. Müxtəlif bizneslər qurmağa çalışıb, ticarət kataloqu nəşr etdirib, reklam satmağa cəhd göstərib. Lakin heç bir işində ciddi uğur qazana bilməyib. 1919-cu ildə isə onun həyatını dəyişən hadisə baş verib. Ponzi İspaniyadan gələn məktubun içərisində beynəlxalq cavab kuponu ilə tanış olub. Həmin kuponlar müxtəlif ölkələr arasında məktublaşan insanların cavab poçt xərcini əvvəlcədən ödəməsinə imkan verib.
Ponzi Avropada müharibədən sonra yaranmış inflyasiyanı və valyuta məzənnələrindəki fərqləri hesablayıb. Onun fikrincə, kuponları Avropada ucuz qiymətə alıb ABŞ-da daha baha qiymətə poçt markasına dəyişmək mümkün olub. Bu üsul maliyyə terminologiyasında arbitraj adlanıb: bir bazarda ucuz qiymətə alınan məhsul digər bazarda daha baha qiymətə satılıb. Ponzi bu ideyanın böyük gəlir gətirəcəyinə inanıb və ətrafındakı insanlara bundan danışmağa başlayıb. 1919-cu ilin sonlarında Securities Exchange Company adlı şirkət yaradıb. İnvestorlara 45 gün ərzində 50 faiz, 90 gün ərzində isə 100 faiz gəlir vəd edib. Dövrün bankları isə illik bir neçə faiz gəlir təklif edib. Belə bir şəraitdə Ponziyə verilən pul sürətlə artmağa başlayıb.

İlk investorlar pullarını yatırıb və 45 gün sonra vəd edilən gəliri alıblar. Bu, Ponzi üçün ən yaxşı reklam olub. İnsanlar bir-birinə “Ponzi ödəyir” deyiblər. Şayiə Bostonun küçələrində sürətlə yayılıb. İşçilər maaşlarını, ailələr yığımlarını gətirib. Bəziləri evlərini girov qoyub və əldə etdikləri vəsaiti Ponziyə verib. 1920-ci ilin yayında onun ofisinin qarşısında uzun növbələr yaranıb. Ponzi isə getdikcə daha zəngin görünməyə başlayıb. Bahalı avtomobil alıb, dəbdəbəli geyinib və özünü uğurlu maliyyəçi kimi təqdim edib. İnsanlar onun ətrafında uğur hekayəsi gördüklərini düşünüblər.
Əslində isə həmin vaxt maliyyə piramidası artıq tam gücü ilə işləyib. Ponzi çox keçmədən başa düşüb ki, poçt kuponları ilə real biznes qurmaq və investorlarına vəd etdiyi gəliri təmin etmək mümkün deyil. Dünyada mövcud olan kuponların sayı belə böyük məbləğlər üçün kifayət etməyib.
O, kuponları almaq əvəzinə yeni investorların gətirdiyi pulları əvvəlkilərə ödəməyə başlayıb. Beləliklə, sonradan “Ponzi sxemi” adlandırılacaq klassik mexanizm formalaşıb. Yeni investor pul gətirib. Həmin puldan əvvəlki investora “gəlir” ödənilib. Əvvəlki investor qazandığını görüb və bu barədə başqalarına danışıb. Daha çox insan sistemə qoşulub. Yeni pullar daxil olduqca əvvəlki öhdəliklər ödənilib. Sistem yalnız bir şərtlə yaşaya bilib: daxil olan yeni pul çıxan puldan çox olmalı idi. Amma bu, əbədi davam edə bilməzdi. 1920-ci ilin yayında Boston Post qəzetinin jurnalistləri Ponzinin fəaliyyətini araşdırmağa başlayıblar. Onlar maliyyə ekspertlərinə müraciət edib və hesablamalar aparıblar. Ortaya sadə, lakin çox ciddi sual qoyulub: Bu qədər böyük gəliri təmin edən real aktivlər haradadır? Cavab tapılmayıb.

Ponzi vəziyyəti xilas etməyə çalışıb. Müxtəlif ödənişlər edib, insanları sakitləşdirib və hər şeyin nəzarət altında olduğunu bildirib. Lakin riyazi hesablamaları aldatmaq mümkün olmayıb. Yeni investorların pulları əvvəlkilərin tələblərini qarşılamağa kifayət etməyib. 1920-ci ilin avqustunda Ponzi həbs olunub. Sonrakı araşdırmalar onun yaratdığı şirkətin milyonlarla dollar borcunun olduğunu göstərib. İnvestorların pulları isə real gəlir gətirən aktivlərə çevrilməyib. Beləliklə, bir vaxtlar Bostonun maliyyə dahisi kimi təqdim olunan Ponzi öz yaratdığı sistemin altında qalıb.
Ponzi həbs cəzası çəkdikdən sonra ABŞ-dən deportasiya olunub. İtaliyada yenidən biznes qurmağa çalışıb, lakin əvvəlki uğurunu əldə edə bilməyib. Daha sonra Braziliyaya gedib və burada bir müddət İtaliya aviaşirkətinin nümayəndəsi kimi çalışıb. II dünya müharibəsi başlayandan sonra işini itirib. Bir vaxtlar milyonlarla dolların dövr etdiyi maliyyə imperiyasının sahibi həyatının son illərini yoxsulluq içində keçirib. Sağlamlığı ciddi şəkildə pisləşib, görmə qabiliyyətini, demək olar ki, itirib və getdikcə təkliyə qapılıb. Çarlz Ponzi 1949-cu ildə Rio-de-Janeyroda vəfat edib. Onun adı isə maliyyə tarixində yaşamaqda davam edib.

Aradan yüz ildən artıq vaxt keçib. Maliyyə bazarları dəyişib, internet yaranıb, rəqəmsal texnologiyalar inkişaf edib. Lakin insan psixologiyası o qədər də dəyişməyib. Yüksək gəlir vəd edən, riski az göstərən və qısa müddətdə böyük qazanc təklif edən sxemlər bu gün də insanları cəlb edə bilir. Çünki Ponzi sxeminin əsasını mürəkkəb iqtisadi nəzəriyyə deyil, insanın tez varlanmaq arzusu təşkil edib.
**
Xatırladaq ki, ötən əsrin 90-cı illərində Rusiyada, Azərbaycanda, eləcə də bütün postsovet ölkələrindən bənzər banklar vardı və insanları eyni üsulllarla aldadıb milyardlarla pullarını mənimsədilər.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün
10 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ