Onlayn ictimai-siyasi qəzet
Qazaxıstanda Semey şəhərinin qərbində yerləşən çöllərdə nüvə partlayışlarından qalan nəhəng kraterlər bu gün də qalmaqdadır. Onların ən məşhuru sonradan “Atom gölü” adlandırılan Çaqan gölüdür.
1949–1989-cu illərdə Semipalatinsk nüvə sınaq poliqonunda ümumilikdə 456 nüvə sınağı keçirilib. Poliqonun ərazisi təxminən 18,5 min kvadrat kilometr olub. İlk sovet atom bombası burada 29 avqust 1949-cu ildə sınaqdan keçirilib. Sonuncu nüvə partlayışı isə 19 oktyabr 1989-cu ildə baş verib. İki il sonra, 29 avqust 1991-ci ildə poliqon rəsmi olaraq bağlanıb. Bu 42 il ərzində burada yalnız hərbi nüvə sınaqları keçirilməyib. Poliqonun ətrafında onlarla yaşayış məntəqəsi yerləşib, radioaktiv çöküntülər geniş ərazilərə yayılıb, yerli əhali arasında narahatlıq və etirazlar artıb. Nəticədə bu ərazi Qazaxıstanın göz dağına çevrilib.
Xəritədə boş göstərilən ərazi

Gələcək poliqon üçün ərazinin seçilməsi 1947-ci ildən başlanıb. Sovet mütəxəssislərinə böyük və açıq sahə lazım olub. Burada sınaq meydançaları, ölçmə cihazları və yardımçı obyektlərin yerləşdirilməsi nəzərdə tutulub. Tikinti sənədlərində həmin ərazi yolların, elektrik və rabitə xətlərinin olmadığı, demək olar ki, boş məkan kimi təsvir edilib. Lakin xəritədə işarəsiz göstərilən bu torpaqlar əslində boş olmayıb. Texniki obyektlərdən kənarda kəndlər və geniş otlaq sahələri yerləşib.
1949-cu ildə ilk nüvə partlayışından sonra radioaktiv çöküntülər Dolon, Mostik və Çeremuşki kimi yaşayış məntəqələrinin yerləşdiyi ərazilərə yayılıb. Bu gün həmin yaşayış məntəqələrinin sakinləri barədə toplanmış məlumatlardan insanların keçmişdə məruz qaldığı radiasiya dozalarının hesablanmasında istifadə olunur. Sınaqlar ciddi məxfilik şəraitində keçirilib, lakin əhalinin qorunması ilə bağlı tədbirlər hər sınaqda eyni olmayıb.

Məsələn, 1953-cü ildə keçirilən böyük termonüvə sınağından əvvəl bəzi kəndlərin sakinləri müvəqqəti olaraq ərazidən çıxarılıb. Digər hallarda isə insanlar yaşayış yerlərində qalıb və baş verənləri yalnız radioaktiv çöküntülərdən sonra öyrəniblər. Sonrakı illərdə tədqiqatçılar insanların hansı marşrutlarla təxliyə edildiyini, hansı ərzaqlardan istifadə etdiyini, ailələrin südü haradan əldə etdiyini belə araşdırıblar. Məqsəd insanların məruz qaldığı radiasiya dozalarını mümkün qədər dəqiq müəyyənləşdirmək olub.
Yerüstü və yeraltı partlayışların fərqi
Mənbələrdə 456 nüvə sınağı rəqəmi sabit şəkildə göstərilir. Lakin sınaqların növlərə görə bölgüsündə müəyyən fərqlər mövcuddur. Bəzi mənbələr 30 yerüstü, 86 atmosfer və 340 yeraltı partlayışdan danışır. Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin bəzi hesablamalarında isə erkən sınaqlar başqa cür qruplaşdırılır və 118 yerüstü və atmosfer sınağı göstərilir. Dozimetrik tədqiqatlarda 111 atmosfer hadisəsi rəqəminə də rast gəlinir. Bu fərq yalnız statistik məsələ deyil. Yerüstü nüvə partlayışı zamanı torpaq və toz nəhəng atəş kürəsinə qarışır, daha sonra radioaktiv hissəciklər geniş ərazilərə yayılırdı. Havada həyata keçirilən partlayışlarda isə nüvə yükü yer səthindən müəyyən yüksəklikdə partladılırdı.

Yeraltı sınaqlar quyularda və tunellərdə aparılırdı. Bu halda partlayış məhsullarının böyük hissəsinin süxurların daxilində qalması nəzərdə tutulurdu. Lakin tam hermetiklik hər zaman təmin edilmirdi və bəzi hallarda radioaktiv maddələrin ətraf mühitə sızması baş verirdi. Poliqon ətrafında yaşayan əhali üçün əsas radiasiya yükü 1949–1962-ci illərdə keçirilmiş atmosfer və yerüstü sınaqların payına düşüb. Xüsusilə 1949, 1951, 1953 və 1956-cı illərdəki partlayışlar geniş şəkildə araşdırılıb. Yeraltı sınaqlara keçildikdən sonra böyük radioaktiv buludlar daha az müşahidə olunub. Bununla belə, qəza nəticəsində baş verən tullantılar və sızmalar tamamilə aradan qalxmayıb.
15 yanvar 1965-ci ildə poliqonda 140 kiloton gücündə “Çaqan” nüvə partlayışı həyata keçirilib. Bu sınaq Sovet İttifaqının “dinc nüvə partlayışları” adlandırdığı proqramın bir hissəsi olub. Nüvə yükü Şaqan və Aşısu çaylarının birləşdiyi ərazinin yaxınlığında yerin altında yerləşdirilib. Partlayış nəticəsində dərinliyi 100 metrdən, diametri isə 400 metrdən çox olan nəhəng krater yaranıb. Yaz suları krateri doldurub və nəticədə sonradan “Atom gölü” adlandırılan su hövzəsi meydana gəlib.

Çaqan sınağı Semipalatinsk poliqonunda həyata keçirilən fəaliyyətin miqyasını aydın göstərib. Burada yalnız hərbi nüvə silahları sınaqdan keçirilməyib. Sovet alimləri nüvə partlayışını saniyələr ərzində nəhəng torpaq qazıntısı apara biləcək mühəndislik vasitəsinə çevirməyə çalışıblar.
İnsanların etirazı
1989-cu ilin fevralında növbəti yeraltı nüvə sınağından sonra radioaktiv qazların sızması baş verib. Hadisə ictimaiyyətə məlum olub və şair, yazıçı və ictimai xadim Oljas Süleymenov nüvə sınaqlarının dayandırılması çağırışı ilə çıxış edib. Beləliklə, “Nevada–Semipalatinsk” hərəkatı yaranıb. Hərəkat Qazaxıstandakı antinüvə etirazlarını Sovet İttifaqının hüdudlarından kənarda fəaliyyət göstərən nüvə əleyhinə fəallarla birləşdirib. Həmin il poliqonda 18 nüvə partlayışının keçirilməsi planlaşdırılsa da, onlardan 11-i ləğv edilib. Sonuncu nüvə sınağı 19 oktyabr 1989-cu ildə keçirilib. Bundan sonra yeni nüvə partlayışları baş verməyib. 29 avqust 1991-ci ildə isə poliqonun bağlanması haqqında sərəncam imzalanıb. Sovet İttifaqının dağılmasından sonra Qazaxıstan ərazisində 1 410 sovet strateji nüvə başlığı qalıb. Qazaxıstan bu mirası milli nüvə arsenalına çevirməkdən imtina edib və sonuncu nüvə başlıqları 1995-ci ilin aprelində Rusiyaya təhvil verilib.

Qazaxıstanda 2023-cü ildə Semipalatinsk nüvə təhlükəsizliyi zonası haqqında qanun qəbul edilib. Hazırda həmin ərazidə daimi radiasiya monitorinqi aparılır. Mütəxəssislər havadan, yerüstü və yeraltı sulardan, torpaqdan və bitki örtüyündən nümunələr götürürlər. Keçmiş poliqonun mərkəzində yerləşən Kürçatov bu gün də fəaliyyət göstərən şəhər və elmi mərkəzdir. Burada Qazaxıstan Milli Nüvə Mərkəzi fəaliyyət göstərir.
Qazaxıstanın sosial xarakterli materiallarında radiasiyaya məruz qalan insanların sayının təxminən 1,3 milyon olduğu bildirilir. Digər dövlət sənədlərində və BMT materiallarında isə zərərçəkənlər və onların nəsilləri də daxil olmaqla təxminən 1,5 milyon insanın adı çəkilir. Daha geniş rəsmi qiymətləndirmələrdə radioaktiv çöküntülərin təsirinə məruz qalan insanların sayının 5 milyondan çox olduğu göstərilir. Lakin bir fakt dəyişməz olaraq qalır: Semipalatinskdə nüvə partlayışları 1989-cu ildə dayandırılıb, poliqon isə 1991-ci ildə bağlanıb, amma həmin sınaqların yaratdığı ekoloji və sağlamlıq problemləri bu gün də tam aradan qalxmayıb.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün
10 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ