Onlayn ictimai-siyasi qəzet
Fransanın “Vətənpərvərlər” partiyasının lideri Florian Filippo Almaniyada “Almaniya üçün Alternativ” (AfD – Alternative für Deutschland) partiyasının Saksoniya-Anhalt parlamentinə seçkilərdəki tarixi qələbəsindən sonra qadağan edilə biləcəyi barədə xəbərdarlıq edib. Bu barədə fransız siyasətçi “X” sosial şəbəkə hesabında paylaşım edib.
Filippo Almaniya Kansleri Fridrix Mertsin “konstitusiyanı ultra-sağçı hökumətdən qorumaq üçün hakimiyyətin bütün zəruri alətlərə malik olduğu” barədə bəyanatına kəskin reaksiya verib:
“Merts doğrudanmı AfD partiyasının qadağan edilməsi prosedurunu başlatmağa hazırlaşır?! ... Mertsin bu kontekstdəki bəyanatı çox qəribə səslənir! Belə bir qadağa ölkədə inqilaba səbəb olar!”
Xatırladaq ki, “Almaniya üçün Alternativ” (AfD) Saksoniya-Anhalt vilayətində keçirilən parlament seçkilərində 43,8 faiz səslə böyük qələbə qazanıb. Hökumətdəki Xristian-Demokrat İttifaqı (CDU) isə cəmi 17,2 faiz səs toplaya bilib. AfD-nin həmsədri Alisa Vaidel bu nəticənin Fridrix Mertsin uğursuz siyasətinin birbaşa nəticəsi olduğunu bəyan edib.
Xeyli müddətdir ki, Almaniyada konstitusiyanı ultra-sağçıların hakimiyyətə gələcəyi ilə bağlı həyəcan təbili çalınır. Onların neonasist adlandıranlar da var. AfD xüsusən də miqrantlar məsələsində radikal mövqe tutur və Almaniyadan onların bir çoxunun deportasiyasını dəstəkləyir.
Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev ilə Almaniya kansleri Fridrix Merts arasında 2026-cı ilin iyul ayında Berlində keçirilən görüşlər və imzalanan strateji sənədlərlə ikitərəfli əlaqələr yeni mərhələyə qədəm qoyub.
Kansler Merts Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolunu yüksək qiymətləndirib, xüsusilə enerji səmərəliliyi sahəsində əməkdaşlığın genişləndiriləcəyini bildirib.
Bəs AfD hökumət qurarsa, Bakı ilə münasibətlərə necə təsir göstərəcək?
Politoloq Azad Məsiyev Musavat.com-a bildirib ki, Almaniyada AfD-nin Saksoniya-Anhalt seçkilərində 43,8 faiz səs toplaması yalnız həmin federal torpaqdakı siyasi mənzərənin dəyişməsi deyil, bütövlükdə Almaniyanın siyasi sistemində ciddi transformasiyanın mümkünlüyünü göstərən hadisədir: “Partiyanın nəticəsi onun ölkə miqyasında hakimiyyətə gəlməsi ehtimalının artıq yalnız nəzəri məsələ kimi qiymətləndirilməməsinə səbəb olur. Bununla belə, AfD-nin hazırda federal səviyyədə hakimiyyət qurmaq üçün kifayət qədər siyasi dayağa malik olduğunu söyləmək hələ tezdir.
Azərbaycan-Almaniya münasibətləri baxımından isə məsələ daha mürəkkəbdir. Çünki Prezident İlham Əliyevin 21 iyul 2026-cı ildə Berlinə səfəri zamanı Azərbaycan və Almaniya arasında ikitərəfli tərəfdaşlığın strateji gündəliyi haqqında Birgə Bəyannamə imzalanıb. Eyni zamanda Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması barədə sənəd də imzalanıb.
Bu sənədlər enerji, ticarət, investisiya, nəqliyyat və regional təhlükəsizlik məsələlərini əhatə edən daha institusional münasibətlər sisteminin formalaşdığını göstərir. Almaniya tərəfi Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunu və Orta Dəhlizin əhəmiyyətini də xüsusi vurğulayır. AfD-nin hakimiyyətə gəlməsinin bu xəttin tamamilə ləğv edə biləcəyini gözləmək üçün əsas yoxdur. Almaniyanın Azərbaycanla enerji əməkdaşlığında iqtisadi və geosiyasi maraqları hökumətlərin dəyişməsindən daha uzunmüddətli xarakter daşıyır. Berlin üçün Azərbaycan yalnız Cənubi Qafqaz ölkəsi deyil, həm də enerji mənbələrinin şaxələndirilməsi və Avropanın Rusiya enerji resurslarından asılılığının azaldılması baxımından əhəmiyyətli tərəfdaşdır.
Ona görə də AfD hökuməti formalaşacağı təqdirdə belə, Azərbaycanın Almaniyaya enerji ixracının və iqtisadi əməkdaşlığın birdən-birə dayandırılması real görünmür. Əksinə, Almaniyanın sənaye və enerji maraqları belə münasibətlərin davam etdirilməsini diktə edə bilər”.
Politoloq hesab edir ki, əsas risk siyasi və ideoloji müstəvidə yarana bilər: “AfD-nin əvvəlki parlament mövqelərində Azərbaycan və Türkiyə ilə bağlı tənqidi yanaşmalar müşahidə olunub. Almaniya Bundestaqının arxiv məlumatlarında partiyanın Azərbaycan və Türkiyə ilə əməkdaşlığın dayandırılması istiqamətində mövqe ifadə etdiyi, həmçinin Azərbaycanın Ermənistanla münasibətlərinə dair sərt ittihamlar səsləndirdiyi görünür.
Bu səbəbdən AfD-nin federal hökumətə gəlməsi halında Bakı ilə Berlin arasında siyasi dialoq daha praqmatik, lakin eyni zamanda daha sərt və şərtli xarakter ala bilər. İnsan hüquqları, miqrasiya, təhlükəsizlik və regional siyasət kimi məsələlər ikitərəfli münasibətlərdə daha çox qabardıla bilər”.
Etibar Seyidağa,
Musavat.com
10 Sentyabr 2026
00:14 SON DƏQİQƏ: Soçiyə dəhşətli hücum başladı - Şəhərdə güclü partlayışlar, əhali panikada - VİDEO
09 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ