İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülh sazişi əvəzinə iki milyardlıq silah

Üzeyir Cəfərov: “Bəzi maraqlı qüvvələr növbəti toqquşmalar üçün çalışırlar...”

Ermənistan hakimiyyəti bir tərəfdən Azərbaycanla sülh prosesindən danışır, digər tərəfdən isə ordunun uzunmüddətli silahlandırılması və hərbi potensialın gücləndirilməsi istiqamətində addımlarını davam etdirir. Söhbət artıq ayrı-ayrı silah alışlarından deyil, maliyyə, texnologiya və istehsal imkanlarını əhatə edən uzunmüddətli hərbi proqramdan gedir.

Ermənistanın bu istiqamətdə əsas xarici tərəfdaşlarından biri Hindistandır. Son illərdə iki ölkə arasında bağlanmış silah müqavilələrinin ümumi dəyərinin təxminən 2 milyard dollara yaxınlaşdığı bildirilir. Əməkdaşlıq isə yalnız hazır silahların alınması ilə məhdudlaşmır. Tərəflər hərbi texnologiyaların lokallaşdırılması, texnikanın təmiri və modernləşdirilməsi, hərbi kadrların hazırlanması və birgə müdafiə sənayesi layihələrini də müzakirə edirlər.

Ermənistan hökumətinin 2 iyul 2026-cı ildə təsdiqlədiyi 2027-2029-cu illər üzrə orta müddətli dövlət xərcləri proqramı da İrəvanın hərbi istiqamətdə planlarının miqyasını göstərir.

Sənədə əsasən, Ermənistanın müdafiə xərcləri 2027-ci ildə 1,635 milyard dollar, 2028-ci ildə 1,733 milyard dollar, 2029-cu ildə isə 1,749 milyard dollar təşkil edəcək.

Müdafiə büdcəsinin kapital hissəsi də yüz milyonlarla dollar həcmində nəzərdə tutulub. 2027-ci ildə bu göstəricinin 908,8 milyon dollar, 2028 və 2029-cu illərdə isə hər il 969,7 milyon dollar olması planlaşdırılır. Bu vəsaitlərin hərbi texnikanın alınmasına, infrastrukturun qurulmasına və modernləşdirmə layihələrinə yönəldilməsi nəzərdə tutulur.

Maraqlıdır ki, Ermənistan hakimiyyəti sülh sazişinin mümkün imzalanmasını ordunun modernləşdirilməsinə maneə kimi görmür. Bundan bir gün sonra müdafiə naziri Suren Papikyan Ermənistanın Azərbaycanla sülh sazişi imzalamasından sonra silah almağa davam edib-etməyəcəyi barədə suala cavabında ordunun silahlandırılacağını və modernləşdiriləcəyini bəyan edib.

Bu açıqlamalar İrəvanın hərbi strategiyasının sülh prosesindən asılı olmayaraq davam etdiriləcəyini göstərir.

İrəvanın planları yalnız xaricdən silah almaqla da məhdudlaşmır. Ermənistan müdafiə sənayesində yerli istehsalın genişləndirilməsinə və xarici tərəfdaşlarla birgə istehsalın lokallaşdırılmasına çalışır.

Ermənistanın ordusunu gücləndirməsi, təbii olaraq, onun suveren hüququdur. Lakin Azərbaycanla sülh gündəliyinin paralelində milyardlarla dollarlıq hərbi proqramın həyata keçirilməsi regionda yeni silahlanma yarışının yaranması ilə bağlı suallar doğurur.

Bu prosesi necə dəyərləndirmək olar? Ermənistan sülhə hazırlaşır, yoxsa yeni müharibəyə?

Kəndimizin yerini heç nə verə bilməz...”- 60 illiyi tamamlanan Üzeyir  Cəfərov

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Ermənistan ordusunun silahlanmasını hər hansı bir qeyri-adi bir addım hesab etmədiyini bildirdi: “2020-ci savaşında həm döyüş meydanında, həm də beynəlxalq arenada Ermənistan ordusunun imicinə çox ciddi zərbə dəyib. Ermənistan Azərbaycanla müharibəni uduzub, kapitulyasiya aktına imzalayıb.  Ona görə Ermənistan bu gün silah almağa da, ayrı-ayrı ölkələrlə hərbi əməkdaşlıq etməyə də, öz ordusunu, necə deyərlər, modernləşdirməyə də məhkumdur. Bu, bizi təəccübləndirməməlidir.  Mənim  şəxsi qənaətim ondan ibarətdir ki, Paşinyan və onun indiki komandası hakimiyyətdə olduğu dönəmdə - sonradan bilmirəm kimlər ola bilər, kimlər gələ bilər -  bir daha Azərbaycanla hər hansı bir silahlı münaqişə yaşanmayacaq. Mən buna tam əminliklə ona görə deyirəm ki, artıq onlar Azərbaycanın gücünü də gördülər, Azərbaycanın iqtisadi və hərbi potensialını da çox gözəl bilirlər. Ona görə də Ermənistanın silahlandığını və ortada sülh sazişinin olmadığını əsas götürərək uzaqgedən nəticələr çıxartmaq lazım deyil. Sülh sazişi də çox tezliklə olacaq. Sülh sazişinin də imzalanması üçün bəzi işlər görülməlidir və o işlər görülür”.

O ki qaldı Ermənistan ordusunun güclənməsi fikrinə, Ü.Cəfərov bunları söylədi: “Mən yenə də deyirəm, Ermənistan öz daxili imkanları hesabına ordusunu ən azından orta səviyyəyə gətirməyə çalışır. Onlar çox gözəl bilirlər ki, Azərbaycanla hər hansı bir silahlanma yarışına girə bilməzlər və bu, mümkünsüzdür, bir sıra faktorlara görə. Ermənistanın ayrı-ayrı ölkələrlə - Çinlə, Hindistanla, Yunanıstanla, digər ölkələrlə silah-sursat alveri eləməsinə gəldikdə, bu, onların yenə deyirəm, suveren qərarıdır. Biz o qərara həm hörmətlə yanaşırıq, həm də prosesləri izləyirik. Bu gün Azərbaycan Xarici İşlər Nazirliyi əgər baş verənlərlə bağlı hər hansı bir narazılıq ifadə etmirsə, o deməkdir ki, Azərbaycan proseslərin bəlli çərçivələr səviyyəsində getdiyini gözəl bilir. Ermənistan kadrlarını hazırlamalıdır, bu, indi də davam edir, bundan sonra da belə olacaq. Ona görə də narahatlığa əsas görmürəm”.

Polkovnik Azərbaycanın hərbi gücündən də bəhs etdi: “Biz də ən azından öz müdafiə və təhlükəsizlik imkanlarımızı genişləndirmək üçün silah-sursat alırıq.  Çünki hələ regionda xeyli, belə deyək, narahatedici məqamlar var. Elə ölkə başçısının ötən günlərdə Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinə baş çəkməsi, orada yerində bəzi məsələlərlə tanış olmasını xatırlatmaq yerinə düşər. Bu, sıradan bir səfər deyil. Yəni ölkə başçısı, Ali Baş Komandan kimi əgər Hərbi Dəniz Qüvvələrinin imkanlarını yoxlayırsa, vəziyyətlə yerində tanış olursa, bu, o deməkdir ki, hələ qarşıda Azərbaycanı təkcə quruda deyil, suda da, havada da bir sıra vəziyyətlər gözləyə bilər, Azərbaycan bir sıra vəziyyətlərlə üz-üzə qala bilər, ona görə də biz bəzi işlərimizi görməliyik və o işlər görülür. Xəzər dənizində yeni, sürətli katerlər alınır. Bu, həm Müdafiə Nazirliyi, həm Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə Xidməti üçün önəmli məsələdir. Ümumiyyətlə, xeyli işlər görülür. Artıq biz Qarabağ məsələsini həll eləmişik. İndi hava məkanıdır, yəni Hərbi Hava Qüvvələridir, onun üçün İtaliyadan, Pakistandan, digər ölkələrdən yeni təyyarələr alınır, yeni avadanlıqlar quraşdırılır. Biz də  özümüz üçün lazım olan işləri görürük”.

O ki qaldı Ermənistan ordusu ilə Azərbaycan ordusunun yaxın illərdə üz-üzə gəlməsi ehtimalına, Ü.Cəfərov bunu real saymır: “Mən elə bir təhlükə görmürəm. Düzdür, bəzi maraqlı qüvvələr növbəti toqquşmalar üçün çalışırlar, müxtəlif yollara əl atırlar. Amma alınacaqmı? Mən şəxsən düşünürəm ki, alınmayacaq. Çünki artıq Ermənistan başa düşür ki, indiyə qədər ondan öz məqsədləri üçün istifadə eləyiblər. Və bu məqsədlərdən də istifadə etdikcə, Ermənistanı çox çətin vəziyyətə salıblar və Ermənistan da bundan sonra belə bir avantüraya getmək niyyətində deyil. Ən azından mən bunu baş verən proseslərdə açıq-aydın görürəm. Həmin o revanşistlər, separatçılığa dəstək verən şəxslər də bu gün Ermənistanda qanun qarşısında məsuliyyətə cəlb olunublar və öz layiq olduqları cəzanı çəkməlidirlər”.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR