İnsanlara hürriyət, millətlərə istiqlal!

Nostalji oyadan avtovağzal

Lənkəran şəhərinin avtovağzalı məni birdən-birə 40 il geriyə apardı. Elə bil, PAZ markalı avtobusa oturdum və yamaqlı, kələ-kötür küçələrlə getdim və bir də onda gözümü açdım ki, 1980-ci illərin ortalarındayam. Oxumuş adamlar demişkən, tam bir nostalji və ya dejavyu fırtınası.

İndiki cavanlar bilməz, o vaxtlar hər rayonun, şəhərin belə bir avtovağzalı olardı. Kənd adamları ona “vağzal” da deməzdilər, “avtobus ayağı” deyərdilər. (“Poyuz ayağı”, yəni qatar vağzalı ayrıydı). Bir mərtəbəli, bir kassalı, yastı-yapalaq bina olardı. Kassirlərin elə bir işi olmazdı, yəni hələm-hələm bilet satmazdılar. Bu işi avtobus sürücüləri və onların köməkçiləri görərdi. Yerləri yaxın rayonlara gedən nənələrlə doldurardılar, şəhərə, oxumağa gedən tələbələrə isə bir taxta parçası verərdilər ki, iki oturacağın arasına qoyub otursunlar. O taxta parçası təsadüfi olmazdı, hansısa xarratın “yüz ölçüb, bir biçdiyi” əşya olardı, uzunluğu nə bir millimetr artıq, nə bir millimetr əskik olardı və iki oturacağın arasına cuk deyib oturardı.

İçindən keçdiyimiz rayonlardakı bənzər avtovağzalları görəndə şükür edərdik ki, nə yaxşı, bu rayonun avtovağzalı bizimkindən fərqli deyil, elə həmin gündədir. Sanki hamısını eyni memar eyni smeta ilə tikmişdi.

Bizim rayonun avtovağzalı da fərli və fərqli deyildi. Amma bizimkinin bir özəlliyi vardı ki, avtovağzalın önündə, obyektə girən və çıxan yolun ortasında inqilabçı Xanlar Səfərəliyevin büstü qoyulmuşdu və yolu buradan keçən sürücülərin hamısı istisnasız olaraq o kişinin başına dolanırdılar. “Dolanım başına, dolanım” məsələsi. Vağzal Xanlar küçəsində yerləşirdi və rayon mərkəzinin ən geniş iki küçəsindən biriydi.

Attachment

Xanlar Səfərəliyev Stalinin dostu olubmuş, 1905-ci ildə Bakıda, Bibiheybət tərəflərdə kapitalistlər killer tutub onu öldürdübmüş və Stalin onun dəfnində çıxış edərək deyibmiş ki, biz əziz Xanların xatirəsini heç vaxt unutmayacağıq.

Doğrudan da Stalin 17 ildən sonra SSRİ-nin rəhbəri olanda Xanları da unutmayıb. Sovet dövründə elə bir şəhər, qəsəbə yox idi ki, onlarda Xanlar küçəsi olmasın. Təsəvvür edin, ölkədə birdən birə onun adına iki rayon verilmişdi – biri Xanlar (indiki Göygöl), o biri də Səfərəliyev (indiki Samux) rayonları idi. Arada o rayonları birləşdirdilər, sonra yenidən ayırdılar və adlarını da dəyişdilər.

(Ona qalsa 40 il əvvəl ölkəmizdə Mirbəşir, Qasım İsmayılov, Əli Bayramlı, Jdanov kimi inqilabçı adları daşıyan şəhərlər də vardı və indiki gənclər belə mənasız informasiyaları bilməsələr yaxşıdır, çünki lazımları olmayacaq.

İndi gələk həmin o rayon avtovağzallarının tualetinə. Yaxşısı budur, yan keçək. Çünki istənilən şəhərin ən üfunətli yeri məhz rayon avtovağzallarının tualeti olardı. Sərnişinlərin çoxu çalışardı ki, yolları ora düşməsin. Amma təntimişlərin variantı yox idi və onlar ümumi üfunət nöqtəsinə öz töhfələrini verməyə məcbur idilər. O vaxtlar indiki kimi səliqəli WC-lər-zad yox idi, biabırçılıq idi.

lvaq-3.jpeg (142 KB)

Rayon avtovağzallarının yerləşdiyi küçə, vağzal binasının qarşısı da çox zaman çala-çuxur olardı. Yağışlı havada elə bilərdin ki, hətta daha 40 il geriyə gedib düşmüsən. Camaat bu mənzərəyə “rayonun yiyəsi yoxdur” kimi izahatlar verərdi.

Dünən Lənkəran şəhərində gördüyüm modern supermarketlər, şadlıq sarayları, mağazalar, xidmət mərkəzləri, parklar göstərirdi ki, şəhərin yiyəsi var, amma avtovağzalın yiyəsinin olmaması şəksiz idi. Ta bir söz demirəm, özünüz aşağıdakı şəkillərə baxın, qiymət verin.

lvaq-1.jpeg (222 KB)

Daha bir nostaljini isə iki sərnişini rayonun hansısa kəndinə aparmaq istəyən taksi sürücüsü oyatdı. O, tipik sovet taksisti idi. Sürücü Bakıda mənzil kirayələyib gəlmiş 1-ci kurs tələbəsinə və onun atasına oxşayan sərnişinləri yaşadıqları kəndə aparmaq üçün adambaşına 10 manat istəyirdi və yüksək, hikkəli səslə tələb edirdi ki, maşına otursunlar. Ata-oğul dirəşmişdilər, deyirdilər, bahadır. Doğrudan da bahaydı. Biz tələbə olanda rayondan kəndə 1 nəfər olsaq da, 10 manata gedirdik, 4 nəfər olsaq da. Bu isə hərəyə 10 manat istəyirdi və güman ki, daha iki nəfər götürəcəkdi (heç olmasa o səmtdəki kəndlərə getmək istəyənlərdən). Ehtimal vardı ki, sürücü həmin iki nəfəri tapmasa, boş yerlərin pulunu da ata-baladan tələb edəcəkdi. Adamda belə bir potensial olduğu bəlliydi. Onun sükan arxasından düşüb potensial sərnişinlərə zor tətbiq edəcəyini, şübhəli şəxsin “Fiat-Dobla”ya mindirilməsi vaqiəsi yaşadacağını da gözləyirdim. Xoşbəxtlikdən, ata-bala ondan uzaqlaşdı.

Mən mənzərənin şəklini çəkəndə yerli adamlardan biri dedi ki, görürsünüz də, rayonun yiyəsi yoxdur. “Nə də bir çəkib yazan var ki, istilənib, gəlib düzəltsinlər”, - adam dedi. Mən də ona cavab verdim ki, görürsənmi, çəkirəm, gedib yazacam. Qoy əlaqədar adamlar gəlib buraya 2 maşın asfalt töküb düzəltsinlər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Sentyabr 2026

10 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR