İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıdan İrəvana SON XƏBƏRDARLIQLAR – Paşinyan üçün gerisayım başladı

Xarici işlər naziri Ceyhun Bayramov Bakıda keçirilən beynəlxalq tədbir çərçivəsində jurnalistlərə Ermənistanla münasibətlərin perspektivləri barədə mühüm açıqlamalar verib. Azərbaycan baş diplomatı bildirib ki, ermənistanlı həmkarı Ararat Mizoyanla Bişkekdəki son görüşündə ikitərəfli görüşlərin davam etdirilməsi razılaşdırılıb. Nazir eyni zamanda delimitasiya prosesi ilə bağlı Azərbaycan və Ermənistanda yaradılmış komissiyaların apardığı işlərdən bəhs edib. Bildirib ki, delimitasiyanın şimaldan cənuba doğru aparılması razılaşdırılıb, artıq bununla bağlı prinsipial qərarın olduğunu açıqlayıb.

XİN başçısının dediklərindən belə məlum olur ki, sərhədlərin təqribən 13 kilometrlik hissəsinin dəqiqləşdirilməsindən sonrakı uzun fasilədən sonra nəhayət, delimitasiyanın “don”u açılacaq və nəhs 13 rəqəminin səddi aşılacaq. Delimitasiya prosesinin şimal sərhədlərindən, Azərbaycan, Ermənistan və Kürdistanın kəsişmə nöqtəsindən başlaması, şimaldan cənuba doğru davam etdirilməsi çox mühüm məsələdir və bu, Cənubi Qafqaz ölkələrinin konsolidasiyası üçün də önəmli faktordur.

caf06152055481c9ca35e39178778a88.jpg (323 KB)

Azərbaycanın xarici işlər naziri həmçinin Ermənistanla sülh sazişinin paraflanmasından sonrakı proseslə bağlı vacib xatırlatmalar edib.

Beləliklə, Ermənistanda referendum keçirilməli, yeni konstitusiya qəbul edilməlidir! Nazirin bu xatırlatması ciddi məsələdir və rəsmi İrəvan məsələnin ciddiliyini nəzərə almalıdır!Çünki Azərbaycan xarici işlər nazirinin qeyd etdiyi kimi, rəsmi Bakı prosesin tam başa çatdırılması, sülh sazişinə son imzanın atılması üçün nəticəni gözləyir. Təbii ki, bu gözlənti sona qədər ola bilməz. O mənada rəsmi İrəvan maksimum say göstərməlidir ki, Azərbaycanın səbrini daşırmasın, dövlətimizin humanist mövqeyindən sui-istifadə etməsin.

Amma Ermənistan tərəfdən bir sıra hallarda cığallığın, məqsədli şəkildə süründürməçiliyin müşahidə olunması narahatlıqlar yaradır və ortaya suallar çıxarır. Bu mənada konkret detalları xatırlatmaqda fayda var. Məsələn, baş nazir Nikol Paşinyan vətəndaşlarına vətəni başqa ölkələrdə, Azərbaycan, Türkiyə, Gürcüstan, yaxud İranda deyil, Ermənistanın özündə axtarmağı tövsiyə edir. Bu, çox yaxşı haldır. Nəhayət ki, real Ermənistan qurmaq istiqamətində, bu ölkənin kadastr sənədi əldə etməsinə nail olmaqla bağlı doğru yol göstərilir. Amma gəlin görək ki, bu mövqedən irəli gələn hansı addımlar atılır? Ermənistan xüsusilə də Qərbdəki havadarlarından bəhrələnərək, Avropakı institutlardan, paytaxtlardan aldığı maliyyə hesabına, həmçinin ABŞ-dən əldə etdiyi vəsaitlərlə ordusunun gücləndirilməsinə səy göstərir. Təkcə Hindistandan 2 milyard dollarlıq silah-sursatın alınması faktdır. Eyni zamanda Ermənistanda PUA istehsalı və digər müasir silahların istehsalı ilə bağlı prosesə rəvac verilməsinin özü suallar yaradır.

8a1a16ad-a109-376c-8111-2263cba827c5_1200.jpg (74 KB)

Ermənistan sülhə hazırlaşır, yoxsa yeni müharibəyə?! Axı, biz unutmamışıq, tarixin sonuncu yüzilliyində Ermənistan vaxtaşırı Azərbaycanla əldə olunmuş anlaşmadan sui-stifadə edib. Hətta İrəvanın ermənilərə güzəşt edilməsindən sonra ermənilər Azərbaycana qarşı ərazi iddiası qaldırmayacağını bəyan etdikləri halda, sonradan Qərbi Zəngəzurun da ilhaqına nail olublar. Eyni zamanda 70 illik sovet imperiyası dönəmində azərbaycanlıların deportasiyasını həyata keçirdilər, sonuncu halda Qarabağda qanlı hadisələrə rəvac verdilər. Bu mənada Ermənistan rəhbərliyi necə təminat verə bilər ki, silahlanma şəraitində - özü də müasir silahlandırmadan söhbət gedir - Ermənistan bir daha Azərbaycana qarşı hər hansı xain addımlara rəvac verməyəcək?! Eyni zamanda son vaxtlar Ermənistan mediasında davamlı şəkildə Laçın tərəfdən, Həkəri çayı istiqamətindən Azərbaycan ordusunun guya Ermənistan ərazisinə doğru irəliləməsi barədə iddiaları tirajlayırlar və ictimai rəyi təxribatlara hazırlayırlar. Eyni zamanda Ermənistanın iddialarına hüquqi zəmin hazırladıqları görüntüsü də yaranır. Hələ Ermənistan Azərbaycandan özünün real ərazisi barədə təminat almadığı, sərhədlər şərti xarakterli olduğu halda - xüsusilə də söhbət Azərbaycan tarixi ərazilərində yaradılmış bir ölkədən gedir - Azərbaycana qarşı hansı iddialar ortaya çıxarıla bilər? Deməli, bu, məkrli niyyətdən xəbər verir.

8648f6372d2fa6945db0e1aae0192ba7.jpeg (363 KB)

Eyni zamanda Sədərək rayonunun 36 ildir işğal altında olan Kərki kəndinin Azərbaycandan qaytarılmaması ilə bağlı Ermənistandakı çağırışlar da diqqət çəkir. İddia olunur ki, strateji əhəmiyyətli yolun üzərində yerləşən kəndin qaytarılması Ermənistan həyatını iflic edə bilər. Diqqət edin, Azərbaycan Ermənistan üçün də həyati əhəmiyyət kəsb edən Zəngəzur dəhlizinin reallaşması üçün əlindən gələni edir, kommunikasiyaların açılmasına yönəlik siyasət yürüdür, dövlət başçımız Ermənistanı Metsamor bombasından imtina etməyə çağıraraq bu ölkəyə elektrik enerjisi vəd edir, ölkəmizin ərazisindən İrəvana taxıl, yanacaq daşınır, ermənilər isə Kərki xofundan xilas ola bilmirlər. Biz Zəngəzur dəhlizini onlara etibar ediriksə və vətəndaşlarımızın, yüklərimizin 42 km-lik məsafədən keçməsində dəhşətli heç nə görmürüksə, ermənilər 5-6 km-lik Kərki yolundan niyə qorxurlar? Sadəcə, erməni məkridir, maksimum qopartmağa çalışırlar...

Nazir Ceyhun Bayramov bildirib ki, Ermənistan üzərinə düşən öhdəliklərə əməl etməlidir. Bəli, Ermənistan konstitusiyasını dəyişdirməlidir, Azərbaycana qarşı ərazi iddialarına birdəfəlik yox deməlidir! Əks halda hər hansı sülh sazişindən söhbət gedə bilməz, necə ki, dövlətimizin başçısı bu barədə dəfələrlə xəbərdarlığını edib.

Ermənistan Konstitusiyasına və normativ hüquqi aktlara düzəlişlər qaçılmazdır! Eyni zamanda İrəvan Zəngəzur dəhlizi ilə bağlı İrandan, Rusiyadan gələn təhdidlərə cəsarətli mövqe bildirməlidir. Deyilməlidir ki, 42 km-lik ərazi mənə məxsusdur və sizin qarışmağa haqqınız yoxdur! Hələ də Zəngəzur dəhlizində tikinti işlərinə başlanılmayıbsa, bunun özü də suallar doğurur.

KREML SON.jpeg (84 KB)

Bu arada, Nikol Paşinyanın Rusiyaya dəvət olunması heç şübhəsiz ki, həm Azərbaycanla imzalanmalı olan sülh sazişi, Zəngəzur dəhlizi ilə bağlı Rusiyanın bəlli narahatlıqlarından irəli gəlib. Moskvaya dəvət olunan Paşinyanın tez-tələsik Parisə uçması isə ondan xəbər verir ki, erməni baş nazir Rusiya və Avropa arasında hansısa seçimi etməli olduğunu Makronla təcili müzakirə etmək niyyətindədir. Bu səfərlərdən sonra Nikol Paşinyan hansı mövqedə dayanacaq, gözləyək... Amma zaman çox deyil, təcili qərar verilməlidir. Bu gün Bakıdan verilən mesajlar və xəbərdarlıqlar Paris-Moskva “havasızlığında” qalan Ermənistanın baş naziri üçün ciddi siqnaldır və bu siqnallardan nəticə çıxarmalıdır. Əks halda, sonra çox gec ola bilər...Paşinyan üçün gerisayım başladı...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Sentyabr 2026

09 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR