Onlayn ictimai-siyasi qəzet
Nikol Paşinyan Parisdən paylaşım edib: “Sabahınız xeyir, gününüz xoş keçsin və hamınızı sevirəm”.
Həmişəki qaydada əllərini qoşalayıb, ürək forması da göstərib. Təbii ki, bütün bunların bizə dəxli yoxdur, erməni baş nazir soydaşlarına xitab edir.
Amma Nikol Paşinyan guya ki, Azərbaycanla sülh tərəfdarıdır və hətta 8 avqust 2025-ci ildə əldə olunmuş Vaşinqton razılaşmalarının ildönümü münasibətilə cəmi bir ay əvvəl Azərbaycan xalqına da təbrik ünvanlamışdı.
Budur, Paşinyan kefikök paylaşımlar etdiyi anlarda Xocalıdan daha bir xəbər gəldi: ANAMA-nın əməkdaşı minaya düşüb!
Məlumata görə, hadisə rayonun Daşkənd kəndi ərazisində baş verib. ANAMA əməkdaşı kənd ərazisində minatəmizləmə işləri apararkən mina partlayışı baş verib. Bildirilir ki, agentliyin əməkdaşı, 1990-cı il təvəllüdlü Anar İftixar oğlu Həsənov xidməti vəzifəsini yerinə yetirərkən piyadaəleyhinə mina partlayışı baş verib və o, hadisə nəticəsində sol ayağından xəsarət alıb...
Azərbaycan Prezidenti İlham Əliyev bir həftə öncə Bakıda keçirilən “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciətində dəhşətli statisika barədə bunları söyləmişdi: “Vətən müharibəsinin bitdiyi 2020-ci ildən indiyədək mülki şəxslər, hərbçilər, minaaxtaranlar, jurnalistlər və yenidənqurma işlərində iştirak edən şəxslər də daxil olmaqla, 437 Azərbaycan vətəndaşı mina və partlayıcı sursat hadisələrinin qurbanı olub, nəticədə 73 nəfər həyatını itirib, 364 nəfər ağır yaralanıb”.![]()
Ölkə başçısı əlavə etmişdi ki, ümumilikdə, Ermənistanın Azərbaycana qarşı təcavüzü başlayandan bəri 3 min 500-dən çox vətəndaşımız minalardan zərər çəkib. Onların arasında uşaqlar, qadınlar və digər mülki şəxslər də var ki, bu gizli təhlükə onların həyatına faciəvi təsir edib.
Diqqət edin, dövlətimizin başçısının müraciətindən bir neçə gün öncə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial media hesabında yazmışdı ki, 2020-ci il noyabrın 10-dan etibarən Azərbaycanda mina partlayışları nəticəsində 427 nəfər zərərçəkən qeydə alınıb, onlardan 73 nəfəri həlak olub, 354 nəfəri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Zərərçəkənlərin 231 nəfəri mülki şəxsdir. Qısa müddət ərzində daha 10 mina terroru ilə üzləşib Azərbaycan vətəndaşları, təhlükənin miqyası bu dərəcədə genişdir!!!
Sentyabrın ilk günlərindən başlayaraq daha bir neçə mina partlayışı baş verib, bəzi hallarda vətəndaşlarımız ağır xəsarətlər alıb, digər hadisələr zamanı xoşbəxtlikdən yalnız texnika sarıdan zərər görmüşük.
44 günlük müharibədən sonra üzləşdiyimiz mina terrorunun statistikası barədə yuxarıda bildirildi. 1991-ci ildən bu günədək isə mina qurbanlarının ümumi sayı 3 500 nəfəri ötüb. Onların arasında 362 uşaq və gənc, eləcə də 38 qadın var. Bu statistikanı da Prezidentin köməkçisi açıqlamışdı.
H.Hacıyevin də vurğuladığı kimi, minaların yaratdığı faciəvi insan itkisi ilə yanaşı, genişmiqyaslı mina çirklənməsi məcburi köçkün ailələrinin öz doğma yurdlarına təhlükəsiz qayıdışına, azad edilmiş ərazilərin bərpasına, iqtisadi inkişafına və kənd təsərrüfatının dirçəldilməsinə ciddi maneə törədir. Sitat: “Aşkar edilərək zərərsizləşdirilən hər bir mina təkcə potensial olaraq xilas edilmiş bir insan həyatı deyil, həm də bərpa və yenidənqurma yolunda atılmış mühüm addımdır. Minatəmizləmə fəaliyyəti yalnız təhlükəsizlik məsələsi deyil, həm də humanitar zərurət və dayanıqlı bərpa ilə inkişafın əsas şərtlərindən biridir”.
Təsəvvür edin ki, Azərbaycan dövləti son bir neçə il ərzində minlərlə minanın zərərsizləşdirilməsinə nail olmasaydı, faciələrin miqyası hansı həddə qədər yüksələ bilərdi? Təkcə avqustun 31-dən sentyabrın 6-dək azad olunan ərazilərdə 28 tank əleyhinə mina, 140 piyada əleyhinə mina, 1390 digər partlayıcı hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib! Hər mina nə qədər canlar almağa qadirdir, amma nə olsun, beynəlxalq təşkilatlar, Bakıdakı həbsxanada haqq etdiyi cəzalarını çəkən erməni separatçıları üçün üz cıran, yaxa yırtan Avropa institutları, paytaxtları, liderlərinin vecinə deyil artan faciələr. Xatırladaq ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN), beş yerli təşkilat və bir QHT Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.
Nəzərə alsaq ki, işğaldan azad olunmuş Şərqi Zəngəzur və Qarabağ bölgəsində 1 milyondan artıq minanın, partlamamış hərbi sursatın olduğu ehtimal edilir, deməli, təmizlənmə işləri üçün qarşıda neçə illər, böyük vəsait və insan resursu lazımdır. Azərbaycan isə bir neçə kiçik istisna xaric, bu prosesdə təkdir, necə ki, torpaqlarımızı təkbaşına azad etdik.
Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov bildirib ki, 2022-ci ildən etibarən Azərbaycan Birləşmiş Millətlər Təşkilatı ilə tərəfdaşlıq çərçivəsində Bakıda bir sıra beynəlxalq mina fəaliyyəti konfranslarına ev sahibliyi edir. Dövlətimiz mina ilə bağlı məsələləri UNESCO və Birləşmiş Millətlər Təşkilatı da daxil olmaqla digər beynəlxalq platformalarda da gündəmə gətirib.
Nazir müavini bildirib ki, gələcək yardım Azərbaycanın milli prioritetlərini nəzərə almalı, praktiki və nəticəyönümlü olmalıdır. O, texniki avadanlıqların Azərbaycanın ərazi, iqlim və hava şəraitinə uyğun olmasının vacibliyini vurğulayıb. Həmçinin qeyd edib ki, əməkdaşlıq yalnız avadanlıq təminatı ilə məhdudlaşmamalı, yerli istehsal, texniki xidmət, təlim və texnologiya transferini də əhatə etməlidir.
Amma gərəkən dəstək müşahidə edilmir. Üstəlik, mina partlayışlarına, insanların taleyinə dəyən zərbələrə beynəlxalq səviyyədə reaksiyasızlıq hökm sürür. Üstəlik, Nikol Paşinyan Xocalıda partlayan növbəti mina xəbərini Parisdən izləyərkən kefikök görünür. Təəccüblü deyil, çünki kürəyini söykədiyi, vaxtaşırı qucaqlaşdığı Fransa prezidenti Makron bircə dəfə də olsun ədalətli mövqe sərgiləməyib Azərbaycan – Ermənistan münasibətlərinə dair. Elə Paşinyanın qatıldığı, Parisdə keçirilən Beynəlxalq Kosmik Sammitə Cənubi Qafqazdan Azərbaycanın dəvət olunmaması da Fransa rəhbərliyinin münasibətinin göstəricisidir...Bunlar yenilik deyil, boş verək...![]()
Ermənistanın Azərbaycana təhvil verdiyi mina xəritələrinin cəmi 25 faizə qədəri doğru çıxdı. Saxta xəritələrlə işini bitmiş sayan Ermənistan rəhbərliyi özünü sülh göyərçini kimi göstərir. Amma reallıq budur: Ermənistanın Azərbaycana qarşı səssiz müharibəsi, mina terroru davam edir, atəş kəsilsə də!
Ermənistan çox yox, Azərbaycanın üzləşdiyi mina terrorunun 5 faizinə məruz qalsaydı, aləmi bir-birinə qatardı, Makron qarışıq, bütün ermənipərəstlər səfərbər olunardı Azərbaycana qarşı!
Amma Azərbaycan yox edilmiş şəhər və kəndlərimizi yenidən qurur, əhalinin qayıdışını təşkil edir, di gəl, vətəndaşlarımız, hətta mina təmizləyənlərimiz, əkinçiliklə məşğul olan sadə insanlarımız mina terroruna məruz qalırlar. Sual olunur, bu, nə vaxta qədər davam edəcək, Nikol Paşinyan?! Niyə işğal dövründə o minaları basdıranlardan ibarət komissiyalar yaradılmasın, Azərbaycanla əməkdaşlıq qərarı verilməsin bu sahədə?
Əgər doğrudan da sülh istəyirlərsə, məntiqlə belə olmalıdır! Yaxud Azərbaycan və Ermənistan arasında sülhə “töhfə” vermək istəyən Rusiya nədən “sülhməramlı”larının mövcud olduğu ərazidəki minalarla bağlı cavabdehlik daşımamalı, ən azı onların zərərsizləşdirilməsi prosesində Azərbaycana humanitar kömək etməməlidir?! 44 günlük mühairbədən sonra erməni işğalçıları minaları rus hərbçilərin müşayiəti ilə “yeni təmas xəttində” basdırıblar! Sülhməramlıların meyit alveri edən komandanlarında bu xəritələr şübhəsiz ki, var!
P.S. Soyqırıma məruz qoyulmuş Xocalıda mina partlayan gün Azərbaycandan daha bir yük qatarı Ermənistana getdi, taxıl apardı...
P.S.S.Son məlumata görə, Xocalıda minaya düşən ANAMA əməkdaşı Anar Həsənovun ayağı amputasiya olunub...
Elşad Paşasoy,
Musavat.com
10 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ