Onlayn ictimai-siyasi qəzet
Partiya sədri: “Qarşıdakı dövrdə müxtəlif səviyyələrdə təmasların artması...”
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Telefon danışığı zamanı dövlət başçıları iqtisadi-ticari və humanitar əməkdaşlığın bir sıra aktual məsələlərini müzakirə ediblər.
İkitərəfli əlaqələrin müxtəlif səviyyələrdə intensivləşdirilməsi barədə razılıq əldə olunub.
Son aylarda Rusiya-Azərbaycan münasibətlərində müəyyən soyuqluq müşahidə olunurdu. Xüsusən Rusiya mediasında Azərbaycana qarşı ardıcıl kəskin yazılar yayılırdı, çıxışlar edilirdi. Putinin ötən həftə Bişkekdə Prezident İlham Əliyevlə ayaqüstü görüşündən az sonra bu həftənin ilk günündə Azərbaycan prezidentinə zəng etməsi və əldə olunan razılıq münasibətlərin bundan sonrakı dövrdə hansı istiaqmətdə inkişaf edəcəyi ehtimalını gücləndirir?

Ədalət Partiyasının sədri Mütəllim Rəhimli “Yeni Müsavat”a bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngi dialoq mühitinin qurulması baxımından diqqətçəkən hadisədir. Xüsusilə bunun zəngin Bişkek görüşündən qısa müddət sonra baş verməsi iki ölkə arasında münasibətlərin yenidən normallaşdırılması istiqamətində siyasi iradənin hələ də qaldığını göstərir: “Son aylarda Rusiya mediasında Azərbaycana qarşı yazıların artması münasibətlərdəki problemlərin yalnız diplomatik müstəvidə deyil, informasiya məkanında da getdiyini göstərir. Buna görə də Kremlin indi dialoqa üstünlük verməsi müəyyən mənada yeni mərhələnin başlanğıcı təsiri bağışlayır. Rusiya tərəfi münasibətlərin strateji maraqlara zərər vuracaq səviyyədə gərginləşməsində maraqlı olmadığını göstərir.
Prezidentlər arasında danışıqda iqtisadi-ticari və humanitar əməkdaşlığın vurğulanması da təsadüfi deyil. Azərbaycan və Rusiya arasında geniş iqtisadi əlaqələr, nəqliyyat-kommunikasiya layihələri mövcuddur. Moskva Azərbaycanla münasibətlərdəki soyuqluğun daha da dərinləşməsinin regional mövqelərinə mənfi təsir göstərə biləcəyini başa düşür.
Ona görə də prezidentlərin telefon danışığını münasibətlərdə normallaşma prosesinin siqnalı kimi qiymətləndirmək olar. Qarşıdakı dövrdə müxtəlif səviyyələrdə təmasların artması və praktiki əməkdaşlığın genişlənməsi bu müsbət dinamikanın davamlı olub-olmayacağını göstərəcək".
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
09 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ