Onlayn ictimai-siyasi qəzet
İran Fars körfəzində gəmilərinə endirilən zərbələrə cavab olaraq ABŞ-nin bölgədəki hərbi bazalarına və hədəflərinə kütləvi raket zərbələri endirib.
Musavat.com xəbər verir ki, bu barədə İranın SNN telekanalı və SEPAH-a yaxın mənbələr məlumat yayıb.
Məlumata görə, hücumlar zamanı İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) "Xeybərşekan" və kasset döyüş başlığına malik ballistik raketlərdən istifadə edib. Raket buraxılışları Təbriz, Nəcəfabad və Xürrəmabad daxil olmaqla ölkənin bir çox bölgəsindən həyata keçirilib.
Zərbələrin əsas istiqamətlərindən birinin İordaniyadakı ABŞ hərbi obyektləri olduğu bildirilir. Hadisə ilə bağlı İordaniyada hava həyəcanı siqnalı qaldırılıb. Ölkənin HHM (Hava Hücumundan Müdafiə) sistemləri işə düşüb, göy üzündə hava hədəflərinin ələ keçirilməsi və partlayış sesləri qeydə alınıb. İordaniyanın cənubundakı Əqəbə şəhəri istiqamətinə düşən kasset sursatlarının görüntüləri İsrailin Eylat şəhərindən də aydın şəkildə müşahid olunub.
İranın IRIB telekanalının müxbiri bildirib ki, raket hücumlarından az əvvəl ABŞ qüvvələri Cask rayonunun sahil sularında İranın ticarət gəmisinə hücum edib. İran tərəfi raket hücumunun məhz bu addıma və Fars körfəzindəki gəmilərə endirilən zərbələrə cavab olduğunu bəyan edib.
SEPAH telegram kanalının iddiasına görə, Pentaqon hücumlar nəticəsində ən azı 26 amerikalı hərbçinin yaralandığını təsdiqləyib. Bununla bərabər, ABŞ rəsmiləri İran hədəflərinə cavab zərbələrinin davam etdiyini bildirirlər.
@@TVmusavat/154911@@
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ