İnsanlara hürriyət, millətlərə istiqlal!

“Uşaqlarımız riyazi məsələləri həll etməkdə güclüdür, amma...” – Emin Əmrullayev

Elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 – Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatında Azərbaycan üzrə araşdırmaya cəlb olunan şagirdlərin seçimi və nəticələrin hesablanması ilə bağlı maraqlı açıqlamalar verib.

Musavat.com-un xəbərinə əsasən, nazir bildirib ki, PISA çərçivəsində şagirdlər təsadüfi seçmə metodologiyası əsasında müəyyənləşdirilir və bu seçim Azərbaycan tərəfindən deyil, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən həyata keçirilir.

Onun sözlərinə görə, PISA 2025 çərçivəsində Azərbaycandan 241 məktəbdən 7432 şagird iştirak edib:

“7432 şagirdin nəticəsi bütün ölkənin orta nəticəsini təmsil edir. Sadə dildə izah etsəm, insanın qanında hansısa indikatoru ölçmək üçün bütün qanı çıxarıb ölçmürlər. Ondan kiçik bir nümunə götürülür və həmin nümunə əsasında nəticə müəyyənləşdirilir. Burada da eyni məntiq tətbiq olunur. Şagirdlərin müəyyən hissəsi seçilir və həmin seçmə əsasında bütün şagirdlər haqqında orta göstərici formalaşdırılır”.

Nazir PISA-da qiymətləndirilən əsas istiqamətlərə də toxunub.

Emin Əmrullayev bildirib ki, proqramda “dil” deyil, “oxu savadlılığı” qiymətləndirilir:

“Burada üç əsas istiqamət ölçülür. Birincisi, oxu savadlılığıdır. Yəni oxu bacarıqları ölçülür. Ona görə bunu Azərbaycan dili və ədəbiyyat fənni ilə qarışdırmaq düzgün olmaz. Bu, ən yaxşı halda ədəbiyyat fənninin müəyyən məzmun standartlarından biri ola bilər”.

Nazir riyazi savadlılığın mahiyyətindən də danışıb. Onun sözlərinə görə, burada söhbət yalnız riyazi məsələləri həll etməkdən getmir. Şagird real həyatda qarşılaşdığı hadisəni riyazi formulaya çevirməli, həmin formulu həll etməli və əldə etdiyi nəticəni düzgün şərh etməlidir.

“Ənənəvi olaraq bizim problemimiz odur ki, uşaqlarımız riyazi problemlərin həllində kifayət qədər güclüdürlər. Amma həmin nəticələrin şərhində əsaslı şəkildə çətinlik çəkirlər. Bu tipli tədqiqatlar bizə belə nəticələrə gəlməyə imkan verir”, – deyə Emin Əmrullayev qeyd edib.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR