İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərvət dəyərində yaşıl daş tapıldı: İndi hamı onu axtarır

Braziliyanın Piauí ştatında kənd ərazisində təsadüfən nadir yaşıl opal yatağı aşkarlanıb. Gözlənilməz kəşf həm alimlərin, həm də bölgə sakinlərinin böyük marağına səbəb olub.

Hadisə Castelo do Piauí bələdiyyəsinin Caratinga bölgəsində, rayon mərkəzindən təxminən 30 kilometr məsafədə yerləşən kənd ərazisində baş verib. Ərazidə əvvəllər rast gəlinməyən parlaq yaşıl rəngi və süxur daxilindəki müəyyən damarları ilə diqqət çəkən opal yatağının böyük iqtisadi potensiala malik ola biləcəyi bildirilir.

Xəbərin yayılmasından sonra əraziyə maraq kəskin artıb. Bölgə sakinləri və mədən axtarışına maraq göstərən şəxslər əraziyə üz tutmağa başlayıb.

Nadir opalın aşkarlanmasından sonra Piauí Federal Təhsil, Elm və Texnologiya İnstitutunun (IFPI) tədqiqatçıları daşın kimyəvi və mineralogiya quruluşunu müəyyənləşdirmək üçün laboratoriya araşdırmalarına başlayıblar.

Pedro II və Buriti dos Montes kimi bölgələrdə daha əvvəl mavi, sarı, qırmızı və narıncı rəngli opallar aşkarlanıb. Lakin yeni yataqda yaşıl rəngin üstünlük təşkil etməsi mütəxəssislərin xüsusi marağına səbəb olub.

Alimlər daşın yaşıl rənginin dəqiq səbəbini hələ müəyyən edə bilməyiblər. İlkin ehtimallara görə, rəngə mineralın tərkibindəki mis və ya müəyyən gil növləri təsir göstərə bilər.

Daşın tərkibi və daxili quruluşu üzərində aparılan analizlər nəticəsində onun xüsusiyyətlərinin daha dəqiq müəyyənləşdirilməsi gözlənilir.

İlkin qazıntılar zamanı süxur blokunun daxilində nəzərəçarpacaq opal damarları aşkarlanıb. Kəşfin ardından əraziyə marağın artması səbəbindən təhlükəsizlik tədbirləri gücləndirilib.

Tədqiqatçılar yatağın ehtiyat həcmini müəyyənləşdirmək üçün araşdırma sahəsini genişləndirmək qərarına gəliblər. Bunun üçün həm əsas mülkün digər hissələrinin, həm də yaxın ərazilərin öyrənilməsi planlaşdırılır.

Ərazi sahibinin Milli Mədənçilik Agentliyində (ANM) qeydiyyatının və ekoloji lisenziyasının olması araşdırmaların geoloqlar və akademiklərin nəzarəti altında aparılmasına imkan verir.

Mütəxəssislər həmçinin qazıntılar zamanı yaranan mədən tullantılarının qiymətləndirilməsi və ərazinin sonradan ekoloji baxımdan bərpa edilməsi məsələlərini də araşdırırlar.

Əgər yatağın kommersiya potensialı təsdiqlənərsə, qiymətli xammalın xammal şəklində satılması əvəzinə onun bölgədə emal olunması planlaşdırılır.

Castelo do Piauídə daşların kəsilməsi, zərgərlik və müxtəlif bəzək əşyalarının hazırlanması üçün yerli istehsal imkanlarının yaradılması nəzərdə tutulur. Bununla yanaşı, gənclər üçün daş yonma və zinət əşyalarının dizaynı üzrə təlimlərin keçirilməsi planlaşdırılır.

Hazırlanacaq məhsulların bölgənin kanyon və təbiət turizmi ilə əlaqələndirilməsi və bununla da yerli iqtisadiyyata əlavə gəlir gətirməsi gözlənilir.

Lakin yaşıl opal yatağının real iqtisadi dəyəri və kommersiya baxımından nə qədər əlverişli olduğu yalnız laboratoriya analizlərinin yekun nəticələrindən sonra məlum olacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Sentyabr 2026

08 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR