Onlayn ictimai-siyasi qəzet
Ukraynadakı “xüsusi hərbi əməliyyat” Rusiyanın demoqrafik vəziyyətində müəyyənedici amil deyil. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunda deyib. Onun sözlərinə görə, doğum səviyyəsi hazırda Rusiya üçün əsas problemlərdən biridir. Rusiya Prezidenti qeyd edib ki, bu məsələ üzərində iş aparılacaq.
Bununla belə, Rusiya Prezidenti ölkəsinin Uzaq Şərq regionunda demoqrafik vəziyyətin Yaponiya və Cənubi Koreya kimi ölkələrdən daha yaxşı olduğunu vurğulayıb. Putinin fikrincə, Cənubi Koreya və Yaponiya hərbi əməliyyatlar aparmır, lakin onlarda doğum səviyyəsi azalır. Bəs, Rusiyanın demoqrafik vəziyyətində müəyyənedici amil müharibə deyilsə, nələrdir? Putin deyir ki, demoqrafik problem üzərində iş aparılacaq. Hansı işləri aparmaqla vəziyyəti müsbətə dəyişmək mümkündür?E
Ekspertlər hesab edir ki, Putinin bu fikrində müəyyən məntiq var. Çünki Rusiyanın demoqrafik problemini yalnız Ukraynadakı müharibə ilə izah etmək düzgün deyil. Müharibə problemin yeganə və ilkin səbəbi deyil, Putinin dilə gətirdiyi problemin gücləndiricilərindən biridir. Putin haqlıdır ki, Cənubi Koreya və Yaponiya müharibə aparmadıqları halda belə çox aşağı doğum göstəricilərinə malikdirlər. Deməli, problem təkcə müharibə ilə izah edilə bilməz. Problemin kökləri daha dərindir və 1990-cı illərdən formalaşan uzunmüddətli demoqrafik proseslərlə bağlıdır. Rusiyada 2025-ci ildə doğulan uşaqların sayı 1999-cu ildən bəri ən aşağı səviyyəyə düşüb. 2016–2025-ci illərdə təbii əhali azalması 3 milyonu keçib. Bu faktlar da demoqrafik vəziyyətin Ukrayna müharibəsindən öncələrdən etibarən mənfiyə istiqamət götürdüyünün təsdiqidir.
Rusiyalı ekspertlərin və juranlistlərin araşdırmaları da Rusiyanın demoqrafik probleminin əsas səbəblərinin başqa olduğunu ortaya çıxarır. Birinci və ən mühüm səbəb kimi doğum yaşına çatan qadınların sayının azalması göstərilir. 1990-cı illərdə Rusiyada doğumların kəskin azalması həmin nəsillərin bu gün valideyn yaşına çatmasına təsir göstərir. Yəni dövlət bu gün doğum səviyyəsini artırmaq istəsə belə, potensial valideynlərin sayı əvvəlki nəsillərlə müqayisədə azdır. Məhz buna görə problemin həlli yalnız pul müavinətləri ilə mümkün deyil.
İkinci amil ailə qurma yaşının yüksəlməsi və insanların daha az uşaq sahibi olmasıdır. Mənzil, gəlir, iş sabitliyi, uşağın təhsili və gələcək xərcləri kimi faktorlar ailələrin ikinci, üçüncü uşağı planlaşdırmasına ciddi təsir edir.
Üçüncü amil kimi isə ölüm səviyyəsi və kişilərin əmək qabiliyyətli yaşlarda itirilməsi qeyd edilir. Rusiya əhalisinin azalmasına yalnız aşağı doğum deyil, həm də ölüm göstəriciləri təsir edir. Müharibə isə sadəcə məhz bu istiqamətdə əlavə mənfi yük yaradır, gənc və orta yaşlı kişilərin itirilməsi gələcək ailə və doğum potensialını azaldır.
Dördüncü amil miqrasiya və əmək resursları məsələsidir. Rusiya uzun müddət əhali və işçi qüvvəsi çatışmazlığını miqrasiya hesabına kompensasiya edib. Lakin bu, doğum problemini həll etmir, sadəcə əmək bazarındakı boşluğu müəyyən qədər doldurur. Sahə ekspertləri qeyd edirlər ki, problemin həlli, ya ən azından ağırlaşma tendensiyasını durdurmağın yolu yalnız birdəfəlik pul, müavinətlər verməkdən çox, ailə sahibi olmağı iqtisadi və sosial baxımdan daha təhlükəsiz etməkdən keçir. Rusiyanın artıq “analıq kapitalı”, uşaq müavinətləri və digər maliyyə proqramları var. Bu proqramların müəyyən müsbət təsiri olub, amma onların təsiri məhduddur. Ona görə real nəticə üçün bir neçə istiqamətlərdə paralel siyasət lazımdır. Məsələn, gənc ailələr üçün mənzil proqramları genişləndirilməlidir. Xüsusilə birinci və ikinci uşağın doğulmasından sonra ailənin mənzil yükü əhəmiyyətli dərəcədə azaldılmalıdır. Bu istiqamətdə Rusiyada artıq addımlar atıldığı bildirilir. Uşaq böyütməyin real xərci dövlət tərəfindən daha çox kompensasiya edilməlidir. Bağça, məktəb, səhiyyə, dərsdənkənar fəaliyyətlər və digər xərclər ailəni üçüncü uşaqdan çəkindirən əsas faktorlardandır. Qadın üçün “uşaq, yoxsa karyera” dilemması zəiflədilməlidir. Çevik iş rejimi, ödənişli valideyn məzuniyyəti, uşaq bağçalarının əlçatanlığı və işə qayıdan analar üçün təminatlar vacibdir.
Kişilər arasında vaxtından əvvəl ölümün azaldılması Rusiyanın demoqrafiyası üçün doğum səviyyəsinin artırılması qədər əhəmiyyətlidir.
Etibar Seyidağa,
Musavat.com
04 Sentyabr 2026
03 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ