Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Kiyevdəki çoxmərtəbəli yaşayış binasına endirdiyi zərbə nəticəsində 3 nəfər xəsarət alıb, onlarla insan təxliyə edilib.
Musavat.com xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti (FHDX) məlumat yayıb.
"Rusiya hərbçiləri Qoloseyev rayonundakı 9 mərtəbəli yaşayış binasına PUA ilə zərbə endiriblər. Zərbə 8-ci və 9-cu mərtəbələr səviyyəsinə dəyib və nəticədə yanğın baş verib", - deyə bəyanatda bildirilir.
Xilasedicilər binadan 25 nəfəri təxliyə etməyə müvəffəq olublar. Bundan əlavə, zərbə nəticəsində 50 kvadratmetr ərazidə alovlanan yanğın xilasedicilər tərəfindən söndürülüb.
Kiyev şəhərinin merı Vitali Kliçko isə bildirib ki, binada yanğın 4-cü mərtəbədən 9-cu mərtəbəyə qədər olan hissəni əhatə edib.
Eyni zamanda, PUA qalıqları Kiyevdəki mağazalardan birinin yaxınlığına düşüb.
"Darnitsa rayonunda PUA qalıqları mağazalardan birinin yaxınlığına düşüb. Məlumata görə, xəsarət alanlar var", - deyə Kliçko bildirib.
Qalıqların düşməsi nəticəsində 2 nəfər xəstəxanaya yerləşdirilib.
Ukrayna Prezidenti Volodimir Zelenski də Rusiyanın Kiyev vilayətində yerləşən "Coca-Cola" zavoduna endirdiyi zərbəni təsdiqləyib.
Ukrayna dövlət başçısının sözlərinə görə, müəssisəyə Rusiya tərəfindən "Shahed" tipli pilotsuz uçuş aparatı ilə zərbə endirilib.
"Bu gün rusiyalılar öz dronları ilə "Coca-Cola" zavoduna zərbə endirdilər. Artıq "Coca-Cola" da onlar üçün o dərəcədə düşmənə çevrilib ki, onu öz "Shahed"ləri ilə yandırırlar. Bu, Amerikaya açıq Rusiya mesajıdır - ruslar bunun Amerika müəssisəsi olduğunu bilməyə bilməzdilər. Rusiyanın bu taktikasına cavab olaraq bizim də asimmetrik əməliyyatlarımız olacaq", - deyə Ukrayna prezidenti qeyd edib.
Bundan əvvəl Ukrayna mediası və Telegram kanalları Kiyev yaxınlığındakı Velikaya Dımerka qəsəbəsi yaxınlığında yerləşən "Coca-Cola" istehsalat müəssisəsinə hücum edildiyini bildirmişdi. Zərbədən sonra obyektdə yanğın başlayıb. FHDX-dən "Suspilne" telekanalına verilən məlumata görə, müəssisənin anbarları yanıb.
Qeyd edək ki, sözügedən zavod sonuncu dəfə 2022-ci ilin martında hücuma məruz qalıb.
Musavat.com


04 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ