Onlayn ictimai-siyasi qəzet
Türkiyənin keçmiş nəqliyyat naziri və Süleymançılar dini icmasının keçmiş lideri Arif Əhməd Dənizoğlunun şübhəli ölümü ilə bağlı aparılan istintaqda yeni hadisə baş verib.
Musavat.com xəbər verir ki, Dənizoğlunun həkimi N.D. “yalan şahidlik” ittihamı ilə saxlanılıb.
Bakırköy Respublika Baş Prokurorluğunun apardığı istintaq Arif Əhməd Dənizoğlunun 2016-cı ildə baş verən ölümünün səbəblərini əhatə edir. Daha əvvəl təbii ölüm kimi qiymətləndirilən hadisə sonradan yenidən araşdırılmağa başlanıb.
İstintaq çərçivəsində diqqətçəkən başqa bir detal da üzə çıxıb. Türkiyə mediasının məlumatına görə, Dənizoğlunun ölümündən sonra hazırlanan ekspertiza hesabatında imzası olan üç həkimdən biri – Yusuf İslam Duman daha sonra FETO işi üzrə istintaqa cəlb edilib.
Mediada yayılan məlumatlarda Dumanın “Zafer” kod adından istifadə etdiyi və ByLock istifadəçisi olduğu bildirilir. Onun 2025-ci ilin aprelində FETO-nun həkimlər strukturuna qarşı keçirilən əməliyyat zamanı saxlanıldığı və daha sonra “təsirli peşmanlıq” müddəalarından yararlanaraq sərbəst buraxıldığı qeyd olunur.
Dənizoğlunun ölümü ilə bağlı istintaqın yenidən genişləndirilməsinə 2026-cı ilin avqustunda verilən ekspert rəyi səbəb olub. Yeni araşdırmada hadisə “şübhəli ölüm” kimi qiymətləndirilib.
Bundan sonra 2016-cı ildə Dənizoğlunun ölümünü beyin qanaması nəticəsində baş vermiş təbii ölüm kimi qiymətləndirən tibbi sənədlər və həmin sənədlərdə imzası olan şəxslərin fəaliyyəti də istintaq predmetinə çevrilib.
Həkim N.D.-nin “yalan şahidlik” ittihamı ilə saxlanılması isə on il əvvəl baş vermiş ölüm ətrafındakı araşdırmanı yenidən Türkiyə mediasının gündəminə gətirib.
Musavat.com
04 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ