Onlayn ictimai-siyasi qəzet
Gürcüstanda siyasi böhranın mərkəzində yalnız həbsdəki Qaribaşvilinin taleyi dayanmır, işin içinə başnazir Kobaxidzenin adı, Jorbinadzenin ölümü və Azərbaycanla sərhəddə yerləşən David-Qareci monastır da daxil olub...
Gürcüstanda hakimiyyətlə müxalifət arasındakı siyasi qarşıdurma yeni və kifayət qədər qalmaqallı mərhələyə keçib.Bellə ki, həbsdə olan keçmiş baş nazir İrakli Qaribaşvilinin yaydığı məktubdan sonra ölkənin Baş Prokurorluğu onu və 10 müxalifət nümayəndəsini dindirilməyə çağırıb. İşin diqqətçəkən tərəfi isə ittihamların mərkəzində hazırkı baş nazir İrakli Kobaxidzenin adının çəkilməsi və məsələnin Azərbaycanın ərazisi ilə bağlı mübahisəli David-Qareci monastır kompleksinə qədər uzanmasıdır.

Musavat.com “Nezavisimaya qazeta”ya istinadən xəbər verir ki, Gürcüstan Baş Prokurorluğunun diqqətini keçmiş baş nazir Qaribaşvilinin son açıqlamaları cəlb edib.
Qaribaşvili Kobaxidzenin hüquq müdafiəçisi Lazare Jorbinadzenin ölümü ilə bağlı mümkün əlaqəsinə eyham vurub. Jorbinadze ölümündən əvvəl Gürcüstan hökumətinin David-Qareci məsələsindəki mövqeyini sərt tənqid edir və Kobaxidzeyə qarşı ciddi ittihamlar səsləndirirdi.
Qeyd edək ki, Jorbinadze 4 aprel 2026-cı ildə ölü tapılıb. Gürcüstan Prokurorluğunun yaydığı məlumata görə, aparılan istintaq və ailə üzvləri, o cümlədən həyat yoldaşının dindirilməsi nəticəsində ölümün intihar olduğu rəsmi olaraq təsdiqlənib. Jorbinadze iddia edirmiş ki, o, guya İrakli Kobaxidzenin David-Qareci monastır kompleksi ilə bağlı müəyyən ərazilərin Azərbaycana verilməsinə dair məxfi sənəd imzaladığını şəxsən görüb. O, həmçinin iddia edib ki, vaxtilə İrakli Qaribaşviliyə də oxşar razılaşmanı təsdiqləmək təklif olunub, lakin bunu qəbul etməyib. Bu iddialar hazırda Gürcüstan daxilində siyasi mübahisənin əsas mövzularından birinə çevrilib.
Söhbət Azərbaycanın Gürcüstanla sərhədində yerləşən və hər iki ölkə üçün böyük tarixi, dini və siyasi əhəmiyyət daşıyan David-Qareci monastır kompleksindən gedir. David-Qareci VI əsrin birinci yarısında Suriyadan Gürcüstana gələn Assuriya atalarından biri olan müqəddəs David Qareceli tərəfindən yaradılıb. Kompleks zamanla çoxsaylı mağara monastırları, kilsələr, ibadətgahlar və yaşayış sahələrindən ibarət böyük dini mərkəzə çevrilib.
Gürcüstanın rəsmi turizm və ensiklopedik mənbələri də kompleksin yaranmasını VI əsrlə əlaqələndirir. Kompleksin uzunluğu təxminən 25 kilometrə çatan qayalıq ərazidə yerləşən mağara tikililərindən ibarət olduğu bildirilir. Burada minlərlə monastır hücrəsi, kilsə və freskalar mövcuddur. David-Qareci orta əsrlər Gürcüstanının ən mühüm dini və mədəni mərkəzlərindən biri hesab olunur. UNESCO-nun ilkin irs siyahısındakı məlumatlarda da kompleksin VI əsrdə formalaşdığı və Gürcüstanın orta əsr dini-mədəni irsi baxımından mühüm əhəmiyyət daşıdığı qeyd edilir. Lakin kompleksin bir hissəsi bu gün Azərbaycan ərazisində, sərhəd xəttinin mübahisəli hissəsində yerləşir. Xüsusilə Bertubani, Udabno və Çiçxituri monastırları ətrafında məsələ uzun illərdir Bakı ilə Tiflis arasında həssas sərhəd və tarixi irs mövzusu olaraq qalır. Məhz buna görə David-Qareci məsələsi Gürcüstanda yalnız dini və tarixi mövzu deyil, həm də siyasi məsələdir.
David-Qareci mövzusu Gürcüstan siyasətində xüsusilə 2020-ci il parlament seçkiləri ərəfəsində ön plana çıxmışdı. Hakim “Gürcü Arzusu” həmin vaxt Saakaşvili hakimiyyətini Azərbaycanla sərhəd məsələsində ciddi səhvlərə yol verməkdə ittiham edirdi. İllər sonra isə eyni məsələ hakimiyyətin daxilindəki siyasi qarşıdurmanın yeni alətinə çevrilib.

Qaribaşvili ilə “Gürcü Arzusu” rəhbərliyi arasındakı münasibətlərin kəskinləşməsi də vəziyyəti daha mürəkkəb edir. Keçmiş baş nazir hazırda korrupsiya və çirkli pulların yuyulması ittihamları üzrə həbsdədir və özünə qarşı təqibin siyasi xarakter daşıdığını bildirir. O, Bidzina İvanişvili komandasının onun siyasətə qayıtmasının qarşısını almağa çalışdığını iddia edir. Qaribaşvilinin son məktubları isə hakimiyyət daxilində ciddi narahatlıq yaradıb.
Müxalifət isə hesab edir ki, prokurorluğun onların ardınca düşməsi əsas sualları cavablandırmır. “Dəyişikliklər Koalisiyası”nın lideri Nika Qvaramia bildirib ki, onun Jorbinadzenin ölümü ilə bağlı heç bir məlumatı yoxdur. Onun fikrincə, diqqət müxalifətçilərə deyil, hakimiyyətin əsas fiqurlarına yönəlməlidir. Milli Hərəkatın liderlərindən Xatiya Dekanoidze də hesab edir ki, istintaqın sualları ilk növbədə Bidzina İvanişvili və İrakli Kobaxidzeyə ünvanlanmalıdır.
Hakim “Gürcü Arzusu” isə bütün bunları daxili parçalanma kimi qiymətləndirmir. Partiya nümayəndələri Qaribaşvilini sərt şəkildə tənqid edir və onun mövqeyini siyasi xəyanət kimi təqdim edirlər. Hakim düşərgədən hətta Qaribaşvili ilə müxalifətçilərin eyni mərkəzdən koordinasiya olunduğu barədə iddialar da səslənib. Bununla belə, həmin iddialara dair konkret sübut təqdim edilməyib.
Belə görünür ki, Gürcüstanda siyasi böhranın mərkəzində artıq yalnız Qaribaşvilinin taleyi və ya hakimiyyətlə müxalifət qarşıdurması dayanmır. İşin içinə Kobaxidzenin adı, Jorbinadzenin ölümü və Azərbaycanla sərhəddə yerləşən, Gürcüstan üçün müqəddəs sayılan David-Qareci monastır kompleksi də daxil olub.
Musavat.com
04 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ