Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Media Agentliyinin Qərb mediasında ölkəmizlə bağlı yayılan məlumatlara dair son bəyanatı informasiya məkanında müşahidə olunan proseslərə Bakının kifayət qədər sərt münasibətini ortaya qoydu. Agentliyin açıqlamasında son dövrlərdə müxtəlif xarici media platformalarında Azərbaycan haqqında yayılan bir sıra materialların yalnız jurnalist yanaşması və ya ayrı-ayrı müəlliflərin mövqeyi çərçivəsində qiymətləndirilməsinin doğru olmadığı vurğulanır. Rəsmi qurum hesab edir ki, fərqli ölkələrin media resurslarında müəyyən mövzuların oxşar siyasi çalarlarla təqdim edilməsi və Azərbaycanın mənfi kontekstdə göstərilməsinə cəhdlər daha geniş informasiya müstəvisinin tərkib hissəsi təsiri bağışlayır.
Bu baxımdan Polşada fəaliyyət göstərən “Nexta” kanalının Goranboy rayonunda baş vermiş hadisə ilə bağlı yaydığı məlumat xüsusi diqqət çəkib. Azərbaycanın mövqeyinə görə, burada söhbət konkret hadisənin obyektiv və faktoloji təqdimatından daha çox, həmin olayın siyasi məzmun qazandırılaraq ictimai rəyə müəyyən istiqamətdə təsir göstərməsindən gedir. Adi xarakter daşıyan bir hadisənin ölkədəki siyasi vəziyyətlə əlaqələndirilməsi, hadisənin mahiyyətindən kənar nəticələrin önə çəkilməsi və bunun əsasında Azərbaycan haqqında mənfi təsəvvür formalaşdırılması Bakının etiraz etdiyi əsas məqamlardan biridir.
Əslində, məsələnin yalnız bir media materialı üzərindən qiymətləndirilməsi də doğru olmazdı. Çünki Azərbaycanla bağlı xarici informasiya məkanında son həftələrdə və aylarda meydana çıxan materialların ümumi mənzərəsi daha geniş prosesin müzakirə edilməsinə əsas verir. Müxtəlif Qərb ölkələrinin media resurslarında Azərbaycana dair bir-birindən fərqli mövzularda yazıların yayımlanmasına baxmayaraq, onların bir hissəsində oxşar yanaşmaların, eyni istiqamətli ittihamların və Azərbaycanın beynəlxalq imicinə mənfi təsir göstərə biləcək təqdimatların təkrarlanması diqqətdən yayınmır.
Britaniya mediasında eyni dövrə təsadüf edən müxtəlif materiallar, Fransa informasiya məkanında Azərbaycana qarşı davamlı sərt ritorika, Polşada son zamanlar ölkəmizlə bağlı yayılan məlumatlar və digər nümunələr bu məsələyə daha geniş prizmadan yanaşmağı zəruri edir. Burada əsas problem konkret media qurumunun hansısa yazısının tənqidi deyil. Məsələ ondan ibarətdir ki, ayrı-ayrı informasiya platformalarında eyni ölkəyə münasibətdə davamlı şəkildə mənfi fon yaradılırsa, həmin məlumatların seçilməsi və təqdim olunması artıq yalnız jurnalistikanın peşəkar standartları baxımından deyil, siyasi və geosiyasi kontekst baxımından da müzakirə predmetinə çevrilir.
Azərbaycan tərəfinin sərt reaksiyasının əsas səbəblərindən biri də məhz budur. Bakı hesab edir ki, özlərini “hibrid müharibə”, “dezinformasiya”, “informasiya manipulyasiyası” və “saxta xəbərlər”lə mübarizənin əsas müdafiəçiləri kimi təqdim edən bəzi Qərb dairələri eyni üsulların Azərbaycana qarşı tətbiq olunması məsələsində kifayət qədər prinsipial davranmırlar. Başqa sözlə, Qərbdə informasiya manipulyasiyası təhlükəli hadisə kimi təqdim edilir, lakin Azərbaycanla bağlı müəyyən hallarda hadisələrin siyasi məqsədlə şişirdilməsi və ya kontekstdən çıxarılması həmin həssaslıqla qiymətləndirilmir. Bu isə ikili standartlar məsələsini yenidən gündəmə gətirir. Əgər media azadlığı, obyektivlik, faktların yoxlanılması, insan hüquqları və demokratik prinsiplər həqiqətən universal dəyərlərdirsə, onların tətbiqində coğrafi və siyasi seçim olmamalıdır. Bir ölkədə baş verən hadisəyə görə ən sərt ittihamları səsləndirən media qurumu başqa bir ölkədə daha ciddi və mübahisəli proseslər baş verdikdə susursa, təbii olaraq həmin yanaşmanın səmimiliyi barədə suallar yaranır.
Azərbaycan tərəfinin diqqət çəkdiyi digər məqam Ermənistanla bağlı yanaşmalardır. Son illərdə Ermənistanda siyasi mübarizə, müxalifətə münasibət, siyasi rəqiblərlə bağlı proseslər, jurnalistlərə təzyiq iddiaları, dini xadimlərlə bağlı həbslər və digər hadisələr Qərb mediasında Azərbaycana münasibətdə müşahidə olunan miqyasda və intensivlikdə araşdırma mövzusuna çevrilməyib. Robert Köçəryan və Serj Sərkisyanın hakimiyyəti dövründə formalaşmış siyasi sistem, həmin dövrlə bağlı müxtəlif demokratik idarəçilik və siyasi repressiya iddiaları da Qərb informasiya məkanında Azərbaycanla bağlı mövzular qədər davamlı gündəmdə saxlanılmayıb. Bu müqayisə ona görə əhəmiyyətlidir ki, Azərbaycan uzun müddətdir Qərbin regiona münasibətində selektiv yanaşmanın mövcudluğundan danışır. Bakının mövqeyinə görə, bəzi dairələr üçün əsas meyar demokratik prinsiplər deyil, həmin ölkənin hansı geosiyasi istiqamətdə dayanmasıdır. Qərbin siyasi kursuna yaxın olan dövlətlərdə baş verən problemlər bəzən “daxili siyasi proses” kimi təqdim edilir, həmin düşərgədən kənarda dayanan ölkələrdə isə ən kiçik hadisə belə daha böyük siyasi böhranın göstəricisi kimi qələmə verilir.
Gürcüstan nümunəsi də bu mənada diqqət çəkir. Ölkədə siyasi proseslər və seçkilərlə bağlı Qərb institutlarının və media qurumlarının sərt reaksiyaları geniş şəkildə müşahidə olunub. Etiraz aksiyalarına, müxalifətin mövqeyinə və seçki prosesinə dair çoxsaylı materiallar hazırlanıb. Azərbaycan baxımından problem isə bu deyil ki, Gürcüstandakı proseslərə diqqət göstərilir. Əsas narazılıq ondan ibarətdir ki, eyni standartların Cənubi Qafqazın bütün ölkələrinə münasibətdə tətbiq edilmədiyi görüntüsü yaranır. Belə bir vəziyyətdə media obyektivliyinin özü ciddi sual qarşısında qalır. Azərbaycanla bağlı ən kiçik sosial, iqtisadi və ya məişət xarakterli hadisənin belə dərhal siyasi kontekstə salınması, həmin hadisədən ölkənin dövlət idarəçiliyi, siyasi sistemi və beynəlxalq mövqeyi barədə geniş nəticələr çıxarılması artıq təsadüfi yanaşma kimi qəbul edilmir. Xüsusilə də hadisənin real miqyası ilə xarici mediada ona verilən siyasi çəkinin arasında böyük fərq olduqda, bunun məqsədli informasiya yanaşması olduğu barədə fikirlər daha da güclənir. Burada informasiya müharibəsinin klassik mexanizmlərindən söhbət gedir. Əvvəlcə kiçik və lokal hadisə seçilir, daha sonra həmin hadisə ümumi siyasi kontekstə yerləşdirilir, ardınca isə ayrı-ayrı sosial problemlər dövlətin bütövlükdə xarakteristikasına çevrilir. Nəticədə oxucu və ya tamaşaçı konkret hadisə haqqında deyil, həmin hadisə üzərindən bütöv ölkə barədə formalaşdırılmış mənfi təsəvvürlə üz-üzə qalır. Azərbaycan tərəfi məhz bu yanaşmanı qəbuledilməz hesab edir.
Bütün bunların Cənubi Qafqazda gedən proseslərdən ayrı dəyərləndirilməsi də çətindir. Azərbaycan son illərdə regionun siyasi və iqtisadi xəritəsində çəkisini əhəmiyyətli dərəcədə artırıb. Ölkənin enerji layihələrindəki rolu, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat bağlantılarında mövqeyi, regional kommunikasiyaların açılması istiqamətində təşəbbüsləri, Türkiyə ilə strateji müttəfiqliyi və Ermənistanla sülh prosesində irəli sürdüyü mövqe Azərbaycanın regiondakı təsir imkanlarını genişləndirib.
Azərbaycanın artan geosiyasi çəkisi isə regionda müxtəlif maraqların toqquşduğu bir şəraitdə baş verir. Cənubi Qafqazda yeni əməkdaşlıq formatlarının yaranması, nəqliyyat marşrutlarının dəyişməsi, enerji təhlükəsizliyi məsələləri və regional ölkələrin xarici siyasət kurslarının yenilənməsi əvvəlki geosiyasi balansı dəyişdirir. Belə bir şəraitdə informasiya məkanı da siyasi mübarizənin mühüm istiqamətlərindən birinə çevrilir. Məhz buna görə Azərbaycana qarşı yayılan neqativ informasiyaların yalnız media hadisəsi kimi qəbul edilməməsi Bakının mövqeyində xüsusi yer tutur. Çünki informasiya kampaniyası bir ölkənin beynəlxalq reputasiyasına təsir göstərməklə yanaşı, onun xarici siyasət təşəbbüslərinə, investisiya mühitinə, beynəlxalq tərəfdaşlarla münasibətlərinə və regional proseslərdəki mövqeyinə də təsir edə bilər. Azərbaycanın qarşısında duran əsas məsələ isə belə bir informasiya mühitində öz gündəmini qorumaqdır. Bakı artıq dəfələrlə nümayiş etdirib ki, xarici media və siyasi dairələrin təzyiqi Azərbaycanın dövlət siyasətini müəyyənləşdirən əsas amil deyil. Azərbaycan öz xarici siyasətini milli maraqlar, təhlükəsizlik prioritetləri və dövlətin uzunmüddətli strateji hədəfləri əsasında formalaşdırır. Xaricdən gələn tənqid, siyasi təzyiq və ya informasiya hücumu bu kursun dəyişdirilməsi üçün əsas hesab olunmur.
Bu baxımdan Medianın İnkişafı Agentliyinin son bəyanatı həm də siyasi iradənin göstəricisidir. Mesaj kifayət qədər aydındır: Azərbaycan öz informasiya məkanında yayılan manipulyativ məlumatlara münasibətdə susmaq niyyətində deyil və xarici media resurslarının ölkənin daxili və xarici siyasəti barədə birtərəfli təsəvvür formalaşdırmasına qarşı daha sərt mövqe nümayiş etdirəcək. Burada söhbət təkcə ayrı-ayrı xəbərlərin təkzibindən getmir. Məsələ Azərbaycanın informasiya təhlükəsizliyinin qorunması, ölkənin beynəlxalq imicinə məqsədli şəkildə zərər vurulmasının qarşısının alınması və cəmiyyət daxilində süni təşviş yaradılmasına imkan verilməməsidir. İnformasiya təhlükəsizliyi artıq dövlət təhlükəsizliyinin ayrılmaz hissəsinə çevrilib və bu istiqamətdə atılan addımlar Azərbaycanın ümumi təhlükəsizlik siyasətinin tərkib hissəsidir.
Qərb media resurslarının öz nüfuzuna vurduğu zərbə də ayrıca diqqət tələb edir. İctimaiyyət qarşısında obyektivlik, müstəqillik və peşəkar jurnalistika prinsiplərini müdafiə edən media qurumu faktları seçərək təqdim edir, qarşı tərəfin mövqeyinə yer verir və emosional siyasi nəticələri jurnalistikanın faktoloji hissəsindən ayırır. Əks halda media orqanı xəbər istehsalçısından siyasi gündəm formalaşdıran aktora çevrilir. Bu sərhəd keçildikdə isə həmin qurumun özünün etibarlılığı sual altına düşür.
Azərbaycanın mövqeyi də məhz bu kontekstdə sərtləşir. Bakı artıq xarici media vasitəsilə formalaşdırılan hər bir neqativ narrativi olduğu kimi qəbul etmək mərhələsini geridə qoyduğunu nümayiş etdirir. Ölkə öz maraqlarına zidd olan yanaşmaları təhlil edir, onların mümkün siyasi nəticələrini nəzərə alır və lazım gəldikdə buna açıq şəkildə cavab verir.
Bu siyasətin arxasında Azərbaycanın son illərdə qazandığı siyasi özünəinam dayanır. Regional güc balansında mövqeyini möhkəmləndirən, müxtəlif beynəlxalq tərəfdaşlarla əlaqələrini genişləndirən və öz strateji maraqlarını daha qətiyyətlə müdafiə edən Azərbaycan üçün xarici informasiya kampaniyaları artıq əvvəlki təsir imkanlarına malik deyil. Azərbaycan eyni zamanda regional sülh və sabitlik istiqamətində öz siyasətini davam etdirir. Ermənistanla münasibətlərin normallaşdırılması, Cənubi Qafqazda uzunmüddətli sülhün təmin edilməsi, qonşu dövlətlərlə qarşılıqlı faydalı əlaqələrin inkişaf etdirilməsi və regional kommunikasiyaların açılması Azərbaycanın strateji gündəliyində qalır. Bu proseslərin qarşısını informasiya manipulyasiyası ilə almağa yönəlmiş cəhdlər isə Bakının mövqeyinə görə nəticə verməyəcək. Çünki Azərbaycanın regional siyasəti hansısa xarici media platformasının mövqeyindən deyil, dövlətin milli maraqlarından və bölgədə formalaşmış yeni reallıqlardan irəli gəlir.
Nəticə etibarilə, Medianın İnkişafı Agentliyinin bəyanatı yalnız konkret media materialına verilmiş cavab kimi deyil, Azərbaycanın informasiya müstəvisində yeni mərhələyə keçidinin mesajı kimi də oxuna bilər. Rəsmi Bakının mövqeyi bundan sonra ölkənin nüfuzuna zərər vura biləcək manipulyativ məlumatlara qarşı daha operativ və daha sərt reaksiya veriləcəyini göstərir.
Azərbaycan üçün mesaj sadədir. Ölkənin daxili sabitliyini sarsıtmaq, cəmiyyətdə süni təşviş yaratmaq, beynəlxalq aləmdə mənfi imic formalaşdırmaq və bunun üzərindən dövlətin siyasi kursuna təsir göstərmək mümkün olmayacaq. Bakı hesab edir ki, informasiya müharibəsi hansı formada aparılmasından asılı olmayaraq, Azərbaycanın milli maraqlara əsaslanan müstəqil siyasətini dəyişmək gücündə deyil. Bu mənada Qərb mediasının Azərbaycanla bağlı yanaşması təkcə jurnalistikanın deyil, eyni zamanda regionda dəyişən geosiyasi reallıqların fonunda qiymətləndirilir. Azərbaycan isə öz mövqeyindən geri çəkilmək əvəzinə, informasiya təhlükəsizliyini gücləndirmək, milli maraqlarını qorumaq və Cənubi Qafqazda sülh gündəliyini davam etdirmək xəttini daha qətiyyətlə ortaya qoyur.
Cavanşir Abbaslı
Musavat.com
04 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ