İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da dizelin qiyməti REKORD HƏDDƏ ÇATDI

ABŞ-da dizel yanacağının orta qiyməti rekord həddə yüksəlib.

Musavat.com xəbər verir ki, bir qallon dizelin qiyməti 5,85 dollara çatıb. Bu, təxminən 3,8 litr yanacağa bərabərdir.

Məlumata görə, dizelin qiyməti İranla başlayan münaqişədən sonra 55 faizdən çox bahalaşıb. “Goldman Sachs” analitiklərinin bildirdiyinə görə, son altı ayda dünyada əsas neft məhsullarının qiymətləri neftin öz qiymətindən daha sürətlə artıb.

ABŞ-da benzinin qiyməti də yüksəlib. Sentyabrın 4-də bir qallon benzinin orta qiyməti 4,15 dollar təşkil edib. Bu, Yaxın Şərqdə münaqişənin başlanmasından bəri təxminən 40 faizlik artım deməkdir.

“Brent” markalı neftin bir barelinin qiyməti isə 96 dollara yaxınlaşıb və 30 faizdən çox bahalaşıb.

Bildirilir ki, yanacağın bahalaşması ABŞ və İsrailin fevralın 28-də İrana zərbələr endirməsindən sonra başlayıb. Buna cavab olaraq Tehran faktiki olaraq Hörmüz boğazını bağlayıb. Dünya neft tədarükünün təxminən beşdə biri və neft məhsullarının əhəmiyyətli hissəsi məhz bu marşrutdan keçir.

Neft tədarükündə yaranan problemlər emal müəssisələrinə də təsir göstərib. Yaxın Şərqdəki neft emalı zavodlarının bir qismi raket zərbələri nəticəsində zərər görüb. Ukraynanın Rusiyadakı bir sıra neft emalı müəssisələrinə zərbələr endirməsindən sonra isə Moskva neft məhsullarının ixracına sentyabrın sonunadək qadağa qoyub.

ING bankının əmtəə strategiyası bölməsinin rəhbəri Uorren Patterson hesab edir ki, emal güclərinin məhdud olduğu bir şəraitdə vəziyyətin əhəmiyyətli dərəcədə yaxşılaşması yalnız tədarükün bərpası hesabına mümkün ola bilər.

Mütəxəssislərin fikrincə, Yaxın Şərqdəki münaqişə həll olunsa və neftin qiyməti aşağı düşsə belə, yanacağın bahalaşması davam edə bilər. Çünki hazırda neft bazarında gərginliklə yanaşı, neft məhsulları bazarında daha ciddi çatışmazlıq müşahidə olunur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR