Onlayn ictimai-siyasi qəzet
“Ermənistanla ticarət əlaqələrinin qurulması xalqımızın fədakarlığı, igidlərimizin rəşadəti dövlətimizin bu böyük tarixi missiyanı gerçəkləşdirilməsi, Azərbaycanın orta güc statusunun gündən-günə möhkəmləndirilməsi istiqamətində həyata keçirilən siyasətin dəstəklənməsi üçündür”.

Bu barədə Milli Məclisin deputatı Elçin Mirzəbəyli Musavat.com-a bildirib. Deputat qeyd edib ki, Azərbaycan bölgədə, həm də təkcə Cənubi Qafqazda deyil, geosiyasi anlamda Mərkəzi Avrasiya kimi ifadə edilən subregionda sülhün və təhlükəsizliyin memarıdır. Tarixdə ildə dəfədir ki, bu çətin və şərəfli missiyaya sahiblənərək onu uğurla irəliyə doğru aparırıq: “Bu nəhəng missiyanın yanında Ermənistanla ticarət əlaqələrinin qurulması indiki halda sülhün möhkəmlənməsi üçün zəruri olsa da fundamental məsələ deyil: “Dövlətimiz daha qüdrətli, yaxın və uzaq hədəflərimiz gerçək olsun deyə bundan sonra da millət olaraq qətiyyətlə yolumuza davam edəcəyimizə əminəm. Tarix boyu bizə qənim kəsilənlərin, istibdada, zülmə məruz qoyanların sayı kifayət qədərdir. Erməni ultramillətçiliyi, daşnak vəhşiliyi zaman-zaman qanlı imperiyaların bölgənin qana boyanması, mədəniyyətimizin izlərinin nəhəng bir coğrafiyadan silinməsi üçün alət funksiyasını yerinə yetirib. İndi həmin qanlı imperiyaların varisləri ilə ticarət əlaqələrimiz, gediş-gəlişimiz var. Fransa ilə İngiltərə 100 il müharibə aparıblar, amma bu gün eyni hərbi-siyasi blokda təmsil olunurlar. Dövlət ağlı emosiyalarla qərar vermir və Yaradana şükürlər olsun ki, Azərbaycanın dövlət ağlı nəhəng bir bölgənin strateji viziyonunu müəyyənlədirən, mühüm qərarların qəbul edilməsində söz sahibi olan geostrateji mərkəzlərdən biridir”.
Deputat deyib ki, Ermənistandan idxal olunacaq məhsullardan istifadə etməyə ehtiyacının yaranacağını düşünmür: “Çünki daha keyfiyyətli alternativlər kifayət qədərdir. Amma bu yanaşma məhsulların məhz Ermənistandan idxal olunması ilə bağlı deyil. İstifadə edənləri də qınamayacağam. Tarix boyu, hətta bir-biri ilə müharibə vəziyyətində olan ölkələr də ticarət ediblər və bundan sonra da edəcəklər. Daha öncə də vurğuladığım kimi, tarixdə baş verənləri unutmamalıyıq, bölgənin təhlükəsizlik arxitekturasını yenidən quran bir dövlətin vətəndaşları kimi davranmağı da həmçinin. Biz qəhrəman bir xalqın övladlarıyıq və bizim xalqın bütün qəhrəmanlarının hekayələri mərhəmət, şəfqət və insanlıqdan güc alan cəsarətdən ibarətdir”.
Etibar Seyidağa,
Musavat.com
05 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ