İnsanlara hürriyət, millətlərə istiqlal!

Şərqin orta əsr filosofu - Yusif Qarabaği Özbəkistana necə gedib çıxıb

Avqustun 24-də Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistana səfəri çərçivəsində Buxarada olanda muzey bələdçisi ona əslən Qarabağdan olan və Buxarada yaşamış filosof Yusif Qarabağı barədə də məlumat verdi və bu, dövlət başçısının marağına səbəb oldu.

 Uzun illər Özbəkistanda yaşayan və Azərbaycan mediasını təmsil edən həmvətənimiz Qulu Kəngərli Yusif Qarabağinin həyat və yaradıcılığını araşdıraraq məqalə hazırlayıb. Oxucu marağını nəzərə alaraq “Azərbaycan” qəzetində dərc olunmuş məqaləni təqdim edirik.

**

Yusif Qarabaği adı əsrlər əvvəl Qarabağdan çıxaraq Səmərqənd və Buxaranın elm məclislərinə qədər gedib çatan böyük Azərbaycan filosofudur. O, dövrünün aparıcı alimləri sırasında fəlsəfə və astronomiya daxil bir çox elm sahəsində dərin biliyi ilə seçilirdi. Yusif Qarabağinin elmi nüfuzu o qədər böyük idi ki, adı Şərqin məşhur elm və mədəniyyət mərkəzlərində hörmətlə çəkilir, əsərləri uzun illər mədrəsələrdə öyrənilirdi.

Təəssüf ki, bu gün böyük alimin adı geniş ictimaiyyətə kifayət qədər tanış deyil. Halbuki Yusif Qarabağinin həyat və yaradıcılığına nəzər saldıqca, Azərbaycanın zəngin, lakin zamanla kölgədə qalmış intellektual irsinin daha bir mühüm səhifəsi üzə çıxır.

"Böyük axund"... "Alimlərin sultanı"... "Fazillərin sübutu"... "Bilik səmasında on dörd gecəlik bədirlənmiş ay"... Bu sözlər adi bir alim haqqında deyil. Bu sözlər XVII əsrin mürəkkəb, ziddiyyətli və keşməkeşli Şərq dünyasında öz ağlı, biliyi və iradəsi ilə seçilən bir Azərbaycan filosofu haqqında deyilib.

yusuqar.jpeg (29 KB)

Onun adı Mövlanə Yusif Qarabağidir. Və insan istər-istəməz düşünür: necə oldu ki, vaxtilə Səmərqənd və Buxara alimlərinin qarşısında baş əydiyi, əsərləri mədrəsələrdə əsrlərlə dərs vəsaiti kimi istifadə olunan, Şərqin böyük elm adamlarının əsərlərinə şərhlər yazan bu şəxs bu gün bizim yaddaşımızda bu qədər az yaşayır?

Bəlkə də Yusif Qarabağinin taleyi elə özünün yaşadığı dünyanın taleyinə bənzəyirdi - böyük, zəngin, amma zamanın tozuna qərq olmuş...

 Qarabağdan Şərqin elm zirvələrinə

 Yusif Məhəmmədcan oğlu Qarabağinin XVI əsrin ikinci yarısında Qarabağda dünyaya gəldiyi bildirilir. Mənbələrdə onun doğum yeri və tarixi barədə müxtəlif məlumatlar mövcuddur. Bəzi məlumatlara görə, o, 1562-1563-cü illərdə Qarabağda, digər mənbələrə görə isə 1570-ci ildə Bərdə yaxınlığındakı Mehribanlı kəndində anadan olub. Ancaq bir həqiqət dəyişmir: o, Qarabağın yetirdiyi böyük zəka sahiblərindən biri idi.

İlk təhsilini doğma yurdda alan Yusif yeniyetmə yaşlarında Şirvana göndərilir. Burada dövrünün tanınmış alimlərindən dərs alır. Onun elmə qeyri-adi marağı müəllimlərinin diqqətindən yayınmır. İstedadı və biliyə sonsuz həvəsi onu daha böyük elm ocaqlarına aparır.

Beləcə, Yusif Qarabağinin həyatında yeni bir səhifə açılır. O, dövrünün böyük filosoflarından Mirzəcan Şirazinin yanında təhsil alır. Riyaziyyat, astronomiya, tibb, məntiq, fəlsəfə və digər elmləri öyrənir. Lakin onun düşüncə dünyasının əsas istiqamətini fəlsəfə müəyyən edir.Yusif artıq, sadəcə, bir tələbə deyildi. O, öz müəlliminin ən istedadlı davamçılarından birinə çevrilirdi.

 Mühacir alim

 XVI əsrin sonları Şərq üçün asan zamanlar deyildi. Dini-siyasi qarşıdurmalar, məzhəb çəkişmələri, hakimiyyət savaşları alimlərin və mütəfəkkirlərin həyatına da təsirsiz ötüşmürdü. Belə bir mühitdə Mirzəcan Şirazi və onun tələbəsi Yusif Qarabaği mühacirət etmək məcburiyyətində qalırlar.

Onlar İranı tərk edib Hindistana gedirlər. Bir müddət sonra isə yolları Mərkəzi Asiyanın böyük elm və mədəniyyət mərkəzləri - Səmərqənd və Buxaradan keçir. Bəzən insan doğulduğu torpaqdan uzaq düşür, amma özünü itirmir. Əksinə, özünü daha geniş bir coğrafiyada tapır.Yusif Qarabağinin taleyi də belə olur.

 "Böyük axund"

Səmərqənd və Buxarada Yusif Qarabağinin şöhrəti sürətlə yayılır. Mədrəsələrdə dərs deyir, alimlərlə elmi mübahisələr aparır, fəlsəfi məsələləri araşdırır. Onu "Böyük axund" adlandırırlar. Bu, sadəcə, bir ləqəb deyildi. Bu ad onun biliyinə, elmi nüfuzuna verilən qiymət idi.

Yusif Qarabaği Səmərqənddə Hüseyniyə xanəgahında yaşayır. Dövrünün məşhur alimləri və filosofları ilə ünsiyyət qurur. Əsərlər yazır, əvvəlki böyük mütəfəkkirlərin irsinə müraciət edir, onların fikirlərini təhlil və şərh edir.

Onun elmi maraqları yalnız bir sahə ilə məhdudlaşmırdı. Fəlsəfə, məntiq, ilahiyyat, hüquq, astronomiya, tibb... Yusif Qarabaği üçün elm bütöv bir kainat idi.

Buxarada bir kitabxana və bir ömür

 Sonralar onun yolu Buxaraya düşür. Burada Yusif Qarabağinin həyatında mühüm dönüş baş verir. Buxaranın hökmdarı Bahadur xan alimlərə və şairlərə xüsusi diqqət göstərirdi. Elm və sənət adamlarını saraya dəvət edir, onların yaradıcılığı üçün şərait yaradırdı.

Yusif Qarabaği də sevimli müəllimi Mirzəcan Şirazi ilə birlikdə Buxaraya köçür. Burada alimlə hökmdar arasında dostluq yaranır. Qarabağinin biliyi, dünyagörüşü və şəxsiyyəti Bahadur xanın böyük rəğbətini qazanır. Və 1619-cu ildə onun şərəfinə böyük bir kitabxananın tikdirilməsi haqqında məlumatlar meydana çıxır. Bu kitabxana, sadəcə, kitabların toplandığı bir məkan deyildi. Bura elmin nəfəs aldığı bir mərkəz idi. Fəlsəfə, ilahiyyat, astronomiya və digər elm sahələri üzrə müzakirələr keçirilir, alimlər burada fikir mübadiləsi aparırdılar. Yusif Qarabaği isə həmin elmi mühitin aparıcı simalarından biri idi.

Burada o, Fərabi, İbn Sina, Bəhmənyar, Biruni, Tusi, Qəzvini, Dəvvani, Taftazani ilə yanaşı Aristotel, Platon, Pifaqor və Sokrat kimi dünya fəlsəfi fikrinin nəhənglərinin irsinə müraciət edir.

 Dünyanı bütöv görən filosof

Yusif Qarabağinin fəlsəfi baxışlarında varlıq, insan, təbiət, ruh, idrak, kainat və Allah münasibətləri mühüm yer tutur. O, dünyanı ayrı-ayrı hissələrin mexaniki toplusu kimi deyil, qarşılıqlı əlaqədə olan bütöv bir sistem kimi düşünürdü. Təbiət və insan arasındakı münasibəti tam və hissə, tək və cəm arasındakı münasibətlə müqayisə edirdi. Onun fəlsəfəsində insanın düşünməsi, dərk etməsi, ağıl və hissin münasibəti xüsusi əhəmiyyət daşıyırdı.

Bu baxımdan, Qarabağinin əsərlərində dövrünün fəlsəfi sərhədlərini aşan bir düşüncə çevikliyi görünür. O, hazır cavablarla kifayətlənmirdi. Sual verirdi, şübhə edirdi, araşdırırdı, mübahisə edirdi… Və ən başlıcası - düşünürdü və düşündürürdü. Bəlkə də böyük filosofu böyük edən ilk növbədə elə budur.

 "Alimlərin sultanı"

 Türküstanın məşhur təzkirəçisi Mir Şərif Seyid Xacə Raqemi Yusif Qarabağini heyranlıqla təsvir edirdi: "Alimlərin sultanı, fazillərin sübutu olan Mövlanə Yusif Qarabaği..." Raqemi onu elm səmasında "on dörd gecəlik ay"a bənzədirdi.

Bu ifadə təsadüfdən yaranmayıb. Çünki Qarabaği artıq yalnız bir şəhərin, bir mədrəsənin və ya bir sarayın alimi deyildi. Onun adı Yaxın və Orta Şərqin elm dairələrində tanınırdı. Onunla elmi mübahisəyə girənlərin bir qismi məğlub olur, bir qismi isə filosofun fikirlərini tənqid etməyə çalışırdı. Amma böyük zəkanın qarşısını nə tənqid, nə paxıllıq, nə də zaman ala bilir.

 Bir alimin 24 əsəri

 Bu gün Yusif Qarabağinin irsini araşdıranlar üçün ən qiymətli mənbələrdən biri Özbəkistan Elmlər Akademiyasının Biruni adına Şərqşünaslıq İnstitutunun Əlyazmalar Fondunda qorunan əsərləridir. Burada onun 24 traktatının saxlanıldığı bildirilir. Bu əsərlər fəlsəfə, məntiq, ilahiyyat, hüquq, təfsir, astronomiya və digər sahələri əhatə edir. Onların arasında "Risalə Xəlvatiyyə", "Fi tə'rifil-ilm", "Şərhu isbatil-vacib", "Xəşiyət şərhil-hikmət", qiblənin istiqamətinin müəyyənləşdirilməsinə həsr edilmiş riyazi traktat və müxtəlif təfsirlərə yazılmış şərhlər vardır.

Siyahıya baxarkən bir daha aydın olur ki, Qarabaği bir sahənin alimi deyildi, o, ensiklopedik düşüncəyə malik mütəfəkkir idi.

Tibbə də müraciət edirdi. İbn Sinanın məşhur "Qanun" əsərinə yazdığı şərhlərdən həkimlərin də bəhrələndiyi bildirilir. Hüquq və dövlət idarəçiliyi haqqında əsərləri isə dövrünün hakimləri və dövlət adamları üçün əhəmiyyət daşıyırdı.

 Bəs biz onu niyə unutduq?

 Ən ağrılı sual da budur. Bir vaxtlar Buxara və Səmərqənddə "Böyük axund" adlandırılan, "Alimlərin sultanı" kimi təqdim edilən, əsərləri Mərkəzi Asiya mədrəsələrində əsrlər boyu istifadə olunan bir Azərbaycan filosofunun adı niyə bu gün geniş ictimaiyyətə tanış deyil?

1928-ci ildə sovet şərqşünası A.A.Semyonov onun haqqında məqalə yazaraq Yusif Qarabağini "unudulmuş filosof" adlandırmışdı.

Aradan təxminən bir əsr keçib. Amma bu söz hələ də adamı düşündürür. Bəlkə biz onu həqiqətən unutmuşuq? Bəlkə tariximizin bəzi səhifələrini özümüz bağlamışıq? Bəlkə də Qarabağinin əsərlərinin bir hissəsi uzaq kitabxanalarda, ərəb və fars dillərində əlyazmaların arasında öz oxucusunu gözləyir? Əgər belədirsə, həmin əlyazmalar, sadəcə, kağız parçaları deyil. Onlar bizim intellektual keçmişimizin izləridir.

Qarabağ möhürü

 Bir neçə il əvvəl Daşkənddə XVI əsrin sonu - XVII əsrin əvvəllərində Türküstanın fəlsəfi fikir tarixinə həsr olunmuş konfransda Yusif Qarabağinin adı çəkilir. Məruzəçidən onun milliyyəti soruşulur. Cavab isə düşündürücü olur: "Əgər özbək deyilsə, deməli, tacikdir". Amma onun adının sonunda "Qarabaği" yazılırdı. Bu kiçik bir söz kimi görünə bilər. Əslində isə elə deyil.

Orta əsr və erkən yeni dövr Şərqində nisbət insanın mənşəyini, bağlı olduğu yeri göstərən mühüm göstəricilərdən biri idi. "Qarabaği" adı isə bir coğrafiyanın yaddaşda qalan möhürü idi.

Və bu möhür əsrlər keçsə də silinməmişdi.

 Ölüm və son yol

Yusif Qarabaği ömrünün son illərini Buxarada keçirdi. Mənbələr onun ölüm tarixini müxtəlif göstərir: 1644-1645-ci illər və 1647-ci il. O, Buxara yaxınlığındakı Səfid-Muy kəndində dəfn edilmişdi. Sonralar isə, verilən məlumatlara görə, 1690-cı ildə qəbri Bədəxşana köçürülmüş və sevimli müəllimi Xəlilullah Bədəxşaninin türbəsinin yanında torpağa tapşırılmışdır.

İnsan ölür. Amma fikir ölmür. Kitablar yanır, şəhərlər dəyişir, dövlətlər süqut edir, sərhədlər yenidən çəkilir. Lakin bir insanın düşüncəsi əsrlərdən keçə bilir. Yusif Qarabağinin taleyi bunun sübutudur.

İndi sıra bizdədir

Bu gün Daşkənddə, Biruni adına Şərqşünaslıq İnstitutunun Əlyazmalar Fondunda Yusif Qarabağinin 24 traktatının qorunduğu bildirilir. Bu əsərlərin surətlərinin Azərbaycana gətirilməsi, tərcümə edilməsi, elmi dövriyyəyə daxil edilməsi və geniş oxucuya çatdırılması son dərəcə qiymətli təşəbbüs olardı. Çünki millətin yaddaşı yalnız heykəllərlə qorunmur.

Yaddaş kitablarla, əlyazmalarla, araşdırmalarla qorunur… Və ən əsası xatırlamaqla qorunur. Yusif Qarabaği əsrlər əvvəl Qarabağdan çıxıb Şərqin böyük elm mərkəzlərinə gedən bir alim idi.

O, ömrünü biliyə həsr etdi, dünyanın müxtəlif şəhərlərində yaşadı, müəllimlərindən öyrəndi, özü müəllim oldu, filosoflarla mübahisə etdi, kitablar yazdı, şərhlər yaratdı, elm adamlarına yol göstərdi.

Və nəhayət, tarix onu bir müddət unutdu. Amma tamamilə yox, çünki Qarabaği adı qaldı, əsərləri qaldı, fikirləri qaldı, əlyazmaları qaldı. Bu gün onun izi bizi yenidən keçmişimizin dərinliklərinə çağırır. Bəlkə də Yusif Qarabağini yenidən kəşf etmək yalnız bir filosofu xatırlamaq deyil. Bu, Azərbaycanın intellektual tarixinin unudulmuş bir səhifəsini yenidən açmaqdır. Remarkın sözləri ilə desək: "İnsan geri çəkilmədikcə taleyindən güclü olacaq".

Yusif Qarabaği geri çəkilmədi. Nə məzhəb qarşıdurmalarından, nə mühacirətdən, nə yad diyarlarda yaşamaq məcburiyyətindən, nə də zamanın amansızlığından. Bəlkə də elə buna görə onun səsi bu gün, dörd əsr sonra da bizə gəlib çatır. Sadəcə bir sualla: "Məni nə vaxt xatırlayacaqsınız?"

 Qulu KƏNGƏRLİ,

Özbəkistanın "Altın qalam" mükafatı laureatı

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR