İnsanlara hürriyət, millətlərə istiqlal!

Min illər yaşı olan kitabın içindən epidemiya izləri çıxdı - Alimlər ŞOKDA

Beynəlxalq araşdırma qrupu Orta əsrlərə aid perqament əlyazmalarında minlərlə il əvvələ məxsus ölümcül qoyun çiçəyi virusunun DNT izlərini aşkar edib. Tədqiqat nəticələri bu patogenin 3 700 ildən artıq müddətdə kənd təsərrüfatı heyvanlarını təhdid etdiyini göstərib.

Musavat.com xəbər verir ki, University College Dublin alimlərinin rəhbərlik etdiyi araşdırmada genetiklər, tarixçilər, virusoloqlar, protein kimyaçıları və konservasiya mütəxəssislərindən ibarət beynəlxalq komanda iştirak edib.

Tədqiqatçılar Orta əsrlərdə kitabların əsasən qoyun, keçi və mal-qara dərisindən hazırlanan perqamentlərə yazıldığını nəzərə alaraq, qədim əlyazmaların hazırlanmasında istifadə olunan heyvan dərilərindən DNT nümunələri götürüblər.

Araşdırma zamanı Avropanın məşhur qədim əlyazmaları, o cümlədən təxminən 1000 il yaşı olan York İncilləri və İngiltərənin ən qədim lüğətlərindən biri hesab edilən Kembricdəki Corpus Christi Kollecində saxlanılan Corpus Lüğəti araşdırılıb.

Bəzi hallarda eyni əlyazmanın bir neçə səhifəsində virus DNT-sinin aşkarlanması sənədlərin hazırlanmasında xəstə heyvanların dərilərindən istifadə edilmiş ola biləcəyini göstərib.

Tədqiqatın rəhbər müəllifi Louis L’Hôte bildirib ki, qədim DNT nümunələrinin araşdırılması keçmişdəki yoluxucu xəstəliklərin tarixini anlamağa yeni imkanlar yaradır.

Onun sözlərinə görə, aparılan araşdırma perqamentin heyvan patogenlərinə aid DNT-ni əsrlər və hətta minilliklər ərzində qoruyub saxlaya bildiyini göstərir.

Alimlər həmçinin dünya üzrə arxiv və kitabxanalarda keçmişdə heyvanlar arasında baş vermiş xəstəliklərin genetik izlərinin qorunub saxlanmasının mümkün olduğunu bildirirlər.

Qoyun çiçəyi yüksək yoluxuculuğa malik virus xəstəliyidir. Xəstəlik heyvanlarda qızdırma və dəri zədələnmələrinə səbəb ola, ağır hallarda isə ölümə gətirib çıxara bilər.

Virus sürülərin böyük hissəsinə qısa müddətdə yayıla bildiyi üçün heyvandarlıq təsərrüfatlarına ciddi iqtisadi zərər vurur. Süd istehsalının azalması, dəri və yun keyfiyyətinin pisləşməsi, həmçinin ticarət məhdudiyyətləri əhəmiyyətli itkilərə səbəb ola bilər.

Araşdırmada vurğulanır ki, qoyun çiçəyi virusunun insanlara yoluxduğuna dair sübut yoxdur.

Tədqiqatçılar əlyazmalardan əldə etdikləri DNT nümunələrini Tunc dövrünə aid qoyun dişlərindən götürülmüş daha qədim nümunələrlə müqayisə ediblər. Nəticədə virusun 3 700 ildən artıq müddət ərzində heyvan populyasiyaları üçün təhlükə yaratdığı müəyyənləşdirilib.

Alimlərin fikrincə, qədim genomların öyrənilməsi bu gün heyvanlara təsir edən patogenlərin necə təkamül etdiyini anlamağa kömək edə bilər. Araşdırmanın nəticələri həmçinin gələcəkdə bu xəstəliklərlə mübarizə üsullarının hazırlanması üçün əhəmiyyətli məlumatlar verə bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR