Onlayn ictimai-siyasi qəzet
Məşhur türkiyəli aktyor Serhat Mustafa Kılıç İstanbulun Kağıthane rayonundakı evində ölü tapılıb.
Musavat.com xəbər verir ki, cümə axşamından bəri aktyordan xəbər ala bilməyən sevgilisi Özlem E. saat 17:00 radələrində onun Nurtepe məhəlləsindəki mənzilinə gəlib.
Qapını döyməsinə baxmayaraq cavab ala bilməyən qadın öz açarı ilə qapını açıb içəri girib. O, Kılıçı qonaq otağındakı kresloda hərəkətsiz vəziyyətdə tapıb.
Aktyorun nəfəs almadığını və bədəninin soyuq olduğunu görən Özlem E. dərhal təcili tibbi yardıma məlumat verib. Hadisə yerinə gələn həkimlər Serhat Mustafa Kılıçın həyatını itirdiyini müəyyən ediblər.
Aparılan ilk baxış zamanı Kılıçın göz ətrafında, həmçinin qollarında və qıçlarında göyərtilər aşkar edilib. Lakin bədəndə hər hansı yara, kəsik və ya açıq xəsarət izinə rast gəlinmədiyi bildirilib.
Qeyd olunub ki, Kılıç limfa xərçəngindən əziyyət çəkirmiş və bundan başqa məlum olan bir xəstəliyi yox idi. Həmçinin onun son dövrdə həddindən artıq spirtli içki qəbul etdiyi barədə məlumat əldə olunub.
Aktyorun meyiti Məhkəmə Tibbi Ekspertiza Qurumuna göndərilib. Kılıçın dəqiq ölüm səbəbi aparılacaq yarılma (otopsiya) nəticəsində bəlli olacaq.
İqbal RZAYEV,
Musavat.com

06 Sentyabr 2026
05 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ