İnsanlara hürriyət, millətlərə istiqlal!

Şuşadan gələn bu görüntülər NARAZILIQ DOĞURDU: "Şəhidlərin izini pozurlar!"

Şuşa şəhərindəki tarixi qayaların, eləcə də binaların və ictimai əmlakın üzərinə yazılar yazılması ictimaiyyət və QHT nümayəndələri tərəfindən kəskin qınanılıb.

Musavat.com xəbər verir ki, məsələ ilə bağlı “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə və “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli sosial şəbəkə hesablarında etiraz bəyanatları paylaşıblar.


Cəsarət Hüseynzadə

Şəhidlərin xatirəsinə ehtiram şəhərin mədəni irsini qorumaqla ifadə olunmalıdır

Cəsarət Hüseynzadə bildirib ki, şəhidlərimizin xatirəsi hər birimiz üçün əziz olsa da, bu ehtiramı binalara, tarixi abidələrə və ictimai əmlaka zərər vurmaqla ifadə etmək yolverilməzdir:

“Onların xatirəsini yaşadan abidələrimiz, parklarımız və xiyabanlarımız var. Şəhid adına hörmət şəhərimizin simasını və mədəni irsimizi qorumaqda da özünü göstərməlidir. Statusundan asılı olmayaraq, hər kəs əmlaka məsuliyyətlə yanaşmalıdır”.

QHT rəhbəri vurğulayıb ki, xatirəni yaşatmaq üçün seçilən vasitələr cəmiyyətin ortaq dəyərlərinə və yaşayış mühitinə xələl gətirməməlidir.

Şuşa qayaları 44 günlük müharibənin canlı şahidləridir

Zaur İbrahimli isə Şuşaya gələn bəzi turistlərin tarixi qayaların üzərini yazmasını 44 Günlük Vətən Müharibəsinin müqəddəs rəmzlərinə hörmətsizlik kimi qiymətləndirib. Onların sadəcə təbiət abidəsi deyil, Azərbaycan xüsusi təyinatlılarının misilsiz qəhrəmanlığına şahidlik edən tarixi yaddaş olduğunu qeyd edib:


Zaur İbrahimli 

“Bu qayalar, daşlar şəhidlərimizin izlərini saxlayan əmanətlərdir. Üzərinə yazı yazanda həmin canlı xatirələri və nişanələri pozmuş oluruq. Ona görə də hər bir sağlam düşüncəli insan bu cür hallara laqeyd qalmamalı, aidiyyəti dövlət orqanları isə sərt tədbirlər görməlidir”.

Şair Məmməd Arazın “Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı!” misralarını xatırladan Z.İbrahimli bildirib ki, Şuşa qəhrəmanlarının şücaət nişanəsi olan bu qayalar və daşlar hər bir vətəndaş kimi göz bəbəyi tək qorunmalıdır.

İqbal RZAYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Sentyabr 2026

05 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR