Onlayn ictimai-siyasi qəzet
Türkiyənin müdafiə sənayesi şirkəti MKE 120 millimetrlik MKE MOD 290 APFSDS-T zirehdələn tank sursatının imkanlarını nümayiş etdirib.
Musavat.com xəbər verir ki, şirkətin təqdim etdiyi görüntülərdə sursatın əsas texniki xüsusiyyətləri və quruluşu əks olunub. MKE MOD 290 Türkiyə Silahlı Qüvvələrinin tank əleyhinə istifadə etdiyi yüksək sürətli kinetik zirehdələn sursatdır.
MKE-nin açıqlamasında MOD 290-ın səs sürətindən təxminən 5 dəfə yüksək sürətlə hərəkət etdiyi xüsusi vurğulanır. Şirkətin rəsmi texniki məlumatlarına əsasən, mərminin lülədən çıxış sürəti 1705±15 metr/saniyədir. Bu, təxminən saatda 6100 kilometrdən artıq sürət deməkdir.
MOD 290 APFSDS-T adi partlayıcı tank mərmisindən fərqli prinsip əsasında işləyir. APFSDS-T abreviaturası “Armour-Piercing Fin-Stabilized Discarding Sabot-Tracer” – yəni qoruyucu örtüyü ayrılan, qanadcıqlarla sabitləşdirilən, izburaxan zirehdələn mərmi mənasını verir.
Atəş zamanı mərminin ətrafındakı ayrılan qoruyucu örtük lülə daxilində təzyiqi qəbul edərək uzun və nazik zirehdələn nüvəni böyük sürətlə irəli aparır. Mərmi lülədən çıxdıqdan sonra qoruyucu örtüyün hissələri ayrılır, zirehdələn nüvə isə yüksək sürətlə hədəfə doğru hərəkətini davam etdirir. Belə sursatın əsas dağıdıcı qüvvəsi partlayışdan deyil, yüksək sürət və kinetik enerjidən yaranır.
MKE-nin rəsmi göstəricilərinə görə, MOD 290-ın tam atım çəkisi təxminən 20 kiloqram, ümumi uzunluğu isə təxminən 984 millimetrdir. Effektiv atəş məsafəsi təxminən 2 kilometr göstərilir.
Ən diqqətçəkən göstəricilərdən biri onun zirehdəlmə qabiliyyətidir. MKE MOD 290 üçün NATO standartına uyğun 70 dərəcə bucaq altında yerləşdirilmiş polad lövhədə 658 millimetr zireh dəlmə qabiliyyəti göstərir.
Sursatda NC-NG tipli ikiəsaslı barıtdan və atəşdən sonra böyük hissəsi yanaraq yox olan xüsusi yanar gilizdən istifadə edilir. Təqdim olunan videoda gilizin və barıtın MKE-nin Barıt Fabrikində, elektrik alışdırıcısının isə MKE-nin Sursat Fabrikində istehsal edildiyi göstərilir.
MOD 290 NATO standartlı 120 millimetrlik yivsiz tank toplarında istifadə üçün nəzərdə tutulub. MKE-nin məlumatına görə, sursat L44 və L55 tipli toplarla uyğunluq təşkil edir. Bunlara Türkiyə ordusunun arsenalındakı M60 və Leopard 2 ailəsinin müvafiq tankları, eləcə də Türkiyənin yeni Altay əsas döyüş tankı daxildir.
Altay tankının 120 mm-lik, 55 kalibr uzunluğundakı əsas silah sistemi də MKE tərəfindən istehsal edilir. Şirkətin məlumatına görə, bu top NATO standartlı 120 mm sursatlardan istifadə edə bilir və 3 min metr effektiv atəş məsafəsinə malikdir.
Musavat.com
06 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ