İnsanlara hürriyət, millətlərə istiqlal!

Ofşor tələsi və 3 min manatlıq "şans" - Azart oyunları bazarındakı bəlalar

Azərbaycanda qumar və mərc oyunlarına çoxdan məhdudiyyət qoyulub. Ən azı qanun belə deyir.

Musavat.com xəbər verir ki, texnologiya inkişaf etdikcə qumar da formasını dəyişib.

Artıq kazino axtarmaq üçün başqa ölkəyə getməyə ehtiyac yoxdur. Telefonu əlinə alırsan, bir neçə düyməyə basırsan və xaricdə qeydiyyatdan keçmiş saytlarda pul qoymağa başlayırsan. Ən böyük problem isə odur ki, belə saytlarda pul itirəndə qarşında real və hüquqi baxımdan güvənə biləcəyin bir tərəf olmur. Sayt xaricdə, çox vaxt ofşor ərazidə qeydiyyatdan keçib. Pulu qəbul edir, amma uduş məsələsində problem yarananda vətəndaşın hüququnu qoruyacaq mexanizm tapılmır.

Üstəlik, “bəxtimi sınayım” deyən şəxs təkcə pulunu itirməklə də kifayətlənməyə bilər. Qanunsuz qumar oyununda iştirak etdiyinə görə 3000 manat cərimə ilə də üzləşə bilər.

“Azad İstehlakçılar” İctimai Birliyinin (AİİB) apardığı araşdırma da bu sahədə vəziyyətin kifayət qədər ciddi olduğunu göstərir. Bu gün azart oyunu deyəndə yalnız kazino və kart oyunlarını düşünmək lazım deyil. Ruletka, canlı kazino, idman mərcləri, müxtəlif ani oyunlar və son illərdə xüsusilə gənclər arasında məşhurlaşan “Aviator” kimi oyunlar da bu sıraya daxildir.

Bu oyunların ümumi xüsusiyyəti eynidir: insana tez və asan qazanc ümidi vermək. İnternet isə bu oyunları insanların cibinə qədər gətirib. Xaricdə yerləşən oyun saytları sosial şəbəkələr, reklamlar və müxtəlif səhifələr vasitəsilə insanları öz platformalarına cəlb edir. İlk baxışdan hər şey sadə görünür: hesab yaradırsan, karta pul yükləyirsən və oynayırsan. Amma problem yarananda vəziyyət dəyişir. Uduşunu ala bilmirsən, hesabın bağlanır, pulun geri qaytarılmır və şikayət edəcək real ünvan tapmaq çətinləşir. Çünki həmin platforma Azərbaycan ərazisində fəaliyyət göstərən adi şirkət deyil.

Azərbaycanda bu istiqamətdə qanunvericilik də sərtləşdirilir. 2025-ci il 8 iyul tarixli qanunla internet, mobil tətbiqlər və sosial şəbəkələr üzərindən qanunsuz azart oyunlarının təşkilinə, həmçinin bankların belə oyunlara ödənişlərin keçirilməsində vasitəçi olmasına məhdudiyyətlər müəyyənləşdirilib. Bundan əvvəl də aidiyyəti dövlət qurumları sosial şəbəkələrdə və internetdə qanunsuz lotereyaların, idman mərclərinin və qumar oyunlarının reklamı ilə bağlı xəbərdarlıqlar edib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti 2024-cü ilin mayında belə reklamların aşkarlanması barədə məlumat yayıb və vətəndaşları bu hallarla bağlı müraciət etməyə çağırıb. 2025-ci ilin oktyabrında isə Agentlik qanunsuz qumar və mərc oyunlarının təbliğinə görə beş fiziki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 428.9-cu maddəsi ilə protokol tərtib edildiyini açıqlayıb.

Qanunsuz onlayn qumarın miqyasını Daxili İşlər Nazirliyinin açıqladığı araşdırmanın nəticələrindən də görmək mümkündür.

DİN 2024-cü il sentyabrın 20-də sosial şəbəkələr vasitəsilə vətəndaşları xarici qanunsuz qumar saytlarına cəlb edən şəbəkə ilə bağlı məlumat yayıb. İstintaqın nəticəsinə görə, həmin işdə 1157 bank kartından istifadə olunub. Üçüncü şəxslərin hesablarına 20 milyon manatdan çox vəsait daxil olub. Bunun 3,375 milyon manatı kriptovalyutaya çevrilərək xaricə göndərilib, daha 2 milyon manat isə nağdlaşdırılıb. İş üzrə doqquz nəfər həbs edilib. Burada vacib məqam odur ki, bu rəqəmlər bütün bazarın həcmi deyil. 

Məsələnin başqa bir tərəfi isə qanunsuz oyunda iştirak edən şəxslərin özlərinin cəzalandırılmasıdır. İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinə əsasən, qumar oyununda iştirak etməyə görə 3000 manat cərimə nəzərdə tutulur. Bundan başqa, oyun üçün qoyulmuş vəsait, əmlak, uduş və digər gəlirlər də müsadirə edilə bilər. Son vaxtlarda bununla bağlı məhkəmə qərarları da mediada yer alır.

KİV-in Qəbələ Rayon Məhkəməsinin qərarına istinadən yaydığı məlumata görə, bir vətəndaş xarici ofşor platformalarda üç dəfə depozit yatırıb – 11,49, 16,49 və 16 manat. Nəticədə ona 3000 manat cərimə tətbiq edilib.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə bağlı yayılan məlumatda vətəndaşın xarici qumar platformalarından istifadə etdiyi, təxminən 1000 manat uduzduğu və 40 manat uduş əldə etdiyi bildirilir. Ona da 3000 manat cərimə tətbiq olunub və uduş müsadirə edilib.

25 yaşlı şəxsin mobil telefonla qumar oyunu oynadığı müəyyən edilib. O, qadağadan xəbərsiz olduğunu desə də, məhkəmə tərəfindən 3000 manat cərimə olunub.

Bu nümunələr bir məsələni aydın göstərir: “Qadağan olduğunu bilmirdim” demək məsuliyyətdən xilas etmir.

Burada məsuliyyət yalnız oyun oynayan şəxsin üzərinə düşmür. İnsanları bu oyunlara cəlb edən reklamlar, sosial şəbəkə səhifələri və müxtəlif vasitəçilər də ciddi problemdir. Vətəndaşa “asan pul qazanacaqsan”, “bir dəfə yoxla”, “şansını sına” kimi mesajlar verilir. İnsan da bunun arxasında nə olduğunu düşünmədən oyuna qoşulur. Uduzduqca itirdiyini geri qaytarmaq üçün daha çox pul qoyur. Nəticədə həm pulunu itirir, həm də qanunla müəyyən edilmiş məsuliyyətlə üzləşə bilir. Əslində isə burada “şans” deyil, kifayət qədər ciddi risk var.

“Azad İstehlakçılar” İctimai Birliyinin araşdırmasından çıxan əsas nəticələrdən biri də budur ki, vətəndaşlar xarici qanunsuz qumar platformalarının vədlərinə aldanmamalıdırlar.

Xüsusilə xaricdə qeydiyyatdan keçmiş və Azərbaycan qanunvericiliyinə tabe olmayan platformalarda pul yatırmaq ciddi risk yaradır. Əgər vətəndaş belə platformalarla bağlı istehlakçı hüquqlarının pozulması ilə qarşılaşırsa, aidiyyəti dövlət qurumlarına müraciət edə bilər. Burada ən vacib məsələ isə qumarı “əyləncə” kimi təqdim edən reklamlara aldanmamaqdır. Çünki telefon ekranında sadəcə bir oyun kimi görünən şeyin arxasında böyük pul dövriyyəsi, qanunsuz fəaliyyət və ciddi hüquqi risklər dayana bilər.

Bir neçə saniyəyə edilən “şans sınağı” isə sonda həm minlərlə manatlıq itkiyə, həm də 3000 manatlıq cəriməyə çevrilə bilər. Ona görə də bu məsələdə ən düzgün seçim “şansımı sınayım” yox, “bu riskə ümumiyyətlə girməyim” deməkdir.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR