Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyanın ölkə ilə xaricdəki erməni diasporu arasındakı münasibətlərə dair son açıqlamaları yeni tənqidlərə səbəb olub.
Musavat.com xəbər verir ki, erməni şərhçi Tiqran Davtyan Paşinyanın diaspora ilə bağlı siyasətini sərt tənqid edib.
Davtyan yazısında Paşinyanın diasporun Ermənistana işlənmiş əşyalar göndərməsindən narazılığını dilə gətirməsinə toxunub. Onun sözlərinə görə, baş nazir bununla əsas problemin mahiyyətindən yayınır və Ermənistan əhalisinin qürur hissindən siyasi məqsədlərlə istifadə edir.
Şərhçi Paşinyan hakimiyyətini Ermənistanla dünyanın müxtəlif ölkələrində yaşayan ermənilər arasındakı əlaqələri zəiflətməkdə ittiham edib:
“Biz bir xalq olmaqdan uzaqlaşırıq. Siz və tabeliyinizdə olanlar bizi birləşdirmək üçün heç nə etmir, əksinə, tamamilə bunun əksini edirsiniz”.
Davtyan Ermənistan cəmiyyətinin 2020-ci il müharibəsindəki məğlubiyyətdən, iqtisadi zəiflikdən, xarici asılılıqdan və yeni müharibə qorxusundan hələ də ciddi şəkildə təsirləndiyini bildirib.
O, Paşinyanın diaspora artıq Ermənistanın mentoru olmayacaq mövqeyinə də etiraz edib. Davtyanın fikrincə, Ermənistanın inkişafına töhfə verə biləcək şəxsin ölkə daxilində və ya xaricdə yaşaması əhəmiyyət daşımamalıdır:
“Mentor və yol göstərən mütləq Ermənistanda yaşayan biri deyil, inkişaf ideyası təklif edən və onun həyata keçirilməsi üçün şərait yarada bilən şəxs olmalıdır. Onun Artaşatdan, Gümrüdən, Los-Ancelesdən və ya Bordodan olması vacib deyil”.
Davtyanın Paşinyana ünvanladığı ən sərt ittiham isə Ermənistanın xarici siyasət kursu ilə bağlı olub:
“Siz, cənab Paşinyan, mentor roluna uyğun deyilsiniz. Sizin siyasi və iqtisadi sıçrayış üçün ideyanız yoxdur. Bütün ideyanız Rusiya ilə münasibətləri bitirmək və Əliyev ilə Ərdoğana güvənməkdir. Siz bu ideyanı həyata keçirməklə məşğulsunuz və bunu Ermənistanın nəhayət əldə etdiyi müstəqillik adlandırırsınız. Ən yaxşı halda bu, bir asılılığın digəri ilə əvəz olunmasıdır”.
Davtyan sonda sovet dövründə Ermənistan SSRİ Elmlər Akademiyasının əldə etdiyi nəticələri xatırladaraq, bunu SSRİ-nin Ermənistan üçün oynadığı rolun nəticəsi kimi təqdim edib. O, hazırkı vəziyyətlə müqayisə apararaq Ermənistanın təhsil sistemində də ciddi problemlərin yarandığını bildirib.
Musavat.com
07 Sentyabr 2026
06 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ