Onlayn ictimai-siyasi qəzet
Ukrayna Milli Korrupsiyaya Qarşı Mübarizə Bürosu (NABU) və Xüsusiləşdirilmiş Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu (SAP) hüquq-mühafizə sistemindəki cinayətkar qruplaşmanın üstünü açan "Karfagen" əməliyyatı üzrə yeni səs yazıları dərc edib.
Musavat.com UNİAN-a istinadən xəbər verir ki, lent yazılarında "Muza" təxəllüsü ilə adı keçən şəxsin 24 yaşlı Yelizaveta İvaxnenko olduğu məlum olub.
"Slidstvo.Info" nəşrinin jurnalistləri onun şəxsiyyətini Yüksək Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsindəki iclasda müəyyənləşdiriblər.
Məlumata görə, İvaxnenko 2020-ci ildə Odessa Hüquq Akademiyasının tələbəsi olub. Təxminən 22 yaşında paralel olaraq doktoranturada oxuyarkən akademiyanın Kibertəhlükəsizlik və İnformasiya Texnologiyaları fakültəsinin dekan müavini vəzifəsinə gətirilib. Hazırda fakültə rəhbərliyində onun adı yoxdur.
O, 2025-ci ilin iyulunda hüquq sahəsində fərdi sahibkar kimi qeydiyyatdan keçib. İvaxnenko 2025-ci ilin iyununda 2023-cü il istehsalı "Mercedes-Benz EQE 350" avtomobili, oktyabrında isə Kiyevin Peçersk rayonunda 150 kv.m-dən böyük qeyri-yaşayış sahəsi əldə edib. 2026-cı ilin yanvarında isə anasının adına Odessada 64,5 kv.m mənzil rəsmiləşdirilib.
İstintaqın versiyasına görə, İvaxnenko qruplaşmanın təşkilatçısı, "Kantsler" kimi tanınan Sergey Kropivaya yaxın şəxsdir. Qruplaşmanın fırıldaqçı zəng mərkəzlərinə "himayədarlıq" etdiyi və qanunsuz gəlirləri leqallaşdırdığı bildirilir.
NABU-nun dərc etdiyi yazılarda "Muza" ehtimal olunan axtarışlar ərəfəsində qiymətli əşyaları gizlətməyi müzakirə edir:
"Mənim burada "Porsche", "Loro Piana", saatlar, qolbaqlar, çantalar, xəz paltom var. Hər şeyi yığışdırmalıyam?"
Sentyabrın 6-da Yüksək Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsində Sergey Kropiva və Yelizaveta İvaxnenko barəsində qətimkan tədbirinin seçilməsi nəzərdə tutulsa da, vəkillərin materiallarla tanış olmağa vaxt tapmaması səbəbindən iclas təxirə salınıb. Təqsirləndirilən şəxslər hələlik ittihamlara reaksiya verməyiblər.
Xatırladaq ki, "Karfagen" əməliyyatı çərçivəsində ifş olunan cinayətkar şəbəkənin 2025-ci ilin ortalarında Baş Prokurorluğun struktur bölmə rəhbərlərindən biri tərəfindən yaradıldığı bildirilir.
Musavat.com
07 Sentyabr 2026
06 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ