Onlayn ictimai-siyasi qəzet
Finlandiya Milli Arxivi Rusiyadan əldə edilmiş böyük həcmdə tarixi materiallara sərbəst çıxışı məhdudlaşdırıb.
Musavat.com xəbər verir ki, elektron sistemdə məhdudiyyətin son tarixi kimi hətta 9999-cu ilin sonu göstərilir.
Bu barədə Finlandiyanın Yle teleşirkəti araşdırma yayımlayıb.
Məhdudiyyət 2022-ci ilin payızından qüvvədədir və XX əsrin əvvəllərinə aid Sveaborg (indiki Suomenlinna) qalasının rəsmləri də daxil olmaqla müxtəlif tarixi sənədləri əhatə edir. Hazırda həmin materialların bir hissəsinə yalnız Milli Arxivin oxu zallarında, “nəzarət olunan şəraitdə” baxmaq mümkündür.
Finlandiya Milli Arxivi 2005-ci ildən Rusiya arxivləri ilə əməkdaşlıq çərçivəsində ölkənin tarixi üçün əhəmiyyətli sənədlərin surətlərini toplamağa başlayıb. Təxminən 15 il ərzində 1500–1990-cı illəri əhatə edən 1 milyon səhifə sənəd Finlandiyaya gətirilib. Təkcə Suomenlinna qalası ilə bağlı təxminən 10 min səhifə material əldə olunub. Bu sənədlərin axtarışı və surətlərinin hazırlanmasına Finlandiya dövlət büdcəsindən 1 milyon avrodan çox vəsait xərcləndiyi bildirilir.
Qərar finlandiyalı tarixçilər arasında narazılıq yaradıb. Milli Arxivin keçmiş baş direktoru Yussi Nuorteva məhdudiyyətin hüquqi əsaslarını sual altına alıb. Rusiya arxivlərindən materialların alınmasına cavabdeh olmuş tarix professoru Dmitri Frolov isə vəziyyəti mümkün “özünüsenzura” kimi qiymətləndirib.
Milli Arxivin baş direktoru Päivi Happonen bu ittihamı rədd edib. O bildirib ki, məhdudiyyətlər Rusiya tərəfi ilə əvvəllər bağlanmış müqavilələrdən irəli gəlir. Müqavilələrə əsasən, materiallardan arxivin oxu zallarında və ya təhlükəsiz uzaqdan bağlantı vasitəsilə istifadə edilməlidir. Belə elektron mühit hələ yaradılmadığından çıxış hazırda oxu zalları ilə məhdudlaşdırılıb.
Arxiv gələcəkdə sənədlərdən uzaqdan istifadəni mümkün edəcək qorunan sistem yaratmağı planlaşdırır.
Musavat.com
07 Sentyabr 2026
06 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ