Onlayn ictimai-siyasi qəzet
Sentyabrın 6-da SSRİ-nin mədəniyyət tarixinin ən nüfuzlu fəxri adlarından biri olan “SSRİ xalq artisti” adının təsis edilməsindən 90 il ötdü.
Musavat.com xəbər verir ki, bu fəxri ad 1936-cı il sentyabrın 6-da təsis edilib və 1918-ci ildən mövcud olan “Respublikanın xalq artisti” adını əvəzləyib.
Maraqlıdır ki, məşhur opera müğənnisi Fyodor Şalyapin hələ 1918-ci ildə RSFSR xalq artisti adına layiq görülmüşdü. Lakin 1927-ci ildə ağqvardiyaçılara yardım göstərməkdə ittiham edilərək bu addan məhrum edilmişdi. Şalyapinin fəxri adı yalnız 1991-ci ildə, ölümündən 53 il sonra bərpa olunub.
“SSRİ xalq artisti” adına layiq görülən ən gənc sənətçi qazax opera müğənnisi Küləş Bayseyitova olub. O, bu adı cəmi 24 yaşında, yaradıcılıq fəaliyyətinə başlamasından təxminən üç il sonra alıb.
Bəzi məşhur sənətçilər isə bu ada çox gec layiq görülüblər. Aktyor Georgi Vitsin 73 yaşında, ukraynalı bəstəkar Stanislav Lyudkeviç isə 90 yaşında xalq artisti olub.
Bu ada layiq görülmüş sənətçilər arasında ən uzun ömür sürənlərdən biri Vladimir Zeldin olub. 101 il yaşayan aktyor “SSRİ xalq artisti” adını 1975-ci ildə alıb.
Fəxri ada sonuncu dəfə 1991-ci il dekabrın 21-də aktyor Oleq Yankovski və aktrisa Sofya Pilyavskaya layiq görülüblər. Ümumilikdə isə bu ad mövcud olduğu müddətdə 1006 nəfərə verilib.
Bəzi məşhur sənətçilər fəxri adın rəsmiləşdirilməsini görə bilməyiblər. Aktyor və müğənni Mark Bernes sənədlərin imzalanmasına bir neçə gün qalmış vəfat edib. Aktrisa Rina Zelyonaya isə 1991-ci il aprelin 1-də fəxri adın verilməsi nəzərdə tutulsa da, o, elə həmin gün dünyasını dəyişib. Hər iki sənətçiyə ölümündən sonra bu ad verilməyib.
Rina Zelyonaya sovet kinosunun tanınmış aktrisalarından biri idi. 1901-ci ildə Daşkənddə anadan olan sənətçi xüsusilə “Buratinonun macəraları” filmindəki tısbağa Tortila və Şerlok Holms haqqında məşhur sovet ekran əsərlərindəki missis Hadson obrazları ilə yadda qalıb. O, həmçinin uşaqların danışıq tərzini təqlid etmək bacarığı ilə məşhur idi. Böyük Vətən müharibəsi illərində cəbhədə əsgərlər qarşısında çıxış edib və 1944-cü ildə “Qırmızı Ulduz” ordeni ilə təltif olunub. 1970-ci ildə RSFSR xalq artisti adını alıb.
Rina Zelyonaya 1991-ci il aprelin 1-də Moskvada 89 yaşında vəfat edib. Məhz həmin gün ona “SSRİ xalq artisti” fəxri adının verilməsi nəzərdə tutulurdu. Aktrisanın ölümündən sonra sənədlərin rəsmiləşdirilməsi davam etdirilməyib.
Musavat.com
07 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ