İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir gündə düşmənlər dəyişdi - Finlandiya SSRİ ilə döyüşü dayandırıb Almaniyaya qarşı çıxdı

1944-cü il sentyabrın 4-də Finlandiya SSRİ-yə qarşı hərbi əməliyyatları dayandırdı.

Musavat.com xəbər verir ki, Finlandiya hökuməti hələ 1943-cü ildə, Üçüncü Reyxin müharibədə məğlubiyyətə doğru getdiyi aydınlaşmağa başlayanda müharibədən çıxmaq imkanlarını nəzərdən keçirirdi.

1944-cü ilin yayında Qırmızı Ordunun Vıborqu ələ keçirməsindən sonra danışıqlar xeyli sürətləndi.

Atəşin dayandırılmasından iki gün əvvəl marşal Karl Qustav Mannerheym Adolf Hitlerə məktub göndərərək Finlandiyanın müharibədən çıxacağını bildirmişdi.

Mannerheym məktubunda yazırdı:

“Belə qənaətə gəldim ki, xalqımın xilası məni müharibədən tez çıxış yolu tapmağa məcbur edir... Biz artıq fiziki baxımdan belə müharibəni davam etdirmək iqtidarında deyilik. Rusların iyunda başladığı böyük hücum bütün ehtiyatlarımızı tükədib”.

Bundan 15 gün sonra – sentyabrın 19-da Finlandiya ilə SSRİ arasında Moskva atəşkəs sazişi imzalandı.

Atəşkəsin şərtləri Finlandiyanı keçmiş müttəfiqi Almaniya ilə qarşıdurmaya gətirdi. Alman qoşunları Qoqland adasındakı Finlandiya qarnizonunun təslim olmasını tələb etdilər. Lakin adaya hücum uğursuz oldu və təxminən bir batalyonluq alman qüvvəsi əsir düşdü.

1944-cü ilin sentyabrından 1945-ci ilin aprelinədək Finlandiya qoşunları ölkənin şimalında yerləşən alman qüvvələrinə qarşı döyüşdü. Bu hadisələr sonradan tarixə “Laplandiya müharibəsi” adı ilə düşdü. Geri çəkilən alman qoşunları “yandırılmış torpaq” taktikasından istifadə edərək yaşayış məntəqələrini və infrastrukturu dağıdırdı.

Müharibənin Finlandiya üçün yekun nəticələri 10 fevral 1947-ci ildə imzalanmış Paris Sülh Müqaviləsi ilə rəsmiləşdirildi. Müqaviləyə əsasən, Finlandiya SSRİ-yə 300 milyon dollar həcmində reparasiya ödəməli, Petsamo (Peçenqa) ərazisini güzəştə getməli, Porkkala yarımadasını icarəyə verməli və silahlı qüvvələrini məhdudlaşdırmalı idi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2026

04 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR