İnsanlara hürriyət, millətlərə istiqlal!

Ənənəvi dünya xəritəsinin sonu - BMT-dən GÖZLƏNİLMƏZ QƏRAR

BMT Baş Assambleyası dəniz naviqasiyasından qalan və qitələrin sahəsini təhrif edən ənənəvi dünya xəritəsindən (Merkator xəritəsi) imtina edərək, qitələrin - ilk növbədə Afrikanın sahəsini daha dəqiq əks etdirən xəritələrin lehinə qətnaməyə səs verib.

Musavat.com xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.

Qətnaməni 164 ölkə dəstəkləyib, altı dövlət isə tərəfsiz qalıb. Yalnız ABŞ sənədin əleyhinə səs verib və ölkə nümayəndəsi bu qətnaməni "lüzumsuz" adlandırıb.

Qətnamənin qəbul edilməsinin əsas tərəfdarlarından biri Toqo olub.

Dövlətin nümayəndəsi bildirib ki, sənəd "qeyri-mütənasib kartoqrafik təsvirlərin, xüsusilə Merkator proyeksiyasının nəticəsi olan təsvirlərin uzunmüddətli təhsil, mədəni, coğrafi-siyasi və sosial-iqtisadi fəsadlara yol açdığını, qlobal kollektiv şüurda Afrikanın və dünyanın digər regionlarının qavranılan ölçülərinin kəskin şəkildə kiçilməsinə kömək etdiyini tanıyır və təsdiqləyir".

"The Guardian" qeyd edir ki, BMT qətnaməsi icrası məcburi olan sənəd deyil, lakin onun qəbul edilməsi təhsil proqramlarına və gündəlik həyatda istifadə olunan xəritələrə təsir göstərə bilər. Artıq Fransanın xarici işlər naziri Jan-Noel Barro Parisin Merkator xəritələrindən imtina edərək "konkret məqsədlərə uyğunlaşdırılmış, real sahələri daha dəqiq əks etdirən və kartoqraflarla alimlərin tövsiyələrinə cavab verən kartoqrafik proyeksiyalara" üstünlük verəcəyini bəyan edib.

Merkator proyeksiyasını 1569-cu ildə flamand kartoqrafı Qerard Merkator yaradıb. İlkin olaraq dəniz naviqasiyası üçün nəzərdə tutulan bu proyeksiya planetin istənilən nöqtəsində bucaq (azimut) göstəricisini saxlamaq üçün hazırlanıb. Bu cür proyeksiyalar "bucaqlı" adlanır və onların ümumi, aradan qaldırılması mümkün olmayan cəhəti ölkələrin və qitələrin sahələrini təhrif etməsidir. Merkator proyeksiyasında ərazi ekvatordan nə qədər uzaqdırsa, onun sahəsi real ölçülərinə nisbətən bir o qədər böyük görünür. Məsələn, buna görə də klasik xəritədə Qrenlandiya təxminən Afrika ilə eyni ölçüdə görünür, halbuki reallıqda Afrika Qrenlandiyadan 14 dəfə böyükdür.

Sahələri daha düzgün ötürmək üçün bucaqları güclü şəkildə təhrif edən "bərabərsahəli" proyeksiyalar mövcuddur - məsələn, Albers və ya Lambert proyeksiyaları. Toqo hakimiyyəti Merkator proyeksiyası əvəzinə daha çox "Equal Earth" proyeksiyasından istifadə etməyi təklif edir. Bu proyeksiya 2018-ci ildə beynəlxalq kartoqraflar qrupu tərəfindən Robinzon proyeksiyası əsasında hazırlanıb. Sözügedən proyeksiya kompromis xarakter daşıyır və nə bucaqları, nə də sahələri tam dəqiqliyi ilə saxlamır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2026

04 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR