İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölüm yayan pələng ağcaqanadları - Onlara qarşı xüsusi tələlər quruldu

Fransada pələng ağcaqanadlarının yayılması yerli hakimiyyət orqanlarını xüsusi tədbirlər görməyə vadar edib.

Musavat.com xəbər verir ki, Sen-Jüst-Sen-Ramber kommunasında pələng ağcaqanadlarının sayını azaltmaq üçün indiyədək 45 min avro vəsait xərclənib.

Söhbət elmi adı Aedes albopictus olan pələng ağcaqanadından gedir. Əslən Cənub-Şərqi Asiyadan olan bu invaziv növ Fransanın kontinental hissəsində ilk dəfə 2004-cü ildə qeydə alınıb və sonrakı illərdə ölkənin böyük hissəsinə yayılıb.

Pələng ağcaqanadları denge qızdırması, çikungunya və Zika kimi təhlükəli xəstəliklərin viruslarını insanlara ötürə bilir. Məhz bu səbəbdən Fransada onların yayılmasına qarşı mübarizə səhiyyə məsələsi kimi qiymətləndirilir.

Sen-Jüst-Sen-Ramberdə şəhərin müxtəlif nöqtələrində xüsusi ağcaqanad tələləri quraşdırılıb, sakinlərə 250 mübarizə dəsti paylanıb. Eyni zamanda ağcaqanadlarla qidalanan yarasa və quşların çoxalmasına şərait yaratmaq üçün xüsusi yuvalar və sığınacaqlar yerləşdirilib.

İstifadə olunan vasitələr arasında CO₂ tələləri də var. Bu qurğular insan nəfəsini imitasiya edərək ağcaqanadları özünə cəlb edir və onların tutulmasına imkan yaradır.

Fransa səhiyyə qurumları pələng ağcaqanadlarına qarşı ən mühüm mübarizə üsullarından birinin onların çoxaldığı durğun su mənbələrinin aradan qaldırılması olduğunu bildirir. Bu ağcaqanadlar hətta kiçik qablarda toplanmış az miqdarda suda belə çoxala bilir.

Buna görə sakinlərə dibçək altlıqlarında, vedrələrdə, su çənlərində və digər açıq qablarda su saxlamamaq, hovuz və su anbarlarını örtülü vəziyyətdə saxlamaq tövsiyə olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2026

04 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR