Onlayn ictimai-siyasi qəzet
ABŞ-nin Mayami Beynəlxalq Hava Limanında "Amazon" şirkətinə məxsus "Boeing 767" tipli yük təyyarəsinin eniş zamanı qəzaya uğraması nəticəsində ən azı beş nəfər həlak olub, beş nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Musavat.com xəbər verir ki, bu barədə "Reuters" agentliyi yerli hüquq-mühafizə və xilasetmə orqanlarına istinadən operativ məlumat yayıb.
Puerto-Rikodan gələn təyyarə eniş zolağını keçərək hava limanının yaxınlığındakı avtomobil dayanacağına çırpılıb və maşınları əzərək alovlanıb. Zərbənin gücündən təyyarə və bir neçə avtomobil alova bürünüb, hadisə yerində pilotlar da daxil olmaqla bir neçə nəfər nəqliyyat vasitələrinin içində sıxılıb qalıb.
Hadisə ilə əlaqədar Mayami aeroportunda bütün uçuşlar dərhal dayandırılıb və təcili yerüstü stop rejimı tətbiq olunub. Əraziyə 60-dan çox xilasetmə briqadası və 200-dən artıq heyət cəlb edilib. Yanğınsöndürənlər alovun söndürülməsi və axan təyyarə yanacağının təhlükəsizləşdirilməsi istiqamətində işləri davam etdirirlər. ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) və Federal Aviasiya Administrasiyası (FAA) faciənin səbəblərini araşdırmağa başlayıb.
Musavat.com
07 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ