Onlayn ictimai-siyasi qəzet
İrəvan Ümumi Yurisdiksiya Cinayət Məhkəməsinin hakimi Vahaqn Melikyan Ali Ruhani Şuranın üzvləri olan Bütün Ermənilərin Katolikosu II Qaregin və altı yepiskopa qarşı cinayət işi ilə bağlı qərar çıxarılması üçün Kassasiya Məhkəməsinə müraciət edib. Bu barədə məhkəmədən bildirilib. Bu, kilsənin cinayət işinə baxmaqdan imtina edən üçüncü hakimdir. Daha əvvəl, avqustun 7-də Hakob Manukyan özünü prosesdən kənarlaşdırmışdı. Avqustun 10-da isə iş Serj Ruşanyana verilib. O da öz növbəsində işi İrəvan Ümumi Yurisdiksiya Məhkəməsinə göndərib.

Bu arada işi araşdıran prokuror Xaçatur Qalstyan Ermənistan Prokurorluğundan istefa verib. Onun vəzifəsini baş prokurorun müavini Aram Aramyan tutub. Ermənistanın 5TV televiziya kanalının məlumatına görə, Qalstyan istefa ərizəsi yazıb. Bildirilir ki, prokurorluq əvvəlcə cinayət işinin perspektivsiz olduğunu və ibtidai istintaq zamanı işin dayandırılacağını düşünürdü. Lakin materiallar sonradan məhkəməyə göndərilib. Prokurorluq Qalstyanın istefasını təsdiqləyib, lakin onun işdən çıxarılmasının Qaregin II işi ilə əlaqəli olmadığını bildirib. Onlar qeyd ediblər ki, cinayət təqibini elə Qalstyan özü başladıb və işi ittiham aktı ilə məhkəməyə göndərib. Ermənistan baş prokurorunun müavini Aram Aramyan artıq iş üzrə dövlət ittihamçısı təyin edilib.
Bəs Paşinyan bu işi sona çatdıra biləcəkmi? Hakim problemi necə çözüləcək?

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadənin fikrincə, II Qaregin bütün ermənilərin katolikosudur deyə burada mənəvi faktor rol oynayır. Onun sözlərinə görə, istənilən halda işə baxan hakim və prokuror olacaq, sadəcə, tərəddüd edənlər çoxdur: "II Qaregin və kilsə ermənilərin həyatında mühüm amildir. Hərçənd, son illər onun nüfuzu aşağı düşüb, amma yenə də cəmiyyətdə ruhani kimi qiymət verilir. Ona görə hüquqi yox, mənəvi prizmadan məsələyə münasibət bildirilir. Ermənilər kilsəyə bağlı olublar. Paşinyan isə kilsənin dövlətin siyasətinə müdaxiləsinə qarşı çıxır və katolikosun saxtakar biri olduğunu xalqa sübut etmək istəyir. Yəni deyir ki, baxın, sizin dəyər verdiyiniz Qaregin əslində, fırıldaqçıdır, kilsə andını pozub və s. O baxımdan, 2018-ci ildən başlayan bu prosesi məntiqi sonluğa gətirib çıxaracaq".
Hüquqşünas hesab edir ki, II Qareginə ağır cəza verilməyə bilər, amma onun gözdən düşməsi prosesi gedir: "Kilsə və ya din xadimi ibadətlə məşğul olmalıdır. Amma kilsənin başında duranlar siyasətə, maliyyəyə qarışıblar. Bundan əlavə, din adamı sülhə çağırmalıdır. II Qaregin isə erməniləri həmişə qırğına göndərib. Bu da nəticəsidir. İndi də onun işinə baxılması gözlənilir. Paşinyan bir hakim, bir prokuror tapacaq ki, məhkəmə keçirilsin. Köçəryandan sonra II Qaregin bitiriləcək".
Emil Salamoğlu
Musavat.com
07 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ