Onlayn ictimai-siyasi qəzet
Ermənistanın Baş naziri Nikol Paşinyanın yaxın vaxtlarda Moskvaya səfəri baş tuta bilər. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, səfərin dəqiq tarixinin hələ müəyyənləşmədiyini qeyd edib. Peskovun “RİA Novosti”-yə açıqlamasına görə, Ermənistanın hökumət başçısının səfəri bu il ərzində baş tutacaq.
Bəs, Nikol Paşinyanın Rusiyaya səfəri Kremlə lazımdır, yoxsa İrəvana? Bu səfərə daha çox tərəflərdən hansının ehtiyacı var?
Alyans Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov Musavat.com-a bildirib ki, Nikol Paşinyanın Moskva səfəri ilk növbədə Rusiya rəhbərliyi üçün lazımdır: “Görünür onlar “Atalar üçdən deyib” müdrikliyini yoxlamaq istəyirlər və Paşinyana son təzyiqləri göstərmək, əsas kartlarını açmaq istəyirlər. Burada təzyiq nələr ola bilər? Rusiyada işləyən erməni əmək miqrantları ilə bağlı hədə-qorxu gələ bilərlər. Təxminən 800 minə yaxın erməni əmək miqrantı Rusiyada işləyir və onlar keçən il 3,5 milyard dolar Ermənistana pul göndəriblər. Rusiya tərəfi yenə də Paşinyana qazın qiymətini qaldıracaqlarını deyə bilər. Hətta deyə bilərlər ki, ümumiyyətlə Ermənistana qaz satmayacaqlar. Bu çox ciddi təhdiddir. Çünki Rusiyanı əvəz eləyəcək ölkə tapmaq qeyri-mümkündür. Əgər İran cəsarət eləyə bilsə ola bilsin ki, İran 2,2 milyard kubmetr qaz verə bilər. Ancaq başqa bir ölkədən qaz almaq Ermənistan üçün çətin olar. Ola bilsin ki, Kreml rəhbərliyi digər məsələləri də deyib Paşinyana son təzyiqlərini göstərmək qərarına gəliblər. Paşinyanın cavabları da məncə aydındır, onun geri çəkilməyə yeri yoxdur və geri çəkilmək niyyətinin də olmadığını söyləyə bilərik. O, sona qədər dayanacaq və Moskva səfərinə sanki özünə güvəndiyi üçün razılıq verib”.
Ekspert güman edir ki, danışıqların gedişində səslənəcək təzyiqlər və ona Paşinyanın cavabı da artıq hazırdır. Bu, səfər də yəqin ki, nəticəsiz başa çatacaq və Rusiya vəd etdiyi təzyiqləri reallaşdırmaq məcburiyyətində qalacaq.
Etibar Seyidağa,
Musavat.com
08 Sentyabr 2026
07 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ