İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın Moskva imtahanı: Putin İrəvanı seçim qarşısında qoyacaq – ya Rusiya, ya Avropa...

Ermənistan-Rusiya münasibətlərində son dövrdə müşahidə olunan ziddiyyətli proseslər fonunda Ermənistanın baş naziri Nikol Paşinyanın RF lideri Putinin dəvəti ilə Moskvaya gözlənilən səfəri xüsusi diqqət çəkir. Səfərin konkret tarixi hələ razılaşdırılmasa da, danışıqların gündəliyinin artıq müəyyən hissəsi məlumdur.

Paşinyanın Moskvaya səfəri Ermənistan-Rusiya münasibətlərində nədən xəbər verir?

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Musavat.com-a açıqlamasında qeyd edib ki, Paşinyanın Moskvaya gözlənilən səfəri ikitərəfli tərəfdaşlığın cari vəziyyətini, gələcək inteqrasiya istiqamətlərini və tərəflərin geostrateji gözləntilərini dəqiqləşdirmək baxımından mühüm dönüş nöqtəsi sayıla bilər: "Məlumdur ki, son dövrlərdə İrəvanın xarici siyasətində müşahidə olunan diversifikasiya cəhdləri, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı de-fakto dondurulmuş iştirakı və Avropa İttifaqı ilə yaxınlaşma kursu Moskva ilə münasibətlərdə böhran yaradıb. Bu baxımdan, gözlənilən yüksək səviyyəli dialoq, sadəcə, növbəti diplomatik görüş deyil, Ermənistanın gələcək xarici siyasət konfiqurasiyasının parametrlərini müəyyən edən strateji platformadır.

Sirr deyil ki, Moskva və İrəvan arasında ənənəvi "strateji müttəfiqlik" modeli öz funksionallığını itirib və hazırda tərəflər daha çox praqmatik maraqların idarə olunması mərhələsindədir. Bu mənada, Vladimir Putinin İrəvanı Avropa istiqamətindən tamamilə döndərmək cəhdlərindən ziyadə, İrəvan qarşısında bu seçimin gətirəcəyi iqtisadi və təhlükəsizlik risklərini aydın şəkildə ortaya qoyacağı gözlənilir. Paşinyan hökumətinin strategiyası "Rusiyadan tam qopma" ideyasına deyil, risklərin bölüşdürülməsinə əsaslandığı üçün Moskva görüşündən sonra Ermənistanın xarici siyasətində kəskin və radikal bir dönüşün baş verməsi ehtimalı aşağıdır. Ölkənin eyni zamanda Avrasiya İqtisadi İttifaqının üzvü olaraq qalması və Aİ ilə dərin inteqrasiya institutlarını inkişaf etdirməsi institusional baxımdan mümkünsüzdür".

Deputat bildirdi ki, Ermənistanın Aİİ və Aİ arasında real seçim qarşısında qalması qaçılmazdır, lakin bu seçim birdəfəlik bəyanatla deyil, mərhələli təzyiqlər fonunda reallaşacaq: "Rusiya bazarı Ermənistanın kənd təsərrüfatı və emal sənayesi eksportunun 30 faizindən çoxunu təşkil edir, eləcə də ölkə Rusiyanın ucuz energetika resurslarından, təbii qaz və atom enerjisindən birbaşa asılıdır. Moskva siyasi qarşıdurmaya baxmayaraq Bişkek görüşündən sonra ticarət-iqtisadi mexanizmlərin saxlanılması barədə tapşırıqlar verməklə iqtisadi təsir alətlərini əlində saxlamaq istəyir. Əgər İrəvan Aİ-yə inteqrasiya istiqamətində konkret addımlar atsa, Kremlin gömrük, tarif və energetika sahəsində qeyri-siyasi bəhanələrlə, məsələn Yuxarı Lars keçidində texniki yoxlamaların sərtləşdirilməsi və ya qaz qiymətlərinin bazar qiymətlərinə qaldırılması kimi tətbiq edəcəyi dolayı sanksiyalarla Ermənistan iqtisadiyyatı üçün kəskin böhran yarada bilər. Avropa İttifaqının isə bu ölçüdə iqtisadi itkiləri dərhal kompensasiya edəcək tam fəaliyyət göstərən maliyyə-mexanizmi mövcud deyil. Bu mənada, gözlənilən Moskva görüşü Ermənistanın xarici siyasətində kəskin qopmaya və ya tam yenidən inteqrasiyaya səbəb ola bilməz, lakin tərəflərin iqtisadi praqmatizm çərçivəsində mövcud status-kvonu nə qədər saxlayacağını müəyyən edəcək. Paşinyan Aİİ-nin təqdim etdiyi iqtisadi imkanlardan istifadə etməyə davam edərək Aİ ilə siyasi dialoqu dərinləşdirmək strategiyasını qoruyub saxlamağa çalışacaq, Moskva isə bu balansı pozmamaq üçün İrəvana iqtisadi və hüquqi öhdəliklərin sərhədlərini xatırlatmaqda davam edəcək".

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Sentyabr 2026

07 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR