Onlayn ictimai-siyasi qəzet
Rusiya-Ukrayna müharibəsinin sona çatdırılması istiqamətində diplomatik səylər yenidən intensivləşsə də, tərəflər arasında əsas fikir ayrılığı hələ də aradan qalxmayıb. ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin əvvəlcə Moskvada Vladimir Putinlə, daha sonra isə Kiyevdə Vladimir Zelenski ilə keçirdiyi görüşlər danışıqlar prosesini yenidən gündəmə gətirib. Bu təmaslardan konkret razılaşmanın ortaya çıxmaması göstərir ki, müharibənin siyasi həllinə mane olan əsas məsələ qalır. Bu, Donbasın gələcək statusu məsələsidir.
“Financial Times”ın materialında da diqqət çəkildiyi kimi, Vaşinqton tərəfləri əvvəlki danışıqlarda müzakirə olunmuş təkliflərin yenilənmiş variantları ətrafında yenidən bir araya gətirməyə çalışır.
Donbas Ukraynanın şərqində yerləşən Donetsk və Luqansk vilayətlərini əhatə edən strateji ərazidir. Hazırda Donbasın böyük hissəsi, 75 faizi Rusiyanın nəzarətindədir.
Donbas üzərində razılaşma əldə olunmadan Rusiya-Ukrayna müharibəsini həqiqətən bitmiş hesab etmək mümkündürmü?
Politoloq Rəşad Bayramov Musavat.com-a bildirdi ki, Rusiya-Ukrayna müharibəsinin siyasi həllində ən mürəkkəb məsələ olaraq qalan Donbas problemi həqiqətən də əslində yalnız ərazi mübahisəsi deyil: "Bu məsələ həm Rusiyanın müharibədən əldə etdiyi nəticələrin necə rəsmiləşdiriləcəyini, həm Ukraynanın gələcək təhlükəsizliyini, həm də Avropada müharibədən sonrakı təhlükəsizlik sisteminin necə qurulacağını müəyyənləşdirir. ABŞ-ın Stiv Uitkoff və Cared Kuşner vasitəsilə Moskva və Kiyev arasında danışıqları yenidən canlandırmağa çalışması diplomatik kanalın açıq qaldığını göstərsə də, lakin son görüşlərdə konkret razılaşmanın əldə olunmaması əsas ziddiyyətlərin hələ də aradan qalxmadığını deməyə əsas verir.
Moskva nəzarət etdiyi ərazilərin hərbi nəticə kimi tanınmasını və Ukraynanın müəyyən ərazilərdən geri çəkilməsini istəyir. Kiyev isə belə bir güzəştin gələcəkdə Rusiyanın yeni ərazi tələblərinə stimul verəcəyindən ehtiyat edir. Ukraynanın ərazi məsələsində güzəştə getməsi inandırıcı deyil, amma bu baş versə belə yalnız çox ciddi təhlükəsizlik təminatları qarşılığında mümkün ola bilər. Rusiya isə Ukraynanın NATO üzvü olmamasında, ərazisində hər hansı bir ölkənin hərbi birliyini yerləşdirməməsində, ordunun sayının məhdudlaşdırılmasında israr edir. Yəni faktiki olaraq Ukraynaya lazım olan təhlükəsizlik zəmanəti üçün də "yaşıl işıq" yandırmır. Bunlara baxmayaraq, Ukrayna tərəfindən hər hansı bir kompromis olsa belə bu özündə ərazilərin Rusiya ərazisi olaraq tanınmasını ehtiva etməyəcək. Yəni burada kompromis variantlarından biri ərazinin faktiki nəzarəti ilə onun hüquqi statusunun ayrılmasıdır. Başqa sözlə, Ukrayna indiki cəbhə xəttini təhlükəsizlik zəmanətləri fonunda müəyyən müddətlik qəbul etsə də, lakin bu xəttin beynəlxalq səviyyədə daimi sərhəd kimi tanınmasını qəbul etməyəcək. Prinsipcə bu model tərəflərin öz prinsipial mövqeyindən tam imtina etməsini tələb etməz. Lakin bunun işləməsi üçün birinci Rusiyanın buna hazır olması və paralel olaraq çox güclü beynəlxalq monitorinq və Ukraynaya etibarlı təhlükəsizlik zəmanətləri lazımdır. Məhz təhlükəsizlik təminatları Kiyevin mövqeyinin əsas açarıdır.
Moskvanın isə belə formulaya razılıq verməsi hələ ki, mümkün görünmür".
Politoloqun sözlərinə görə, Putin son görüşdən sonra müharibənin başlama səbəblərinin aradan qaldırılmasının vacibliyini və Rusiyanın müəyyən etdiyi məqsədlərə nail olacağını vurğulayıb: "Bu özü də Kremlin sadəcə mövcud cəbhə xətti üzrə atəşkəslə kifayətlənmək niyyətində olmadığını göstərir. Bu səbəbdən Donbas məsələsi həll olunmadan müharibənin tam şəkildə başa çatdırılması çox çətindir. Lakin müharibənin dayanması üçün Donbasın hüquqi statusunun dərhal və birdəfəlik həll edilməsi də mütləq şərt deyil. Atəşkəs, faktiki nəzarət xəttinin dondurulması, təhlükəsizlik mexanizmləri və ərazi statusunun sonrakı danışıqlara saxlanılması müvəqqəti həll yarada bilər. Əsas problem Rusiyanın bu müvəqqəti həllə münasibətidir".
Cavanşir Abbaslı
Musavat.com
08 Sentyabr 2026
07 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ