Onlayn ictimai-siyasi qəzet
İran Hörmüz boğazı ilə bağlı yeni qərarını açıqlamağa hazırlaşır. Tehran yaxın günlərdə Fars körfəzində yeni məhdudlaşdırılmış zona yaradılacağını və strateji əhəmiyyət daşıyan Hörmüz boğazından keçid üçün yeni gəmiçilik marşrutunun müəyyənləşdiriləcəyini bildirib. İranın bu addımı regionda dəniz nəqliyyatına qarşı qarşılıqlı hücumların baş verdiyi bir vaxtda gündəmə gəlib.
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi bildirib ki, yeni məhdudlaşdırılmış zona ABŞ tərəfindən İrana tətbiq edilən blokadanın başladığı ərazidən etibarən körfəzin müəyyən hissələrini əhatə edəcək. Onun sözlərinə görə, həmin zonaya daxil olan gəmilər İran tərəfindən sanksiya siyahısına salına bilər.
İranın elan etdiyi yeni məhdudlaşdırılmış zona Hörmüz boğazında gəmiçilik fəaliyyətini necə dəyişəcək?
Siyasi şərhçi Fikrət Fəraməzoğlu Musavat.com-da öncəliklə bir məsələnin nəzərə alınmasını vacib saydı: "Unutmaq olmaz ki, İranın uzun zamandır əlində saxladığı Hörmüz kartı uzun vədəli perspektiv vəd etmir. Eyni zamanda, Tehranın boğazdan təhdid vasitəsi kimi istifadə etməsi imkanları ən pis halda iki ildən sonra sıradan çıxacaq. Bu da onunla bağlıdır ki, uzun illərdir alternativ kimi saxlanılan, lakin icrası həyata keçirilməyə yeni marşrutların üzərində fəaliyyətə başlanılıb. Yaxın gələcək üçün Hörmüz boğazı strateji əhəmiyyətini itirməsə də, neft və qaz nəqli məsələsində yeganə marşrut olmayacaq.
İranın yeni marşrut yaratması sözdə asan bir şey kimi görünsə də, əməldə çətin, bəzən isə mümkün olmayan hal kimi diqqəti çəkir. Ona görə ki, Hörmüzdəki dominantlığı İran uzun illər əlində saxlaya bilməz. Bu mümkün də deyil. Nəzərə alaq ki, dünya neft ixracının 20 faizindən çoxunu həyata keçirən bu dəhliz bütün dünya iqtisadiyyatı üçün önəmlidir. Ola bilər ki, İran bu gün ondan təsir rıçaqı kimi istifadə etsin. Avropa buna qarşı çıxmasın. Lakin çox keçməz Avropa bu prosesdə tərəf olaraq çıxış etməyə başlayacaq. Çünki özünün enerji təhlkəsizliyini riskə atmaq istəməyəcək.
Eyni zamanda, İran Hörmüz boğazını təkbaşına əlində saxlaması mümkün deyil. Buna onu resursu uzun illər üçün kifayət etməyəcək. Şübhəsiz ki, Çin və Rusiyanın dəstəyi ilə prosesi reallaşdıra bilər. Rusiyanın durumu göz qabağındadır. Çin isə indiki məqamda dünya ilə üz-üzə qalmaq fikrindən uzaqdır. Hələ bu yaxınlarda Pekin aydın şəkildə İrana şərtlərini göndərmişdi və birinci şərti isə Hörmüz boğazının açılmasıydı. Yəni, Pekin də uzun müddətli vədədə Tehranla ortaq hərəkət etməyəcəyini açıqlayıb".
Siyasi şərhçi vurğuladı ki, İranın yeni marşrut yaratmaq cəhdi gəmi daşımaçılığına ciddi təsir edəcək: "Yenə də qeyd edirəm ki, bu uzun vədədə davam etməyəcək. Çünki ərəb ölkələri öz neft və qazlarını Hind okeanının başqa yerlərindən daşımaq üçün artıq limanların qurulmasına start veriblər. Bəzi limanlar isə işləkdir. Onların da imkanlarından istifadə olunur və olunacaq. Sadəcə, bu, bir qədər zaman istəyən məsələdir.
Yeni yaradılması düşünülən dəhliz enerji daşıyıcılarının təhlükəsizliyi məsələsində dominant olmaya bilər. Təbii ki, ABŞ indiki məqamda neftin Avropaya daşınmasının dayanmasında maraqlı deyil. Ona görə də, ilk mərhələdə maneçilik yaratmayacaq. Lakin alternativ marşrutlar işə düşdükdən sonra Hörmüz boğazından keçidlərə ciddi gərək qalmayacaq. Yəni, İranın təhlükəsizlik məsələsinə zəmanət verib, verməməsi heç nəyi dəyişməyəcək. Təbii ki, Hörmüz böhranı neftin bahalaşmasının birinci amilidir. Nə qədər ki, alternativ marşrutlar işə düşməyib, bu tendensiya davam edəcək. Və ya ABŞ İranla razılaşarsa, sərbəst keçid mümkünləşəcək və zaman içində qiymət aşağı düşəcək. Amma qiymətlərin belə yüksək qalmasının daimi olması real deyil.
Aydın məsələdir ki, Hörmüz boğazında yaranan yeni vəziyyət qlobal enerji bazarına təsir edəcək. Lakin bunu uzun müddət üçün proqnozlaşdırmaq lazım deyil. Zaman içində ərəb neftinin digər limanlar və quru xətlər üzərindən daşınması start götürəcək ki, bu da yeni bir vəziyyətin yaranmasına gətirib çıxaracaq. Ola bilər ki, neftin qiyməti indiki səviyyədə və ya bundan bir qədər ucuz, hətta daha aşağı olsun. Lakin bir amili də unutmayaq ki, neftin baha qalması ərəb ölkələri üçün daha sərfəlidir ki, onlar da yeni bazarda bu fonda oynamağa üstünlük verəcəklər. İranın atdığı addımlar uzun illər üçün nəzərdə tutulsa da, ömrü kifayət qədər az olacaq. Çünki ABŞ-ın İrana qarşı başlatdığı iqtisadi müharibə çox keçməz nəticəsini verəcək. Şübhəsiz ki, İranla və İransız regionda qüvvələr nisbətində müəyyən dəyişiklik olacaq. Lakin bu dəfə bölgədə ABŞ dominant olacaq. O, Çini, bölgədə qismən rolu olan Rusiyanı əvəzləyəcək.
Gedişatın beynəlxalq enerji marşrutlarına təsirinə gəlincə, mənfi tendensiya müşahidə olunmayacaq. Əksinə, alternativlər sırasında faktiki fəaliyyətdə olan neft və qaz xətlərinin daha intensiv işləməsinə səbəb olacaq. Paralel olaraq, alternativ marşrutların da işə salınması prosesini sürətləndirəcək".
Cavanşir Abbaslı
Musavat.com
08 Sentyabr 2026
07 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ