Onlayn ictimai-siyasi qəzet
Bosniya müharibəsi zamanı minlərlə müsəlmanın qətlə yetirilməsinə görə soyqırımı və insanlıq əleyhinə cinayətlərdə təqsirli bilinərək ömürlük həbsə məhkum edilmiş bosniyalı serblərin keçmiş ordu komandanı Ratko Mladiç Belqradda dəfn edilib.
Musavat.com xəbər verir ki, avqustun 27-də vəfat edən Mladiç sentyabrın 7-də Belqraddakı Topçider qəbiristanlığında torpağa tapşırılıb. Vida mərasiminə çoxsaylı insan qatılıb. Mərasimdən əvvəl Müqəddəs Evangelist Luka məbədində dini ayin keçirilib. Ayinə Serbiya patriarxı Porfiri rəhbərlik edib. Daha sonra Serbiya ordusunun səhra geyimində olan hərbçiləri tabutu məbəddən çıxararaq qəbiristanlığa aparıblar.
Ratko Mladiç 1992–1995-ci illər Bosniya müharibəsinin ən çox müzakirə olunan simalarından biri olub. Onun rəhbərlik etdiyi Bosniya Serb Ordusunun qüvvələri bosniyalı müsəlmanlara qarşı kütləvi qətllər və etnik təmizləmə həyata keçirib. BMT tribunalının yekun hökmünə əsasən, Mladiç Srebrenitsada bosniyalı müsəlmanlara qarşı soyqırımı, həmçinin təqib, məhvetmə, qətl, deportasiya, mülki əhaliyə qarşı terror və digər hərbi cinayətlərdə təqsirli bilinib.
Bosniya müharibəsi zamanı bosniyalı müsəlman qadın və qızlara qarşı genişmiqyaslı cinsi zorakılıq və zorlamalar da törədilib. Beynəlxalq tribunalın işlərində bu cinayətlər sənədləşdirilib və Bosniya serb qüvvələrinin nəzarətində olan ərazilərdə qadınların zorlanması, cinsi zorakılığa məruz qoyulması və saxlanma yerlərində istismar edilməsi halları müəyyən edilib.
1995-ci ilin iyulunda Srebrenitsada 7–8 minə yaxın bosniyalı müsəlman kişi və oğlan sistemli şəkildə öldürülüb. Tribunal müəyyən edib ki, Mladiç Srebrenitsa müsəlmanlarının məhv edilməsinə yönəlmiş cinayət planında iştirak edib, onun komandanlığı altındakı qüvvələr minlərlə insanı edam edib, qadınları, uşaqları və yaşlıları isə zorla ərazidən çıxarıblar.
Bu və Bosniyanın digər bölgələrində müsəlman əhaliyə qarşı törədilən ağır cinayətlər Mladiçin adını müharibənin ən qanlı simalarından birinə çevirib. O, mediada geniş şəkildə “Bosniya qəssabı” ləqəbi ilə tanınıb.
Dəfn mərasimi siyasi mübahisəyə də səbəb olub. Serbiya Prezidenti Aleksandar Vuçiç mərasimdə iştirak etməyib. Vuçiç bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə danışıqlarda olması ilə izah edib. Avropa İttifaqı isə Mladiçin qəhrəmanlaşdırılmasını Serbiyanın Aİ-yə üzvlük istiqaməti ilə bir araya sığmayan yanaşma kimi qiymətləndirib.
Musavat.com
07 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ