Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Moskva vilayəti üzrə Daxili İşlər Nazirliyinin rəhbərliyində böyük yanacaq qalmaqalı baş verib.
Musavat.com xəbər verir ki, Baş idarə rəisinin müavini, arxa cəbhə rəisi, general-mayor Sergey Malkov yanacağın mənimsənilməsi işi üzrə saxlanılıb.
Rusiya DİN-in rəsmi nümayəndəsi İrina Volk istintaq çərçivəsində “EuroTrans” şirkətinin direktorlar şurasının sədri İqor Martınov, şirkətin üç top-meneceri və üç yüksək vəzifəli DİN əməkdaşının məsuliyyətə cəlb edildiyini açıqlayıb.
Yüksək vəzifəli polis əməkdaşları arasında general-mayor Sergey Malkovla yanaşı, Moskva vilayəti üzrə DİN Baş İdarəsinin Təsərrüfat və Xidmət Təminatı Mərkəzinin rəisi, polkovnik Aleksey Suyarov və həmin qurumun şöbə rəisi, polkovnik-leytenant Anna Levina da var. Malkov, Suyarov və Levina artıq daxili işlər orqanlarından xaric ediliblər.
Məlumata görə, söhbət Moskva vilayəti polisinin ehtiyacları üçün nəzərdə tutulmuş avtomobil yanacağının mənimsənilməsindən gedir. Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 160-cı maddəsinin 4-cü hissəsi – mütəşəkkil qrup tərəfindən və ya xüsusilə külli miqdarda mənimsəmə və israfetmə üzrə cinayət işi başlanıb.
İki həftə əvvəl Moskva vilayəti üzrə DİN Baş İdarəsinin əməkdaşlarının yanacaq kartları işləməyi dayandırıb. Bundan sonra əməkdaşlara avtomobillərə öz hesablarına yanacaq doldurmaq təklif olunub. Lakin çəkilən xərclərin ödənilməsi ilə bağlı raportlar nəticəsiz qalıb. Vəziyyət o həddə çatıb ki, Moskva vilayətinin bir sıra şəhərlərində növbəyə çıxan polis dəstələrinin sayı azaldılmağa başlanıb.
RBC-nin mənbəsinin məlumatına görə, general Sergey Malkovun saxlanılmasında Rusiya Federal Təhlükəsizlik Xidmətinin – FSB-nin əməkdaşları da iştirak ediblər. “EuroTrans”un üç rəhbər əməkdaşı artıq həbs edilib, digər saxlanılan şəxslərlə bağlı da məhkəmədən həbs-qətimkan tədbiri seçilməsi istənilib.
“EuroTrans” Moskva regionunda iri yanacaq operatorlarından biridir və “TRASSA” brendi altında 56 yanacaqdoldurma kompleksini idarə edir. Şirkətin həmçinin neft bazası və öz yanacaqdaşıyan avtomobil parkı mövcuddur.
Musavat.com
08 Sentyabr 2026
07 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ