Onlayn ictimai-siyasi qəzet
Azərbaycan-Ermənistan münasibətlərində sülh gündəliyinin ön plana çıxdığı bir vaxtda İrəvandan Bakıya qarşı yeni ittihamlar səsləndirilib. Ermənistanda keçirilən mətbuat konfransında Azərbaycanda məhkum olunmuş erməniəsilli şəxslərin dini mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qalması, işgəncəyə məruz qoyulması və dini etiqad azadlıqlarının məhdudlaşdırılması ilə bağlı iddialar irəli sürülüb. Azərbaycan Ombudsmanı Səbinə Əliyeva isə bu açıqlamaları əsassız və qərəzli adlandıraraq, belə ittihamların heç bir etibarlı sübut təqdim edilmədən fakt kimi ictimaiyyətə çatdırılmasını yolverilməz hesab edib.
Ombudsmanın qiymətləndirməsinə görə, bu cür yanaşma yalnız insan hüquqları məsələsi ilə məhdudlaşmır, eyni zamanda aparılan sülh danışıqlarının ruhuna və tərəflər arasında etimadın formalaşdırılması prosesinə də zərbə vura bilər. Səbinə Əliyeva ayrı-ayrı şəxslərin məsələsinin etnik və dini qarşıdurma müstəvisinə keçirilməsinin yolverilməz olduğunu vurğulayıb.
Ermənistan tərəfindən səsləndirilən bu ittihamların arxasında hansı məqsədlər dayanır? İrəvan yeni sülh mərhələsi ərəfəsində niyə məhz insan hüquqları mövzusunu gündəmə gətirir? Bu açıqlamalar Azərbaycan-Ermənistan arasında formalaşan yeni münasibətlərə təsir göstərə bilərmi? Sülh prosesinə kölgə salan bu cür qarşılıqlı ittihamların qarşısını almaq mümkün olacaqmı?
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı Musavat.com-a bildirdi ki, Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin irəlilədiyi, regionda uzunmüddətli sabitlik və əməkdaşlıq üçün yeni imkanların yarandığı bir mərhələdə İrəvandan Azərbaycana qarşı növbəti əsassız ittihamların səsləndirilməsi təəssüf doğurmaqla yanaşı, müəyyən siyasi məqsədlərə xidmət edir: "Azərbaycanda məhkum olunmuş erməniəsilli şəxslərin guya dini mənsubiyyətinə görə ayrı-seçkiliyə və işgəncəyə məruz qalması, dini etiqad azadlıqlarının məhdudlaşdırılması barədə iddiaların səsləndirilməsi qəbuledilməzdir. Azərbaycan Ombudsmanı Səbinə Əliyevanın məsələyə münasibəti kifayət qədər aydın və prinsipialdır. Hüquqi müstəvidə olan məsələlərin süni şəkildə etnik və dini qarşıdurma kontekstinə daşınması insan hüquqlarının müdafiəsinə deyil, onun siyasiləşdirilməsinə xidmət edir. Xüsusilə diqqət çəkən məqam belə ittihamların məhz Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələnin formalaşdığı bir zamanda gündəmə gətirilməsidir. Təəssüf ki, Ermənistanda müəyyən dairələr hələ də köhnə qarşıdurma ritorikasından siyasi alət kimi istifadə etməyə çalışırlar. İnsan hüquqları kimi həssas məsələlərin siyasi manipulyasiya predmetinə çevrilməsi tərəflər arasında formalaşdırılmalı olan etimad mühitinə ciddi zərbə vurur. Azərbaycanın mövqeyi dəyişməz və ardıcıldır. Ölkəmiz Cənubi Qafqazda davamlı sülhün, təhlükəsizliyin və qarşılıqlı əməkdaşlığın tərəfdarıdır. Azərbaycan sülh gündəliyini konkret təşəbbüslərlə irəli aparır və regionda qarşıdurma səhifəsinin birdəfəlik bağlanmasına çalışır.
Hazırkı tarixi mərhələdə Ermənistan tərəfi üzərinə düşən siyasi məsuliyyəti dərk etməli, əsassız ittihamlardan və etimadı zədələyən ritorikadan əl çəkməlidir. Mövcud məsələlər qarşılıqlı ittihamlarla deyil, hüquqi mexanizmlər, faktlar və birbaşa dialoq əsasında həll edilməlidir".
Deputat qeyd etdi ki, Cənubi Qafqazın gələcəyi sülh və əməkdaşlıqdadır: " Ermənistan sülh istəyini siyasi addımları və davranışları ilə göstərməlidir. Sülh barədə açıqlamalar verib, eyni zamanda münasibətlərdə gərginlik yaradan və qarşılıqlı etimada zərər vuran addımlar atmaq sülh prosesinə uyğun deyil. Sülh istəyi əməli və konstruktiv addımlarla özünü göstərməlidir".
Cavanşir Abbaslı
Musavat.com
07 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ