İnsanlara hürriyət, millətlərə istiqlal!

Universitetlərdə ingilis və rus dilində tədris böhranı – Əsas SƏBƏBLƏR AÇIQLANDI

Azərbaycanda bəzi ali təhsil müəssisələrində tədrisi xarici dillərdə aparılan ixtisaslarla bağlı problemlər gündəmdədir. Tədrisin ingilis və rus dillərində təşkil olunmasına baxmayaraq, bir sıra hallarda həm tələbələrin, həm də müəllimlərin dil səviyyəsinin tədrisin keyfiyyətli aparılması üçün yetərli olmadığı bildirilir. İngilis dilində təhsil alan tələbələrin bir qisminin ixtisas fənlərini tam mənimsəməkdə çətinlik çəkdiyi, bəzi müəllimlərin isə dərsləri bu dildə sərbəst və keyfiyyətli aparmadığı qeyd olunur. Rus dilində tədris üzrə isə müəllim çatışmazlığının olduğu, dərslərin lazımi səviyyədə təşkil edilmədiyi bildirilir.

Bəs ali məktəblərdə xarici dillərdə tədrisin keyfiyyətinin aşağı olmasının əsas səbəbləri nələrdir?

WhatsApp Image 2026-09-07 at 16.44.45.jpeg (130 KB)

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov mövzu ilə bağlı Musavat.com-a fikrini bildirib:

“Ali təhsil məkanında qloballaşma tendensiyalarına uyğun olaraq xarici dillərdə tədris olunan ixtisasların miqyasının genişləndirilməsi strateji xarakter daşısa da, real təcrübədə görünən mənzərə kəmiyyət artımı fonunda ciddi struktur və keyfiyyət boşluqlarının yarandığını göstərir. Aparılan təhlillər əsasında qeyd etmək olar ki, ali məktəblərdə xarici dildə tədrisin keyfiyyətsizliyinin birinci əsas səbəbi institusional formalizmdir. Belə ki, universitetlər daxili mühiti, yəni akademik ünsiyyəti və inzibati idarəetməni həmin dillərə tam adaptasiya etmədən, sadəcə qəbul planını doldurmaq üçün bu proqramları açır. Nəticədə müəllimlər üçün zəruri olan ingilis dilində tədris metodologiyası və xarici dildə dərs keçmək bacarıqları təmin edilmir. İkinci mühüm səbəb kadr potensialının qeyri-balanslaşdırılmış strukturudur. İngilis dilli proqramlarda dərsləri çox vaxt dili yaxşı bilən, lakin elmi-pedaqoji təcrübəsi zəif olan gənclər, yaxud əksinə, ixtisası mükəmməl bilən, lakin dil səviyyəsi mühazirə deməyə imkan verməyən yaşlı nəsil apardığı üçün dərslərin səviyyəsi primitivləşir. Rus bölməsində isə kadrların kəskin qocalması və maddi motivasiya azlığı səbəbindən gənc nəslin ali təhsil mühitinə cəlb oluna bilməməsi nəticəsində dərin demoqrafik böhran yaşanır. Üçüncü amil tələbələrin anlama və dil hazırlığının zəifliyidir. Qəbul zamanı beynəlxalq dil tələblərinin (IELTS/TOEFL) deyil, yalnız test ballarının əsas götürülməsi auditoriyaya minimal bazası olmayan tələbələrin daxil olmasına zəmin yaradır. Bu isə tələbələri eyni anda həm mürəkkəb ixtisas anlayışını, həm də xarici dildəki terminoloji strukturu anlamağa məcbur edir. Nəticədə gənclər həm dil, həm də dərs yükünün gətirdiyi çətinliklərlə üz-üzə qalır və dərindən qavrama əvəzinə mexaniki əzbərçiliyə yönəlirlər. Nəhayət, dördüncü səbəb resurs təminatının səmərəsizliyidir. Yerli kontekstə uyğunlaşdırılmış milli dərsliklərin və universal akademik bazaların yoxluğu müəllimləri internetdən yığılmış pərakəndə slaydlardan istifadə etməyə məcbur edir ki, bu da tədrisin keyfiyyətini qaçılmaz olaraq aşağı salır”.

Fəlsəfə doktoru əlavə edib ki, problemin sistemli həlli üçün ali təhsil müəssisələrində xarici dildə dərs keçən heyət üçün məcburi beynəlxalq sertifikasiya tələblərinin qoyulması, tələbələrə ciddi dil imtahanlarının tətbiqi, differensiallaşdırılmış yüksək əməkhaqqı modelinə keçid və beynəlxalq ədəbiyyatların adaptasiyası üzrə universitetdaxili xüsusi mərkəzlərin yaradılması mütləqdir.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR