Onlayn ictimai-siyasi qəzet
Dünyada geosiyasi gərginliyin artması və əlverişsiz hava şəraitinin qlobal ərzaq bazarında qiymətlərə mənfi təsiri daha sərt hiss olunmağa başlayıb.
Musavat.com-un xəbər verdiyi kimi, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesablamalarına əsasən qlobal ərzaq əmtəələrinin qiymətləri avqust ayında 2022-ci ilin sonundan bəri ən yüksək səviyyəyə çatıb.
FAO-nun Ərzaq Qiymətləri İndeksi avqustda əvvəlki ayla müqayisədə 1,9 faiz, illik müqayisədə isə 2,5 faiz artıb.

İndeksdə aylıq yüksəlişə əsasən taxıl, şəkər və süd məhsullarının bahalaşması səbəb olub. Hesablamalara görə, avqustda dünya bazarlarında buğdanın qiyməti 2,6 faiz yüksəlib. Şəkərin qiymətində isə daha kəskin artım qeydə alınıb – bir ay ərzində 11,9 faiz bahalaşma baş verib.
10 əsas kənd təsərrüfatı məhsulunu izləyən “Bloomberg Agriculture Spot Index” avqust ayında 13 faizdən çox yüksələrək 2012-ci ilin iyulundan bəri ən yüksək aylıq artımını göstərib.
Gözləniləndən daha güclü El Niño hadisəsinin davam etməsi səbəbindən hava şəraiti ilə bağlı kənd təsərrüfatı risklərinin qısa müddətdə azalacağı gözlənilmir. Bu vəziyyət qlobal ərzaq bazarlarının yeni inflyasiya şoku ilə üzləşə biləcəyi ilə bağlı narahatlıqları artırır.
ABŞ-İran, Rusiya-Ukrayna münaqişələrinin yaxınmüddətli dövrdə bitməsi ehtimalı getdikcə daha aşağı qiymətləndirilir. Bu isə Qara dənizdən Rusiya və Ukraynanın aqrar ixracının bərpa olunmaması şəraitində qlobal ərzaq bazarında qeydə alınmaqda olan qısamüddətli bahalaşmanın ABŞ-İran münaqişəsinin gübrə qiymətlərinə təsiri nəticəsində uzunmüddətli artım tendensiyasına keçməsi təhlükəsi yaranıb.

Rusiya və Ukraynanın bir-birinin ixrac infrastrukturuna vurduğu zərər qarşılıqlı zərbələr dayandırıldıqdan sonra da ən azı 3-4 həftə ərzində aqrar ixracın əvvəlki həddə bərpa olunmasına imkan verməyəcək.
Ukrayna son iki ayda aqrar ixrac potensialının 25 faizi həddində ixraca nail ola bilib. Rusiyada bu göstərici daha yüksək olsa da, onun ümumi ixrac potensialı və qlobal ərzaq ticarətindəki payı nəzərə alındıqda, dünya bazarının ciddi itki ilə üzləşdiyini söyləmək olar. Rusiya qurumlarının açıqlamalarına əsasən 1-20 avqust tarixləri arasında ölkədən taxıl ixrac 2,5 dəfə azalaraq 1,4 milyon tona düşüb, buğda ixracı isə 2,6 dəfə azalıb. Sentyabr ayında ixracın daha 52,1-62,5 faiz azalaraq 1,8-2,3 milyon tona düşəcəyi gözlənilir ki, bu da 2010-cu ildən bəri ən aşağı səviyyədir.
Nəticədə, taxıl bolluğu daxili bazarda qiymətləri vurur: son bir həftə ərzində Rusiyada buğda, arpa, günəbaxan və soya paxlasının qiymətləri 3,3-8,5 faiz, son bir ildə isə 40 faizdən çox düşüb. Rusiya məhsulunun təxminən 10 faizini təmin edən Rostov vilayətinin taxılın normal ixrac edilə bilməməsi səbəbindən 28 avqustda fövqəladə vəziyyət elan etdiyi bildirilir.
Rusiya hökuməti istehsalçı və ixracatçıları dəstəkləmək üçün dövlət satınalmaları, güzəştli kreditlər, subsidiyalar və satılmamış məhsullarla təmin edilmiş kreditlər hazırlayır. İxrac rüsumlarının ləğvi və alternativ limanlara bahalı göndərişlər üçün kompensasiya da nəzərdən keçirilir.

Lakin bunun problemi həll edəcəyi gözlənilmir. Belə ki, Rusiya taxıl ixracının 70 faizə qədəri cənub limanlarından keçirdi və alternativ marşrutlar kifayət qədər tutuma malik deyil. Onlar həm də bahalıdır: Baltik dənizinə daşınma ton başına 30-50 dollara qədər əlavə xərc gətirir.
Mütəxəssislər dövlətin dəstək tədbirlərinin effektiv olmadığını bildirirlər: Dövlət əsasən taxılı anbarlarda saxlamaq üçün pul ödəyir. Güzəştli kreditlər tələbat yaratmayacaq, subsidiyalar liman tutumunu artırmayacaq və ucuz pul pozulmuş logistikanı əvəz etməyəcək. İxrac bərpa olunmazsa, ehtiyatlar artacaq, qiymətlər düşəcək və itkilər Rusiya büdcəsinə və banklarına keçəcək. Çünki taxıl istehsalçıları məhsulun əksər xərclərini kreditlər hesabına qarşılayıblar, indi onu satıb ödənişləri icra edə bilmirlər. Bu vəziyyət ən uzağı okityabrın ortalarına qədər aradan qaldırılmasa, növbəti ildə Rusiyada taxıl sahələrinin kəskin azalması qaçılmaz olacaq. Bu isə dünya bazarına daha uzunmüddətli mənfi təsir yaradacaq.
Azərbaycanda avqust ayı üzrə inflyasiya göstəricisi hələ açıqlanmayıb, lakin iyulun nəticələri prosesin sürətlənməsindən xəbər verir. Belə ki, iyul ayında qida məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz bahalaşıb.
Qlobal ərzaq bazarında hazırda gedən prosesi əksər mənbələr 2022-ci ildəki böhranlı vəziyyətlə eyniləşdirir. Azərbaycanda 2022-ci ildən sonra ərzaq təhlükəsizliyinin təmin olunması, ölkənin buğdaI kərə yağı, ət və diri heyvan idxalından asılılığının azaldılması istiqamətində müsbət nəticələrin əldə olunması nəzərə çarpmır.

May ayında Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda ərzaq təhlükəsizliyinin təmin olunması üçün bir sıra addımların atılması nəzərdə tutulur. Aqrar Subsidiya Şurasının bu gün açıqladığı məlumata əsasən növbəti ildən ölkədə heyvandarlığın inkişafı, buğda istehsalının artırılması üçün subsidiya mexanizminə bir sıra əlavələr ediləcək.
Şuranın qərarı ilə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) tədarükçü kimi qeydiyyatdan keçən süd emalı müəssisələrinə və süd toplama məntəqələrinə təhvil verilən soyudulmuş xam südün hər litrinə 7 qəpik, yaxud hər tonuna 70 manat subsidiya veriləcək. Kooperativlər vasitəsilə təhvil verilən süd üzrə subsidiya məbləği əlavə olaraq 20 faiz artırılacaq. Bu dəstəkdən yalnız EKTİS-də heyvanlarını bəyan edən, heyvanların identifikasiyası aparılan, sığorta edilən, südün soyudulması və müəyyən edilmiş keyfiyyət tələblərinə əməl olunması şərtlərinə əməl edən fermerlər yararlana biləcəklər.

Bundan əlavə, Şura örüş və otlaqlarda yem bazasının yaxşılaşdırılması məqsədilə xırdabuynuzlu heyvandarlığa subsidiya veriləcəyini də açıqlayıb. Qərarla istifadəsində azı 100 ha örüş və ya otlaq sahəsi olan 500 baş və ya daha artıq xırdabuynuzlu heyvan olan təsərrüfatlarda qeydiyyatda olan heyvana görə 4 manat subsidiya veriləcək. Subsidiyanın verilməsində əsas şərt təsərrüfatlara istifadə üçün verilmiş örüş və otlaqlarda münbitliyin və biomüxtəlifliyin artırılmasıdır.
Eyni zamanda Şura bəyan edir ki, taxıl əkinləri üzrə subsidiya məbləğləri suvarma üsulu və istehsalın ixtisaslaşması nəzərə alınmaqla diferensiallaşdırılıb. "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"na əsasən 22 ixtisaslaşmış rayonda müasir suvarma altında buğda əkininə ənənəvi suvarma və ya dəmyə üsulu ilə aparılan əkinlərdən 2 dəfə artıq, 400 AZN/ha subsidiya ödəniləcək. Ənənəvi suvarma və dəmyə əkini altında olan taxıl sahələri üzrə əkin subsidiyası 200 AZN/ha olaraq müəyyən edilib.
Bundan əlavə, müasir suvarma altında olan sahələrdə hər hektara ödənilən əkin subsidiyası kartof və tərəvəzlə yanaşı noxud, lobya və digər paxlalılar üçün 500 manata, bostan bitkiləri üçün isə 310 manata çatdırılıb.
Subsidiya mexanizmindəki dəyişikliklərin istehsala təsirini yəqin ki, 2027-ci ilin sonunda qiymətləndirmək mümkün olacaq. Lakin qoyulan şərtlər subsidiyaların əlçatanlığı ilə bağlı bəribaşdan ciddi şübhələr yaradır.
Dünya,
Musavat.com
07 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ