İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyana qarşı qiyam başlayır?

Rusiyaya yaxın mənbələr iddia edir ki, baş nazir üçün daha təhlükəli ssenari işə düşüb-sistemin daxilində itaətsizlik...


Nikol Paşinyanın hüquq-mühafizə sistemində apardığı siyasət artıq həmin strukturların daxilində ciddi narazılıq yaradıb.

Musavat.com Rusiyaya yaxın erməni mənbələrinə istinadən yazır ki, Baş nazirin son günlər ard-arda verdiyi sərt mesajlar və kütləvi işdən çıxarılma hədələri isə hakimiyyət daxilində vəziyyətin əvvəlkindən daha gərgin olduğunu göstərir. Ermənistanda siyasi qarşıdurma yeni mərhələyə keçir. Paşinyanın keçmiş prezident Robert Köçəryan, onun ailəsi, müxalif siyasətçilər və digər siyasi rəqiblərinə qarşı başladığı hüquqi təzyiqlər fonunda əsas sual artıq təkcə “kim həbs olunacaq?” deyil. Daha ciddi sual budur: Paşinyanın öz güc strukturları onun bütün göstərişlərini yerinə yetirməyə hazırdırmı?

Rusiyaya yaxın erməni mənbələrinin yaydığı məlumatlara görə, hüquq-mühafizə orqanlarında Paşinyanın siyasətindən narazılıq artır. Söhbət xüsusilə keçmiş hakimiyyət nümayəndələri və onların ailələrinə qarşı keçirilən əməliyyatlarla bağlı narahatlıqdan gedir. Həmin mənbələrdə bildirilir ki, bəzi əməkdaşlar gələcəkdə dəyişə biləcək siyasi vəziyyət fonunda qanunsuz göstərişlərin icraçısı kimi görünmək istəmirlər.

Gərginliyin əsas səbəblərindən biri Robert Köçəryanın ailəsinə qarşı keçirilən əməliyyat zamanı məlumat sızmasıdır. Avqustun 25-də Ermənistan Milli Təhlükəsizlik Xidməti və digər hüquq-mühafizə orqanları Köçəryan ailəsi ilə əlaqəli çoxsaylı ünvanlarda axtarışlar aparıb. Daha sonra keçmiş prezident və oğlu Sedrak Köçəryan saxlanılıb.

Lakin əməliyyatın ən çox diqqət çəkən tərəfi onun Köçəryan ailəsi üçün gözlənilməz olmaması idi. Ailənin evində Paşinyanın xüsusi təyinatlılarını qarşılayan uşaqların əlində “Xoş gəlmisiniz, MTX və İstintaq Komitəsi” yazılmış plakatın olması baş nazirin qəzəbinə səbəb olub. Ermənistan mediası yazır ki, Paşinyan hüquq-mühafizə sistemində əməliyyat barədə əvvəlcədən məlumat verən şəxslərin olduğunu düşünür.

Paşinyan isə bununla bağlı açıq şəkildə hədələyici mövqe nümayiş etdirib. O, məlumat sızdıranların tapılmasını tələb edib və əks halda hüquq-mühafizə sistemində kütləvi işdən çıxarmalara gedəcəyini bildirib. Baş nazir hətta “kim qarşıma çıxsa, işdən çıxaracağam” məzmununda sərt ifadələr işlədib.

Paşinyanın əsas narahatlığı isə ondan ibarətdir ki, onun siyasi rəqibləri hüquq-mühafizə sisteminin daxilindən məlumat əldə edə bilir. Erməni mətbuatında bu şəxslər artıq “köstəbəklər” adlandırılır. Paşinyan özü də hüquq-mühafizə orqanlarında keçmiş hakimiyyətlə əlaqəli şəxslərin qaldığını iddia edib və onların müəyyənləşdirilməsini tələb edib.
Məsələ bununla bitmir. Rusiyaya yaxın erməni mənbələrinin yazdığına görə, sistem daxilində narazılığın artması təkcə məlumat sızması ilə bağlı deyil. Söhbət artıq Picture background

Paşinyanın göstərişlərinin icrası ilə bağlı yaranan daxili müqavimətdən gedir. Bu iddialar hələ müstəqil mənbələrdən təsdiqlənməsə də, Ermənistan hakimiyyətinin davranışındakı dəyişiklik diqqət çəkir: Paşinyan getdikcə daha çox hüquq-mühafizə əməkdaşlarını açıq şəkildə hədələməyə başlayıb.

Eyni vaxtda müxalif siyasi qüvvələrə qarşı cinayət təqibləri genişlənir. “Güclü Ermənistan” partiyasının rəhbər şəxsləri Narек Karapetyan və Alik Aleksanyan barəsində istintaqın tamamlanaraq işin Antikorrupsiya məhkəməsinə göndərilməsi də bu prosesin bir hissəsi kimi təqdim olunur.

Müxalifət nümayəndələri ittihamları siyasi təqib kimi qiymətləndirirlər. Keçmiş prokuror və vəkil Raffi Aslanyanın “Hraparak”a açıqlamalarında da Ermənistanın siyasi mühitində demokratik rəqabətin ciddi şəkildə məhdudlaşdırıldığı vurğulanır. Deməli, Paşinyanın qarşısında artıq yalnız küçə və parlament müxalifəti deyil, hakimiyyət aparatının daxilində yaranan etimadsızlıq problemi də dayanır. Yəni Paşinyan öz güc aparatına əvvəlki qədər arxayın deyil.

Əgər əvvəllər baş nazirin əsas problemi siyasi rəqiblərinin müqaviməti idisə, indi onun üçün daha təhlükəli ssenari sistemin daxilində itaətsizliyin yaranmasıdır. Çünki müxalifəti təzyiq altında saxlamaq bir məsələdir, öz təhlükəsizlik və hüquq-mühafizə aparatına etimadı itirmək isə tamam başqa məsələdir. Paşinyanın ard-arda səsləndirdiyi işdən çıxarılma və sərt cəza hədələri də məhz bu narahatlığın göstəricisi kimi qiymətləndirilə bilər.

Əgər sistem daxilindəki narazılıq həqiqətən dərinləşirsə, bu, Ermənistan baş naziri üçün müxalifətin küçə aksiyasından daha ciddi təhlükəyə çevrilə bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR